Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:09

Paşinyan: Brüssel görüşündə Laçın dəhlizi ilə bağlı konkret nəticə əldə olunmadı


Nikol Paşinyan
Nikol Paşinyan

İyulun 15-də Brüsseldə üçtərəfli görüşdə Laçın dəhlizinin açılması və Qarabağda humanitar böhranın qarşısının alınması yönündə konkret nəticə əldə olunmayıb. Bunu iyulun 20-də hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Brüsseldə Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.

“Siyasi baxımdan Aİ Şurasının prezidenti iclasın yekunlarına dair bəyanatında Laçın dəhlizinin açılmasının zəruriliyini, eləcə də Stepanakert (Xankəndi) və Bakı arasında dialoq vasitəsilə təhlükəsizlik və Dağlıq Qarabağ ermənilərinin hüquqları məsələsinin həllinin vacibliyini vurğulayıb.

Biz əminik ki, beynəlxalq müdaxilə və mexanizmlərsiz bu dialoq effektiv ola bilməz, ona görə ki, Bakı Dağlıq Qarabağ ermənilərinə qarşı aqressiv və hədələyici ritorikasını davam etdirir. Bunun dərin məqsədi isə, fikrimizcə, Dağlıq Qarabağda etnik təmizləmədir”, – Paşinyan vurğulayıb.

Rəsmi Bakı Qarabağda etnik təmizləmə aparmaq niyyəti haqda ittihamları indiyədək təkzib edib, Qarabağdakı ermənilərin öz vətəndaşları olduğunu bildirib.

Ermənistanın Baş naziri onu da qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli qərarlar yerinə yetirilməyib. Bu qərarlarda Azərbaycan üzərinə Laçın dəhlizini açmaq öhdəliyi qoyulur.

Paşinyanın fikrincə, bu müddətdə Laçın dəhlizinə və Qarabağa beynəlxalq faktaraşdırıcı missiya göndərmək zərurəti daha da kəskinləşib: “Eyni zamanda, Stepanakert və Bakı arasında beynəlxalq dialoq mexanizminin formalaşdırılması vəziyyətdən ən konstruktiv çıxış yoludur və bu istiqamətdə bütün səyləri göstərmək lazımdır”.

Azərbaycan XİN Paşinyanın dediklərinə cavabında qeyd edir ki, Laçın yolu ilə bağlı son 8 ayda təkrarların iddianın bir daha vurğulanması son zamanlar irəliləməkdə olan sülh müqaviləsi danışıqlarına maneçilik törətmək niyyətini göstərir. XİN Azərbaycanın bölgədə “etnik təmizləmə” həyata keçirmək yönündə addımlar atması haqda barədə Ermənistanın iddiası “olduqca yanlış və təhlükəli” adlandırır.

Xatırlatma

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu desə də, Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG