Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:07

Məhkəmə buraxdı, polis tutdu: '4 gündür məni döyüb öldürürlər...'


İsmayıl Qəhrəmanov
İsmayıl Qəhrəmanov

Qəhrəmanovun sözlərinə görə, işgəncənin məqsədi oğurluqla bağlı cinayəti üzərinə götürməsidir.

Oktyabrın 10-da gecə saatlarında Xətai rayon Məhkəməsində hakimin qərarı ilə azadlığa buraxılsa da, məhkəmənin qapısında polislərin zorla tutub apardığı İsmayıl Qəhrəmanova qarşı oğurluq ittihamı irəli sürülüb. O, Xətai rayonundakı mənzillərin birindən 50 manat pul, 450 manat dəyərində gümüş bəzək əşyaları və 1000 rus rublu oğurlamaqda suçlanır. Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

2019-cu ildə həbsdən buraxılıb

Bu qurumun bölmə rəisi Zeyni Hüseynovun bildirdiyinə görə, sözügedən mənzil oğurluğu haqda polisə oktyabrın 10-da məlumat daxil olub: "Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun İsmayıl Qəhrəmanov tərəfindən törədildiyi müəyyənləşdirilib".

İddia olunur ki, Xətai rayonu, 36-cı polis şöbəsinin əməkdaşları 27-yaşlı Qəhrəmanovu saxlayıb, onun idarə etdiyi avtomobildən oğurluq əşyalar tapılıb: "Aparılan araşdırmalarla müəyyən olunub ki, o, Binəqədi rayonu ərazisində də iki mənzildən oğurluq edib".

DİN rəsmisi vurğulayıb ki, Qəhrəmanov hələ yetkinlik yaşına çatmadığı dövrdə Bakıda ümumilikdə 96 dəfə mənzil oğurluğu törətməyə görə 10 il azadlıqdan məhrum edilib. O, 2019-cu ildə həbsdən buraxılıb.

"Araşdıranda görüb ki, 36-cı polis bölməsinin həyətidir"

Onun qardaşı İbrahim Qəhrəmanov isə deyir ki, İsmayılın oktyabrın 10-da polisə daxil olmuş oğurluq şikayəti ilə əlaqədar saxlanması absurddur. Onun sözlərinə görə, qardaşı oktyabrın 6-dan 36-cı polis bölməsində olub və bunu sübut edən faktlar var.

Qəhrəmanov deyir ki, qardaşının saxlanmasından onun taksi kimi idarə etdiyi avtomobilin sahibi vasitəsilə xəbər tutublar: "Sahibi avtomobilə GPS qoşub, onun vasitəsilə görüb ki, avtomobil altı saatdır yerindən tərpənmir. Araşdıranda görüb ki, 36-cı polis bölməsinin həyətidir. Ora gedib, deyiblər ki, saxlanılıb. Bizə də o, xəbər vermişdi. Bundan başqa, mənim oradakı polisə yazdığım mesaj var, onun da yazılma tarixi sübut edir".

"Əvvəl oğurluğa görə həbsdə olub deyə, indi açılmayan nə oğurluq işi varsa, bunun boynuna qoyurlar", – qardaşı əlavə edib.

İsmayıl Qəhrəmanovun oktyabrın 10-da narkotik ittihamı ilə məhkəmə qarşısına çıxarılmasına gəlincə, DİN əməkdaşı iddia edib ki, o, saxlanılarkən qeyri-adekvat davranışlarına görə narkoloji müayinədən keçirilib. Müayinə zamanı narkotik qəbul etdiyi müəyyənləşib. Bu məsələ ilə bağlı materiallar məhkəməyə göndərilsə də, məhkəmə onun buraxılması haqda qərar çıxarıb.

