Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:18

Ağcabədili: ‘Prezidentimiz dedi... 4 hektar pambıq əkdim’


Arxiv fotosu
Arxiv fotosu

"Prezidentimiz dedi, ‘pambıq əkək’, dedik, ‘cənab prezident, nə deyirik ki, əkək’... 4 hektar pay torpağımda pambıq əkdim. Halbuki, mən o torpağı heç vaxt əkmirdim, bilirdim ki, sadə kəndliyə torpaqdan məhsul götürmək nağıldır. Bunun suvarması, məhsul yığımı zamanı texnika problemi, hamısı problemdir. Bununla belə, sözə getdim, əkdim, budur, sahə susuzluqdan yanır, əkməyimə peşmanam".

Ağcabədi sakini Teymur Salahov pambıq əkməyinə peşman olub. Səbəb də əkindən əvvəl verilən vədlərin yerinə yetirilməməsidir.

Buna da bax:​ Biləsuvarlılar daha pambıq yığmaq istəmirlər

“KƏNDLİNİ QAZLAYIB BURAXIBLAR ORTAYA”

Bu vədlərdən ən başlıcası sahənin suvarılmasında problem yaşanmayacağı ilə bağlı olub. Gəl ki, indi hektarlarla ərazi susuzluqdan yanır. Xeyir dalınca qaçan kəndli özünü boğazadək zərərin içərisinə atıb:

"Tək mən deyiləm, 4, 5, 6, 7, hətta 10-20 hektarlarla pambıq sahəsi yanan kəndlilər, fermerlər var. Pambıq dəymədüşər bitkidir. Gərək suyunu bol edəsən. Sabah 4 hektar sahə gül açsa, mən batdım. Ev-eşiyimi bankda girov qoyub pul götürüb pambığa girişmişəm. İndi baxıram ki, su idarəsi suyu kəsir, pambıq zavodu əvvəlki şərtlərindən geri çəkilir, xammalın qiymətini öldürüb, az qala, 5 qəpikdən almaq istəyir. Bir sözlə, kəndlini qazlayıb buraxıblar ortaya, indi də sözlərini tutmurlar".

Buna da bax:​ 'Gilan' pambıq biznesini nəzarətə götürür [araşdırma]

15 gündür hektarlarla sahə suya həsrət qalıb, üstəlik də qızmar havalar vəziyyəti daha da çətinləşdirir, pambıq kolları çiçəkləyir. Fermerləri narahat edən də elə budur. "Pambıq çiçəklədisə, məhsuldan gözünü çək", deyirlər.

“NƏ DÖVLƏTİ DÜŞÜNƏN VAR, NƏ XALQI”

Pambıqçılıqla məşğul olan Ağcabədi sakini İsmayıl Kərimov da sahələrin susuz qalmasından gileylənir. O, 6 hektar sahədə əkdiyi pambıqdan gözünü çəkib:

"Uzaqbaşı, qazandığımla itirdiyim başa-baş ola bilər, ondan o tərəfə heç nə... Hamısı boşdur, adamların başını qatmaqdır, pambıqdan gəlir, qazanc gözləmək, iqtisadiyyatı qaldırmaq 21-ci əsrdə döyüşə tüfənglə getmək kimi şeydir. Bəlkə də mümkündür, ancaq bu məmurlarla yox. Hamı öz mənafeyini, öz cibini doldurur, nə dövləti düşünən var, nə xalqı..."

Buna da bax:​ Ekspert: 'Pambıq siyasəti valyuta gəlirlərini yox, valyuta xərclərini artırıb'

Ağcabədi rayon İcra Hakimiyyətində isə növbəti pambıq yığımına ümidlər böyükdür. Qurumdan "Qaynar xətt"ə bildirilib ki, kəndlilərin sözləri həqiqətəuyğun deyil:

"Bu sahənin inkişafı şəxsən başçının nəzarətindədir, pambıq sahələrinin inkişafından ötrü hər bir şərait yaradılıb, bu dəqiqə susuz qalan sahə yoxdur. Pambıq əkilən vaxtdan indiyədək sahələrə növbəylə bir neçə dəfə su verilib. Normasında suvarılır".

Qurumdan bildirilib ki, tək pambıq sahələri yox, başqa sahələr də suvarılır.

XS
SM
MD
LG