Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:41

Almaniyadan deportasiya edilən siyasi mühacirə 6 il həbs cəzası kəsildi


Pünhan Kərimli
Pünhan Kərimli

AXCP üzvü satış məqsədilə külli miqdarda narkotik əldə etməkdə təqsirli sayılıb

Readmissiya qaydasında Almaniyadan Bakıya deportasiya olunandan az sonra həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Pünhan Kərimli 6 il azadlıqdan məhrum edilib. İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

AXCP üzvü satış məqsədilə külli miqdarda narkotik əldə etməkdə təqsirli sayılıb. Cinayət işinin materiallarında iddia olunur ki, Kərimli saxlanılanda həmin narkotik maddə üstündən tapılıb.

Lakin iyulun 27-də hökm oxunmamışdan öncə siyasi fəal son sözündə təqsirsiz olduğunu, narkotiki cibinə polislərin özlərinin atdığını bildirib. O, Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyasından bəraət hökmü çıxarılmasını istəyib.

“Narkotik bəhanədir”

AXCP fəalı vurğulayıb ki, onu narkotiklə şərləməkdə məqsəd siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırmaqdır:

“Məni siyasi fəaliyyətimə görə həbs ediblər. Narkotik isə bəhanədir. Onsuz da kimi həbs eləmək istəyirlər, cibinə narkotik atırlar. Əsl səbəb mənim siyasi baxışlarım, Azərbaycanda insan haqlarının pozulmasına görə Almaniyada keçirilən etiraz aksiyalarında iştirak etməyimdir”.

Kərimli saxlanılıb polis idarəsinə aparılarkən və daha sonra idarədə işgəncəyə məruz qalmasından da danışıb.

O, bəraət istəsə də, bir neçə dəqiqəlik müşavirədən sonra hakimlər onun 6 il azadlıqdan məhrum edilməsi haqda ittiham hökmünü elan edib.

Kərimlinin vəkili Cavad Cavadov AzadlıqRadiosu-na bildirib ki, hökm əsassızdır. Müdafiəçi hökmdən apellyasiya şikayəti verəcəyini əlavə edib.

Xatırlatma

33-yaşlı Pünhan Kərimli 2021-ci ilin noyabrında Almaniyadan deportasiya edilib, 2022-ci il yanvarın 25-də həbs olunub.

“Mənə açıq şəkildə dedilər ki, prezidenti tənqid etdiyinə, Almaniyada etiraz aksiyalarında iştirakına görə həbs olunursan. Məndən narkotik tapılmayıb, cibimə özləri atıblar”, - o, məhkəmədə ifadə verərkən belə deyib.

2021-ci ilin sentyabrından ötən müddətdə Almaniyadan deportasiya edilən 6 nəfər siyasi fəal həbs edilib. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb.

Lakin mühacirlərin hamısı ittihamları rədd edir, Almaniyadakı etiraz aksiyalarında iştiraklarına, sosial şəbəkələrdəki tənqidi paylaşımlarına görə şərləndirklərini deyirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi haqda iddiaların əsassız olduğunu bildirib:

“Bu cür fikirlər qətiyyən həqiqətə uyğun deyil”.

XS
SM
MD
LG