"Boynuma oğurluq cinayətini qoymaq istəyirlər"

Sosial şəbəkələrdə oktyabrın 10-da axşam saat 22.00 radələrində Xətai rayon Məhkəməsinin dəhlizində çəkildiyi iddia olunan videogörüntülər yayılıb. Həmin görüntülərdə İsmayıl Qəhrəmanov adlı şəxs oktyabrın 6-dan Xətai rayonu, 36-cı polis bölməsində işgəncələrə məruz qaldığını bildirir. Onun sözlərinə görə, işgəncənin məqsədi oğurluqla bağlı cinayəti üzərinə götürməsidir.

Videoda şəxsin sifət nahiyəsində xəsarət izləri də aydın görünür.

36-cı polis bölməsində Qəhrəmanov haqqında İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə protokol tərtib edilib, həbs olunması üçün məhkəməyə gətirilib. Oktyabrın 10-da axşam saat 21.00 radələrində bu işə baxan hakim Qəhrəmanovu həbsə göndərməyib, onun haqqında cərimə qərarı çıxarıb. Sözügedən videogörüntülər də Qəhrəmanov məhkəmə zalında azad ediləndən az sonra – məhkəmə binasının dəhlizində çəkilib.

“Mən məhkəmədən buraxılmışam, amma polislər gəlib məhkəmənin qarşısında dayanıblar, məni yenə götürüb aparmaq istəyirlər. Boynuma oğurluq cinayətini qoymaq istəyirlər. Sir-sifətimə baxın, dörd gündür məni döyüb-öldürürlər. Xahiş edirəm, dövlətim kömək eləsin mənə...”, – Qəhrəmanov videoda deyir.

O, məhkəmə binasından çıxanda dərhal mülki geyimli şəxslər onu zorla tutub maşına mindirərək, 36-cı polis bölməsinə gətiriblər.

"Üzündəki xəsarətlərdən də görünür ki..."

Ailə üzvlərinin AzadlıqRadiosu-na bildirdiyinə görə, Qəhrəmanovun hüquqlarını müdafiə etmək üçün vəkillə müqavilə bağlasalar da, müdafiəçini onunla görüşməyə qoymayıblar.

“Vəkil əlində orderlə 36-cı bölməyə gedib, lakin müxtəlif bəhanələrlə onu görüşməyə qoymayıblar. Gah dedilər, “rəis yoxdur”, gah dedilər, “sabah gələrsən”. Üzündəki xəsarətlərdən də görünür ki, bu günlər ərzində oğurluğu boynuna qoymaq üçün onu necə döyüblər. Özünün dediyinə görə, iki gündür, ağzından qan gəlir”, – qardaşı İbrahim Qəhrəmanov AzadlıqRadiosu-na belə deyib.

Ailə hesab edir ki, Qəhrəmanov oğurluqla bağlı etiraf ifadəsi vermədiyinə görə ona qarşı narkotik ittihamı irəli sürülüb. Onların fikrincə, məhkəmədən həbs qərarı alıb, bundan sonra da polis bölməsində saxlamaqla, etiraf edənə qədər ona işgəncə vermək istəyiblər: “Görünür, hakimin həbs qərarı verməməsi planı pozdu. Ona görə də məhkəmədən çıxan kimi, yenə zorakılıqla götürüb apardılar”.

DİN görüntülərin araşdırıldığını deyir

Daxili İşlər Nazirliyi (DİN) də sosial şəbəkələrdə yayılan bu görüntülərə reaksiya verib.

“Oğurluq əməlində şübhəli bilinən şəxsin 36-cı polis bölməsində döyülməsi iddiaları ilə bağlı araşdırma aparılır”, – nazirliyin mətbuat xidmətindən AzadlıqRadiosu-na bildirilib.

DİN indiyədək saxlananlara işgəncə verilməsi haqda iddiaları rədd edib.

Oktyabrın 9-da Nərimanov rayon Polis İdarəsində saxlanılan şəxsin ölümü baş verib. Xuliqanlıq ittihamıyla tutulan Elşad Seyidov polis idarəsində ölüb.

Daxili İşlər Nazirliyi Seyidovun qəfil ürək tutmasından vəfat etdiyini açıqlayıb.

XS
SM
MD
LG