Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:31

Paşinyan Fransada Makronla görüşüb


Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 3-də Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb
Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 3-də Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 3-də Fransa prezidenti Emmanuel Makronla görüşündə Parisə Ermənistanı beynəlxalq səhnədə dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Ermənistanın hökumət başçısı Fransada keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının sammitində iştirak edəcək.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Ermənistan hökumətinin məlumatında deyilir ki, Makron öz ölkəsinin Ermənistana “qeyd-şərtsiz” dəstəyini bir daha təsdiq edib.

Rəsmi məlumata görə tərəflər yalnız ikitərəfli münasibətləri deyil, həm də Azərbaycan-Ermənistan münaqişəsini müzakirə ediblər.

Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bir daha dilə gətirib. Makron Yerevanın sülh səylərini, habelə Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması məsələsində Yerevanın mövqeyini dəstəklədiyini bildirib.

Azatutyun yazır ki, rəsmi Paris hələ ki, bu danışıqlar barədə heç bir açıqlama verməyib.

Bundan əvvəl

Ötən həftə BMT Baş Assambleyasında etdiyi çıxışda Makron demişdi ki, Fransa Azərbaycandan gələn təzyiqlər şəraitində “qəti şəkildə” Ermənistanın yanındadır.

Azərbaycan XİN buna cavab olaraq Fransa liderini “regionda qeyri-konstruktiv rol oynamaqda” ittiham etmiş və Parisi Ermənistanın silahlandırılmasını dayandırmağa çağırmışdı.

Ermənistan rəhbərləri bildirirlər ki, silahlar Ermənistana özünü silahlandırmaqda davam edən Azərbaycanın mümkün təcavüzündən qorunmaq üçün lazımdır. Yerevan bildirir ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən iki dəfə böyükdür.

Fransanın ovaxtkı xarici işlər naziri Stefan Sejürne bu ayın əvvəllərində Yerevana səfəri zamanı Fransanın Ermənistana hərbi dəstəyini müdafiə etmişdi.

O Azərbaycanı Yerevanın istəyinə uyğun olaraq sülh müqaviləsini tezliklə imzalamağa çağırmışdı.

Frankofoniya təşkilatı

Fransızdilli Ölkələrin Beynəlxalq təşkilatı hazırda, 54 üzv ölkəni, 7 assosiativ üzvü və 27 müşahidəçi ölkəni birləşdirir.

Təşkilat sözü gedən 88 ölkəyə onların beynəlxalq siyasətlərinin formalaşdırılmasında dəstək verir.

Bununla belə təşkilatın missiyası daha çox humanitardır. Bura fransız dilindən istifadənin genişləndirilməsi, ölkələr arasında mədəni-ticarət bağlarının möhkəmləndirilməsi, təhsil, qadınların hüquqları və rəqəmsal texnologiyaların yayılması kimi istiqamətlər daxildir.

Ermənistan Beynəlxalq Frankofoniya Təşkilatına 2018-ci ildə, hələ prezident Serj Sarkisyanın hakimiyyəti dövründə qoşulub.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Bakı ötən il Qarabağda keçirilən əməliyyatları "lokal antiterror tədbirləri", Yerevan isə "etnik təmizlənmə" kimi dəyərləndirib. Ondan sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Qarabağ münaqişəsi ilə bağlı əvvəlki illərdə ATƏT-in Minski qrupu vasitəçilik edib. ABŞ, Rusiya və Farnsa qrupda həmsədrlər idi.

XS
SM
MD
LG