Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:52

Prezident: 'Elə hallar var ki, vətəndaşları incidirlər...'


İlham Əliyev Mərdəkan-Qala yolunun açılışında
İlham Əliyev Mərdəkan-Qala yolunun açılışında

“Əsas odur ki, vətəndaşları narahat edən məsələlər öz həllini tapsın. Hər yerdə, hər bir dövlət məmuru, icra başçısı, bələdiyyə sədri, hər bir dövlət təşkilatında çalışan məmur vətəndaşlara xidmət etməlidir”.

AZƏRTAC-ın məlumatına görə, bunu prezident İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışındakı çıxışında bildirib.

Dövlət başçısının sözlərinə görə, əfsuslar olsun ki, hər yerdə belə deyil: “Elə hallar var ki, vətəndaşları incidirlər, onların haqları tapdalanır, onların problemlərinə biganə yanaşılır”.

Prezidentin vurğulamasına görə, hər bir dövlət məmuru bilməlidir ki, onun başlıca vəzifəsi vətəndaşlara xidmət etməkdir:

“Ancaq buna nail olmaq üçün çox ciddi ictimai nəzarət olmalıdır. Ona görə insanları narahat edən məsələlər, harada ki, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir. Onlar müraciətdə öz əksini tapmalıdır ki, biz bunları həll edək. Əminəm ki, belə də olacaq. Bütün dövlət məmurları bilməlidirlər ki, onlar vətəndaşlara vicdanla xidmət etməlidirlər. Təyin edilmiş hər bir icra başçısının qarşısına qoyduğum birinci vəzifə bundan ibarətdir”

Dövlət başçısı deyib ki, vətəndaşların rifah halı, onların iqtisadi, maliyyə vəziyyəti ildən-ilə daha da yaxşılaşır:

“Əgər əvvəlki dövrü götürsək görərik ki, pensiyalar, maaşlar təqribən 10 dəfəyə yaxın artıb. Ancaq bu gün bu, bizi qane edirmi? Yox. Nə etməliyik? Daha da fəal işləməliyik, iqtisadiyyat daha da sürətlə artmalıdır, sərmayə yatırılmalıdır, bürokratik əngəllər aradan qaldırılmalıdır, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır. Yerli icra orqanları çalışmalıdırlar ki, investisiyaları cəlb etsinlər. Çünki iqtisadi artım olmasa, onda bizim maliyyə imkanlarımız da olmayacaq. Bütün bu məsələlər bir-biri ilə bağlıdır...”

Xatırlatma

Azərbaycan prezidenti İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib.

Mərdəkan-Qala yolu 5,2 kilometr uzunluğundadır. Verilən məlumata görə, bu yolun 400 metrlik hissəsinin eni 18 metr olmaqla 1-ci texniki dərəcəlidir, yəni 4 hərəkət zolaqlıdır. Digər hissənin eni isə 9 metr olmaqla 2-ci texniki dərəcəyə aiddir, 2 hərəkət zolaqlıdır.

XS
SM
MD
LG