Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:45

Köçkün prezidenti məhkəməyə verir


İllüstrasiya
İllüstrasiya

►Heç bir vəkil yaxın durmayıb

“Dekabrın 23-də Ağsunun icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə bağlı Şirvan İnzibati iqtisad Məhkəməsinə, prezident İlham Əliyevlə bağlı isə Bakı şəhəri, Səbael rayon Məhkəməsinə iddia ərizəsi göndərmişəm. Başqa yolumuz qalmadı. Bizim məsuliyyətimiz onların üstündədir. Prezident hər bir vətəndaşının həyatının qarantıdır”.

Kəlbəcər köçkünü, Ağsudakı “Qərənfil” uşaq bağçasında məskunlaşmış Elşən Məmmədov deyir, heç bir vəkil onun ölkə bacısı ilə bağlı məhkəmə iddiasını yazmağı öz üzərinə götürməyib.

O da özü iddia ərizəsi hazırlayaraq Bakıya – Səbael rayon Məhkəməsinə göndərib. Köçkünün icra başçısından və prezidentdən istəyi, tələbi nədir, bu barədə AzadlıqRadiosunun “Qaynar xətt”inə özü danışır:

“Atam Əli Məmmədov Qarabağ döyüşlərində həlak olub. 1993-cü ildən bu bağçada məskunlaşmışıq. Onsuz da yaxşı olmayan şəraitimizi 1 ildən çoxdur ki, daha da darmadağın ediblər. Məskunlaşdığımız yeri vaxtaşırı gəlib söküb tökürlər, adını da qoyurlar ki, guya təmir edirlər. Məqsəd isə bizi buradan qaçırmaqdır. Ancaq düşünmürlər ki, hara qaçaq, canımızı hara qoyaq?”

Köçkünün deməsinə görə, yerli icra hakimiyyətinin hərəkətlərindən dəfələrlə ölkə rəhbərliyinə yazıblar. Deyir, məktublar ya cavabsız qalır, ya da Ağsunun icra hakimiyyəti başçısının masasına gəlib çıxır. Başçı da onu yanına çağırıb məzəmmətləyir ki, qələmi yerə qoysun, yuxarılara yazmasın.

Buna da bax: "Oğlum həbsxanaya aslan kimi girib, aslan kimi də çıxacaq"

“KİMLƏRİN CİBİNƏ AXIB?”

Elşən Məmmədov:

“Binada bizdən başqa 2 məcburi köçkün ailəsi də yaşayır. Harada görünüb ki, içərisində yaşayış olan binanı adamın başına uçursunlar? Binanın damını təmiz söküblər, başımızın üstü açıq qalıb. Qışın bu soyuq günlərində acınacaqlı duruma salıblar bizi... Bu binada məskunlaşan ailələrdən birində şəhid ailəsi yaşayır. Şəhid ailələri haqqında olan fərmanların, sərəncamların icra olunmaması ilə bağlı prezidenti İlham Əliyevi məhkəməyə veririk. Bu günə qədər bu binada məskunlaşan ailələrin ona ünvanladıqları şikayətlərə cavab verməyib. Qoy məhkəmədə cavab versin, görək, şəhid ailələrinin, köçkünlərin sosial problemlərinin həll edilməsi üçün ayrılan milyonlarla vəsait hara, kimlərin cibinə axıb...”

Ağsu rayon icra hakimiyyətindən bildirilib ki, ailənin problemləri Kəlbəcər rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə dəfələrlə müzakirə olunub. Özünə də dəfələrlə bildirilib ki, köçkün və müharibədə həlak olanların ailələri mənzil üçün quruma yox, Kəlbəcər rayon İcra Hakimiyyətinə müraciət etməlidilər. Məmmədovlar ailəsinin məskunlaşdığı yerin sökülməsinə gəlincə, qurumdan bildirilib ki, bağçanın binası əsaslı təmir olunur. Dam örtüyü də dəyişdirilir.

Buna da bax: Emin Millinin qaynının işi: kameralar nə çəkib?

“İKİ AYDI QALMIŞIQ AÇIQ HAVADA”

Köçkün isə deyilənlərlə razılaşmır:

“Bağçanın damını neçə dəfə düzəldərlər? Keçən il də damı söküb qoydular yerə, qaldıq açıq havada. Mən də başçının hərəkətlərindən Ağsu rayon Məhkəməsinə şikayət elədim. Məhkəmə ərizəmi özümə qaytardı ki, Şirvan İnzibati İqtisad Məhkəməsinə müraciət edim. O arada tələsik gəlib damı bağladılar, özümüzdən də əl çəkdilər. İndi qış girər-girməz gəlib yenə həmin yerdən damı söküb qoyublar yerə, iki aydır ki, yenə qalmışıq açıq havada. Bunun adı insanların əsəbləri, hissləri ilə oynamaqdır”.

Köçkün deyir, icra hakimiyyəti “Qərənfil”də məskunlaşmış köçkünlərə və ona rayonda “Azərenerji”nin qəzalı, köhnə binasına köçməyi təklif ediblər. Köçkünlərsə təklifi qəbul etməyib

XS
SM
MD
LG