Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:14

Qadın özünümüdafiə məqsədilə ərini öldürürsə...


Əri tərəfindən öldürülən Fəridənin anası: '7 bıçaq zərbəsi amansız qətl sayılmır?'
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Əri tərəfindən öldürülən Fəridənin anası: '7 bıçaq zərbəsi amansız qətl sayılmır?'(2021)

Hər il Azərbaycanda məişət zorakılığı nəticəsində onlarla qadın öldürülür. Eyni zamanda, məişət zorakılığının qadınları bir anda qatilə çevirməsi halları da az olmur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda məişət zorakılığı nəticəsində 46 qadın öldürülüb. Ötən il isə Azərbaycanda 51 qadın məişət zorakılığının qurbanı olub.

2021-ci ildə 11 qadın isə qəsdən adam öldürməyə görə mühakimə olunub. Bu qətllərin nə qədər hissəsinin məişət zorakılığı nəticəsində baş verdiyi məlum deyil.

Məşqçini öldürməkdə ittiham olunan həyat yoldaşı nə deyir

Kikboksinq üzrə məşqçi olmuş həyat yoldaşının qətlində ittiham olunan Əfsanə Qalabəylinin cinayətin səbəbi haqda məhkəmədə danışdıqları bu mövzunu aktuallaşdırıb. Qalabəyli deyir ki, illərlə dörd azyaşlı övladı ilə birlikdə işgəncə altında olub. Əri onu döymək, təhqir etməklə yanaşı, yaşadıqları evə münasibətdə olduğu qadınları gətirib. Qalabəylinin sözlərinə görə, o və övladları bir otaqda qalıb, əri isə həmin qadınlarla digər otaqda. Onu isə evə gələnlərə çay, yemək hazırlamağa məcbur edib. Onun dediklərini məhkəmədə dindirilən oğlu, evə gələn qadın da təsdiqləyib.

Hazırda 36-yaşlı Qalabəyli haqqında ekspertiza təyin olunub, onun cinayəti törədərkən və indiki psixi durumu ilə bağlı ekspertlər rəy verəcək.

Bəs, məhkəmələr məişət zorakılığı nəticəsində baş vermiş cinayətləri araşdırarkən, cəza təyin edərkən buna gətirib çıxaran səbəbləri nəzərə alırmı? Yoxsa ancaq cinayətin özünə qiymət verilir?

Zibeydə Sadıqova
Zibeydə Sadıqova

123-cü maddə

Vəkil Zibeydə Sadıqova deyir ki, məhkəmələr yekunda qərar verəndə ekspertizanın rəyinə əsaslanırlar. Çünki ekspertizanın rəyindən asılı olaraq, müəyyən oluna bilər ki, cinayəti törədərkən şəxs affekt vəziyyətdə olub, yoxsa yox. Yaxud da şəxsin hazırkı psixi, psixoloji durumu ilə bağlı da ekspertin rəyi alınır.

Sadıqovanın sözlərinə görə, müvəkkillərinin bir çoxu uzun müddət davam edən zorakılıqlar nəticəsində cinayətə əl atmaq məcburiyyətində qaldıqlarını bildirir. Müdafiəçi vurğulayır ki, iş materiallarının təhlili də onların dediklərini təsdiqləyir: "Əksəriyyətinin törətdiyi əməl özünümüdafiə zəminində baş versə də, təəssüf ki, düzgün tövsif olunmur. Hətta bəzən daha da ağırlaşdırılır. Məsələn, məndə bir qadının işi vardı, sağlamlığa zərər vurma idi, ona qəsdən adam öldürməyə cəhd ittihamı verilmişdi. Halbuki məsələyə kompleks yanaşma olmalıdır, hərtərəfli araşdırma aparılmalıdır".

Azərbaycanın cinayət qanunvericiliyində şəxs özünü müdafiə etmək istədiyi halda, başqasının ölümünə səbəb olmasına görə cəza nəzərdə tutulan norma var. Söhbət Cinayət Məcəlləsinin 123-cü (zəruri müdafiə həddini aşmaqla adam öldürmə) maddəsindən gedir. Bu maddədə 2 ilə qədər azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə nəzərdə tutulub.

"Onu öldürmək istəyirdimsə, niyə gedib dərman alıb gətirirdim?"

26-yaşlı Sevda Babayeva il yarım öncə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına qəsdən adam öldürmə ittihamı ilə çıxarılsa da, ekspertiza rəyi nəticəsində bu ittiham dəyişdi. O, həyat yoldaşını öldürməkdə təqsirləndirilirdi. Babayeva isə bildirirdi ki, bu hadisə uzun müddət davam edən zorakılığın nəticəsidir. Onun sözlərinə görə, hadisə günü də əri onu mətbəxdə boğub, başını şkafa çırpıb. O da əlindən çıxıb, stolun üstündəki bıçaqla onu vurub. Ekspertiza boynunda qançırlar və bədənində başqa xəsarətlərlə bağlı rəy vermişdi.

Sonda məhkəmə Babayevaya qarşı ittihamı CM-in 123-cü maddəsinə tövsif etmiş, ona 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. Bu da 2021-ci ilin noyabrında qəbul edilən Amnistiya Aktının təsiri altına düşdüyünə görə Babayeva məhkəmə zalından azadlığa buraxılmışdı. O zaman onun yaş yarımlıq övladı vardı.

Həyat yoldaşının ölümünə görə 9 il azadlıqdan məhrum edilən 32-yaşlı Gülnar Vəlizadə də özünü müdafiə etmək istərkən ehtiyatsızlıqdan bu əməli törətdiyini deyirdi. O bildirirdi ki, hətta peşman olub, dərhal aptekə qaçıb, lazım olan ləvazimatları da alıb gətirib: "Məni boğurdu, öldürəcəkdi, özümü müdafiə edərkən baş verib. Əgər mən onu öldürmək istəyirdimsə, niyə gedib dərman alıb gətirirdim, yardım edirdim?".

Lakin Babayevadan fərqli olaraq, Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakimlər dediklərini inandırıcı saymayıblar.

Mehriban Zeynalova
Mehriban Zeynalova

"Elə qadınlar var ki, mənfəət üçün qətl törədir"

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, qəsdən adam öldürmə, xəsarət yetirmə kimi cinayət törədən qadınlar bir sıra hallarda uzun müddət zorakılığa məruz qalanlar olur. Onun sözlərinə görə, təşkilatın çevik ekspert qrupunun nümayəndələri tez-tez bu cür qadınlarla görüşür, onların fikirlərini öyrənir: "Bir çoxu uzunmüddətli zorakılığın, psixoloji gərginliyin qurbanı olur. Susurlar, susurlar, günün birində partlayırlar. Təbii ki, hamısına aid deyil. Elə qadınlar var ki, mənfəət üçün qətl törədir, bəziləri sevgilisi ilə birləşib ərini öldürür. Biz hər hadisəyə ayrı-ayrılıqda yanaşırıq. Zorakılıq varsa, özümüz də çalışırıq ki, o qadına kömək edək...".

Zeynalova yada salıb ki, Mingəçevirdə uzun müddət zorakılığa məruz qalmış qadın günün birində ərini ütü ilə öldürüb. Onun sözlərinə görə, həmin işdə qonşular da şahidlik edərək qadının mütəmadi döyüldüyünü, təhqir olunduğunu bildiriblər: "Sübutlar ortaya qoyuldu. O qadını xilas etmək mümkün oldu. Amma həmişə belə olmur axı. Təhsilin səviyyəsi çox vacibdir. Araşdırma aparılanda həm də ona baxılır ki, bu adam zorakılıqla bağlı polisə şikayət edibmi? Bu da çox vacib məqamdır".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu ilin əvvəlində açıqladığı araşdırma göstərib ki, qadınlar ən çox fiziki və psixoloji zorakılığa məruz qalırlar. Araşdırmaya qatılanların 84 faizi psixoloji, 78 faizi fiziki zorakılığa məruz qaldığını bildirib.

XS
SM
MD
LG