Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:32

Paşinyan deyir, Azərbaycan Qarabağ erməniləri ilə danışıqları pozmaq istəyir


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan deyir ki, Azərbaycanın 5 mart “terror hücumu”nda bir neçə məqsədi vardı. Həmin gün Qarabağda silahlı insidentdə Azərbaycan iki hərbçisinin, erməni tərəf isə üç polis əməkdaşının öldürüldüyünü bildirib. Tərəflər bir-birini provokasiyada suçlayır.

Paşinyan martın 9-da hökumətin iclasında iddia edib ki, Azərbaycan tərəfinin birinci məqsədi Qarabağ erməniləri ilə danışıqları pozmaq və yeni hərbi provokasiya üçün zəmin yaratmaq idi. O, Qarabağdakı separatçı rejimin martın 8-də bəyanat yayaraq Azərbaycan danışığa hazırlıq ifadə etdiyini vurğulayıb. “Bu çox vacib bəyanatdır”, – Paşinyan deyib.

İndiyədək Azərbaycanla Qarabağ təmsilçilərinin bir neçə dəfə bir araya gəldiyi bildirilir. Rəsmi Bakı təmaslar üzrə təmsilçi də təyin edib.

“Saxta dəlil” ittihamı

“Bakı və Stepanakert (Xankəndi) arasında fasiləsiz, institusional söhbətin davam etməsi üçün etibarlı beynəlxalq mexanizmlər yaradılmalıdır... 5 mart provokasiyasının digər məqsədi Ermənistandan Dağlıq Qarabağa silah, sursat daşınmasına dair saxta dəlil düzəltmək idi. Bu mövzu Azərbaycan üçün xüsusilə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral qərarından sonra vacibdir. Məhkəmə Azərbaycanın Ermənistana qarşı müvəqqəti tədbir görmək tələbini rədd edib. Azərbaycan Ermənistanı mina daşımaqda ittiham edirdi. Beləliklə, beynəlxalq platformalarda Ermənistana qarşı minalı sahələrlə bağlı aylarla sürən əsassız ittihamlar iflas etdi; bu həddən artıq vacib məsələdir”, – Paşinyan vurğulayıb.

Azərbaycan Qarabağdakı son insidentdən sonra Rusiya sülhməramlılarını Qarabağa hərbi daşımaları müşayiət etməkdə ittiham edib. Ermənistan isə ittihamları “dezinformasiya” adlandırıb.

Paşinyan iddia edib ki, Azərbaycanın daha bir vacib məqsədi qanlı terrorçuluqla yeni informasiya axını formalaşdırmaq, bununla da Beynəlxalq Ədalət Məhkəməsinin laçın dəhlizinin yenidən açılmasıyla bağlı qərarını yerinə yetirmədiyini ört-basdır etmək olub.

Beynəlxalq faktaraşdırıcı missiya

Sözügedən qərar Azərbaycan üzərinə Laçın dəhlizi ilə insanların, maşın və yüklərin hər iki istiqamətdə azad hərəkəti üçün bütün tədbirləri görmək öhdəliyi qoyulub. Dekabrdan bir qrup azərbaycanlı Laçın-Xankəndi yolunda aksiya keçirir, Qarabağdakı filiz mədənlərinin “qanunsuz istismarı”na etiraz etdiklərini deyirlər. Rəsmi Bakı yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Paşinyan bütün bunları nəzərə alaraq Qarabağa və Laçın dəhlizində beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsinin vacibliyini vurğulayıb. O bunun Azərbaycanın yeni təcavüzünün qarşısını alacağını bildirib. Baş nazir Ermənistanın regionda sülhə sadiqliyini vurğulayıb.

Rəsmi Bakı bu ittihamlara hələlik, cavab verməyib. Ancaq indiyədək rəsmi bəyanatlarda Ermənistanın sülh prosesini pozduğu qeyd edilib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb. Qarabağda ermənilər yaşayan yerlərə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG