Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:52

Deputat Cavanşir Feyziyev: 'Baş nazirin birinci müavininin 7 min dolları olmayacaq?'


Cavanşir Feyziyev
Cavanşir Feyziyev

«Bu gülüncdür. Biz Avropa Parlamentinin və ya Avropa Şurasının üzvlərinə rüşvət verildiyini iddia ediriksə, deməli, Avropa özü rüşvət içində batıb gedir. Bəs belədirsə, Avropa qurumlarının Azərbaycana və ya başqa ölkələrə irad tutmağa nə haqqı var?.. Belədirsə, gəlin Avropayla məşğul olaq, görək niyə bu qədər rüşvətə qurşanıblar? Avropalılar rüşvət alıb səs verirlərsə, onda yenicə demokratiya yoluna çıxan dövlətlərdən nə istəyirlər? Bu, məntiqsizdir».

Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, adı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin – OCCRP-nin «Azərbaycanın pulyuyan maşını» araşdırmasından hallanan deputat Cavanşir Feyziyev AzadlıqRadiosuna müsahibədə belə deyir.

Deputat Cavanşir Feyziyev: «130 milyon dollar nədir ki!..»
Gözlə

No media source currently available

0:00 0:13:35 0:00
Direct-ə keçid

– Cavanşir bəy, həmin araşdırmada Sizin də adınız çəkilir və həmtəsisçisi olduğunuz «Avromed» şirkətinə «çirkli pul fondundan» 130 milyon dollar köçürmə edildiyi bildirilir. Belə bir məbləğ sizin şirkətə niyə köçürülüb?

– Belə bir şeyi mən də oxudum anons şəklində. Mən «Avromed»i 2002-ci ildə təsis etmişəm və 2010-cu ilə qədər onu idarə etmişəm. Həmin il seçki ərəfəsində «Avromed»dən çıxmışam, idarəetmədən uzaqlaşmışam, sadəcə səhm sahibi kimi qalmışam. Qanunvericilik buna imkan verir. Səhmləri satandan sonrasa hüquqi baxımdan şirkətin fəaliyyətinə təsir etmək imkanım yoxdur.

– Siz səhmlərinizi satmısınız?

– 2015-ci il seçkilərindən sonra səhmlərimi satmışam. «Avromed»ə heç bir bağlılığım yoxdur. Bu öz yerində. Digər tərəfdən, «Avromed»ə vəsaitlər köçürülüb. Bu, biznes qurumudur. Bütün MDB ərazisində müştəriləri var və bütün dünyadan bura mal göndərən istehsalçı şirkətlər var. Ona görə «Avromed»ə dünyanın hər yerindən pul da gələ bilər, «Avromed»dən dünyanın hər yerinə pul da gedə bilər. Mən əminəm ki, nə mən «Avromed»də işləyəndə, nə də ondan sonra bu şirkət tərəfindən nə hər hansı qeyri-hökumət təşkilatına, siyasi institutlara pul köçürülə bilərdi, nə də onlardan «Avromed»ə. Bu, istisna olunur, 100 faizli. Mən yeddi ildir parlamentə seçilmişəm və 2017-ci ilin yanvarından Avropa İttifaqı-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin həmsədriyəm. Yeddi ildir «Avromed»lə heç bir əlaqəm yoxdur. Belə olan halda onun siyasətə, bizim Avropa İttifaqı ilə əlaqələrimizə nə dəxli var ki? Sadəcə, bir vaxt mənim «Avromed»də təsisçi olmağımı bugünkü fəaliyyətimlə bağlamağa çalışırlar. Qanun var və burda heç bir əlaqə ola bilməz.

– Bəzən səhm sahibi və ya təsisçi şirkətdən rəsmən, hüquqi şəkildə getsə də, de-fakto söz sahibliyini qoruyub saxlayır. Cavanşir Feyziyevin də «Avromed»in idarəçiliyində hansısa formada iştirakı və ya müəyyən məsələlərdə hələ də söz sahibi kimi qalması mümkündürmü?

– Mənim bunda heç bir marağım yoxdur. Mən səhmlərimi satıb pulumu almışam. Əgər səhmlərimi satmasaydım, siz dediyiniz situasiyanı fərz etmək olardı. Amma bir halda ki, adam öz səhmlərini satıb, şirkətdən tamam çıxıb, o, orda necə söz sahibi olaraq qala bilər? Hətta söz sahibi kimi qalmış olsam belə, «Avromed»in hər hansı siyasətçiylə, qeyri-hökumət təşkilatıyla və ya beynəlxalq bir qurumla istənilən şəkildə əlaqəsini göstərə biləcək şəxs varsa, göstərsin. O zaman mən də, orda işləmiş adamlar da, indi işləyənlər də məsuliyyət daşımağa hazırıq. Amma belə əlaqə olmayıb, indən sonra da olmayacağına əminəm, bu, bir biznes qurumudur. «Avromed»ə girən, burdan çıxan pullar dünyanın tanınmış şirkətləriylə keçirilən əməliyyatların nəticəsidir. Bu cür yazıları maliyyəçilər, iqtisadçılar, siyasətçilər oxuyanda dərhal başa düşürlər ki, bunun arxasında nə durur. Sadə insanlar isə sadəlövhdürlər deyə, inanırlar və çox güman məqsəd də sadə insanlara yönəlib. Burda hər hansı bağlantı sübuta yetirilsə, mən cavab verməyə hazıram. Vəkillərlə də danışıram, bəlkə məhkəməyə də getmək olar. Bu, quraşdırmaya oxşayır.

– O zaman deyə bilərsinizmi, jurnalist araşdırmasında iddia olunan 130 milyon dollar «Avromed»ə nə məqsədlə köçürülüb?

– 130 milyon dollar nədir ki, «Avromed» şirkətinin dövriyyəsi ondan qat-qat çoxdur, 130 milyon yox, bəlkə də 530 milyon dollar da köçürülə bilər. Amma bir şey var, heç bir köçürmə onun üçün əsas verən sənəd təqdim edilmədən baş tuta bilməz, xüsusilə də Avropada. Əgər Avropada «Avromed»in hesabına bir bankdan pul köçürülübsə, mütləq bunun təyinatı, müqavilənin surəti və invoysu göstərilməlidir. Araşdırmaçılar bunu tapıblarsa, kağızı çevirib arxasına baxsınlar ki, bu pul nə üçün köçürülüb? O zaman görəcəklər ki, bu ya dərman preparatlarının alınması və ya satılması üçündür, yaxud da tibbi avadanlıqlar almaq üçündür. «Avromed»də tibbə aid mal və məhsullara dair ödənişlərdən başqa heç bir ödəniş olmayıb, ola da bilməz. Bunu da tapmaq çətin deyil.

– Niyə bu köçürmələr balıqqulağı şirkətlər vasitəsilə aparılır?

– Dünyada elə ölkələr var ki, onlarda milli valyutanın konvertasiyası yoxdur. Tutalım, Tacikistanda, Özbəkistanda, Türkmənistanda. Bu ölkədəki müştərilərlə birbaşa tranzaksiya etmək mümkün deyil. O zaman bizim müştərimiz olan şirkətlər alternativ yollarla, üçüncü tərəf vasitəsilə pullarını çatdırırlar. Yenə də istənilən halda pul leqal sənədlər vasitəsilə köçürülür. Gizli olsa, çamadana yığıb aparıb əlbəəl verərdilər də. Niyə sənəd ortada olsun? Sənədsiz Avropa bankı necə pul köçürsün?

– Vaxtaşırı Azərbaycanın ünvanına iddialar səslənir ki, hakimiyyət avropalı siyasətçiləri rüşvətlə, bahalı hədiyyələrlə ələ alır və s. Elə son araşdırmada da eyni suçlamalar var. Beynəlxalq qurumlarla çalışan deputat kimi bu haqda nə deyə bilərsiniz, deyilənlərin əsası ola bilərmi?

– Bu gülüncdür. Biz Avropa Parlamentinin və ya Avropa Şurasının üzvlərinə rüşvət verildiyini iddia ediriksə, deməli, Avropa özü rüşvət içində batıb gedir. Bəs belədirsə, Avropa qurumlarının Azərbaycana və ya başqa ölkələrə irad tutmağa nə haqqı var? Mən avropalı siyasətçiləri tanıyıram, onlarla ünsiyyətdə oluram. Əminəm ki, Avropa siyasətçisinə pul verərək onu bu və ya başqa şəkildə səs verməyə vadar etmək mümkün deyil. Rüşvət məsələsini jurnalist araşdırması aparanlar iddia edirlər. Belədirsə, gəlin Avropayla məşğul olaq, görək niyə bu qədər rüşvətə qurşanıblar? Avropalılar rüşvət alıb səs verirlərsə, onda yenicə demokratiya yoluna çıxan dövlətlərdən nə istəyirlər? Bu, məntiqsizdir.

– Ancaq fakt budur ki, rüşvət aldığı iddia edilən AŞPA-nın keçmiş üzvü Luca Volonte ilə bağlı İtaliyada istintaq gedir. Eləcə də Avropa Şurası Azərbaycanın da adı hallanan korrupsiya ittihamlarına reaksiya verərək təhqiqata başlayıb.

– Tamamilə düzdür. Siz də dediniz ki, araşdırma gedir. Amma sübut varmı? Tapılacaqmı? Bu cür iddialar təzə deyil, 10 il qabaq da olub, beş il qabaq da. Amma bir sübut, nümunə göstərmək olarmı ki, bu cür iddia irəli sürülən siyasətçilərin rüşvət alması isbat olunub, məhkəmə də bunu təsdiq edib?

– Amma araşdırma gedir.

– Araşdırma gedir, əla. O zaman qabağa qaçıb niyə hökm veririk? İstintaq, məhkəmə sübut edəcəksə ki, Luca Volonte rüşvət alıb, o zaman cəzasını da çəkəcək. Amma bir nəfər rüşvət alıbsa, buna görə bütün Avropa Şurasını, Avropa Parlamentini, Azərbaycanı günahlandırmaq məntiqsiz görünür, rasional deyil. Hesabatda iddia olunduğu kimi, Avropa qurumlarında qərarlar rüşvətlə qəbul olunursa və Azərbaycan da burda iştirak edibsə, niyə Azərbaycan əleyhinə qərarlar çıxır?

– Son illər belə qərarların sayı nisbətən azalmaqdadır. Bunun da səbəbi rüşvət, korrupsiya ilə izah olunur bəzən. Məsələn, iddialara görə, məhz Volonte Azərbaycan hakimiyyətindən aldığı 2 milyon dollar müqabilində 2013-cü ilin yanvarında AŞPA məruzəçisi Strässer-in hesabatının əleyhinə səs verilməsinə nail olub, Azərbaycanda insan haqları, siyasi məhbuslarla bağlı qərarın qəbulu əngəllənib.

– Onlar bir şeyi nəzərdən qaçırırlar. Birincisi, Azərbaycanda islahatlar gedir, ildən-ilə nəsə dəyişir. Ona görə bu cür qətnamələr də azalır. Onlarla siyasətçi tanıyıram ki, Azərbaycana gəlmədən, görmədən ölkənin əleyhinə danışırdılar. Amma gəlirlər, ölkəni görür, tanış olurlar, fikirləri dəyişir və ədalətli olmağa, düzgün olmağa çalışırlar. Həqiqətləri biləndən sonra Azərbaycanın mövqeyini müdafiə etməyə başlayırlar. Dərhal bizə qarşı olan qüvvələr həmin adamları şantaj etmək üçün bu cür hesabatları ortaya atırlar. Bu araşdırmaya gəlincə, onu istintaq orqanı araşdıra bilər, burdakı iddialar fakt kimi qəbul olunmur, o zaman fakt kimi qəbul olunar ki, məsuliyyətli orqanlar bunu təsdiqləsinlər.

– Həmin araşdırmada konkret adlar, ünvanlar və eləcə də köçürmələrin məbləği göstərilir. Sizcə...

– Köçürmənin məbləği bunlarda varsa, bunun təyinatını da göstərsinlər.

– Məsələn, Almaniyada və ABŞ-da konkret klinikalara, yüksəkvəzifəli şəxsin – baş nazirin birinci müavini Yaqub Eyyubovun övladlarının şirkətlərinə köçürmələr qeyd olunub.

– Tutalım, kimsə Almaniyada müalicə alıb, pul köçürübsə, burda nə kriminal var? Niyə ola bilməz? Niyə adam Almaniyada müalicə ala bilməz və pul köçürə bilməz?

– Sual odur ki, baş nazirin birinci müavininin bu qədər pulu haradandır?

– Mən oxudum onu, xəstəxanaya 7 min köçürülüb. Baş nazirin birinci müavininin 7 min məbləği olmayacaq?

– Ancaq araşdırmada söhbət təkcə 7 min dollardan getmir. Ayrı-ayrılıqda klinikalara köçürülən vəsait təxminən 30-40 min dollardır. Eyni zamanda, baş nazirin birinci müavinin övladlarının adına olan şirkətlərə milyonlarla köçürmələrin edildiyi deyilir.

– Detalları bilmirəm. Amma bir şeyi bilirəm, hər hansı köçürmə olubsa, araşdırmaçılarda bunu təsdiqləyən sənəd varsa, onun detallarını açıqlamaları üçün heç bir problem yoxdur. Bunu açıqlamırlarsa, deməli, bunu əsaslandıran faktlar var, ona görə açıqlamaq istəmirlər. Heç bir bank havadan pul köçürmür. Bunu hüquq-mühafizə orqanları araşdırmalıdır ki, bu qanunidir, ya yox. Bunları bilmədən kimsə kiməsə pul köçürüb deyirlər. Çox yaxşı, ola bilər. Dünyada hər gün trilyonlarla pul köçürülür. Hamının işi var, biznesi var, əməliyyatı var. Bu da sənədsiz olmur. Bir var gizli pul tutasan, qanunsuz yolla, çamadanla aparılıb çatdırıla, o, şübhə doğurar. Bu pullar qanuni yolla bir ünvandan başqasına köçürülüb.

– Cavanşir bəy, bəlkə bu araşdırma ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlamalıdır?

– Heç şübhə etmirəm ki, Azərbaycan hökumətinin bu işlərə məsul qurumları həmin məsələylə artıq məşğuldurlar. Bu mənim işim deyil. Ancaq hesab edirəm ki, hüquq-mühafizə orqanları yəqin yayılan məlumatları yoxlayırlar və yəqin nəticəni elan edərlər.

XS
SM
MD
LG