Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:58

'Seçkilər öncəsi vəziyyət nəinki ümidvericidir, əksinə...'-hüquq müdafiəçisi


Azərbaycanın toplaşma azadlığı qanunu İnsan haqları Konvensiyasına zidd sayılır
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Azərbaycanın toplaşma azadlığı qanunu İnsan haqları Konvensiyasına zidd sayılır (Video arxiv)

Azərbaycanda bu il iki seçkinin keçiriləcəyi gözlənilir. Söhbət həm parlament, həm də bələdiyyə seçkilərindən gedir.

Bələdiyyə seçkilərinin öz vaxtı elə bu ildir.

Azərbaycanda sonuncu parlament seçkiləri isə dörd il əvvəl növbədənkənar (altı ay vaxtından əvvəl) keçirilib. Bu, hakim düşərgədə "islahatların sürətləndirilməsi" istəyi ilə izah edilib. Hərçənd, bəzi müxalifət partiyaları onu "seçkinin tez-tələsik saxtalaşdırılması" adlandırıb. Azərbaycanda parlament seçkiləri, qanunvericiliyə əsasən, beş ildən bir keçirilməlidir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bugünlərdə deyib ki, bu ilin noyabrında növbəti parlament seçkiləri gözlənir. Onun sözlərinə görə, həmin ay Bakıda BMT-nin iqlim üzrə beynəlxalq tədbiri olacağından seçki bir qədər əvvələ də çəkilə bilər.

Bəs hazırda Azərbaycanda həm seçki qanunvericiliyi, həm də real vəziyyət azad və ədalətli seçkilərə imkan verirmi? Bu suala hakimiyyət təmsilçiləri, bir qayda olaraq, müsbət cavab verirlər.

Fazil Mustafa
Fazil Mustafa

"Əks halda bu..."

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa da "Turan"a bildirib ki, seçki prosesi qanunvericiliyə uyğun həyata keçiriləcək: "Qanunvericiliyin tələblərində nə varsa, onlar da gerçəkləşməlidir. Seçicilərlə görüşlərin keçirilməsi, müəyyən sərbəst toplaşmaq azadlığı və digər məsələlər təmin olunacaq".

Komitə üzvünün sözlərinə görə, bu prosesi başqa cür təsəvvür etmək mümkün deyil: "Çünki seçicilər ilə birbaşa təmas, reklam, tanıtım və bu kimi məsələlər çox önəmlidir və öz əksini tapmalıdır. Əks halda bu, azad seçki prinsipinə uyğun gəlməz. Ona görə parlamentə də, bələdiyyələrə də seçkilərin tam seçki qanunvericiliyinə uyğun keçirilməsi nəzərdə tutulur və belə də olmalıdır".

"Konstitusiya... iqnor edilir"

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov isə düşünür ki, Azərbaycanda söz, fikir, mətbuat, sərbəst toplaşmaq azadlığı sahəsində vəziyyət son dərəcədə pisdir. "Konstitusiya və Avropa Konvensiyası üzrə təsbit olunan fundamental normalar, çox təəssüf ki, rəsmi Bakı tərəfindən iqnor edilir. "Sərhədsiz Reportyorlar" təşkilatının mətbuat azadlığı reytinqinə görə, Azərbaycan bu il 13 pillə geriləyib və 180 ölkə arasında 164-cü yerdədir", - o, AzadlıqRadiosuna bildirib.

Rüfət Səfərov
Rüfət Səfərov

Ekspert ölkədə 30-dək jurnalist və müstəqil media əməkdaşının saxta motivlərlə həbs olunduğu qənaətindədir.

Onun sözlərinə görə, sərbəst toplaşmaq azadlığı sahəsində durum daha konkretdir: "2019-cu ildən bəri faktiki olaraq bu, yasaq edilib. Son beş ildə vətəndaş cəmiyyətinin nümayəndələri, müxalif təşkilatlar mitinq, yürüş üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, müraciətlərin hər biri geri çevrilib".

R.Səfərovun fikrincə, bu mənada, daha əvvəlki seçkilərdə olduğu kimi, qarşıdakı parlament və bələdiyyə seçkiləri ərəfəsində də bu durum dəyişməyəcək: "Dinamikaya baxanda vəziyyət nəinki ümidvericidir, əksinə, daha da pisləşir".

Xatırlatma

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda ümumilikdə 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

 'Elə bil ölkənin rəhbəri yoxdur' - Gədəbəydə sorğu
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

XS
SM
MD
LG