Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:59

Azərbaycanın Qarabağ ermənilərinə təzyiqi istədiyi nəticəni verəcəkmi?


Xankəndidə ermənilərin etiraz aksiyası
Xankəndidə ermənilərin etiraz aksiyası

AzadlıqRadiosunun təhlilçisi Coşua Kuçera yazır ki, Azərbaycan əslində Qarabağ erməniləri üçün seçimi son dərəcə daraldıb.

İndi onların iki seçimi var: ya Bakının idarəçiliyinə tabe olmaq, ya da məhrumiyyət və əziyyətlə üzləşmək.

Qarabağ ermənilərinin liderləri son aylarda, xüsusilə də Azərbaycan iyunun ortalarında Laçın yolunu tam bağlayandan sonra bölgədə “humanitar fəlakət” yaşandığını bildirirlər.

Onlar deyirlər ki, Qarabağda ərzaq, gündəlik tələbat malları və dava-dərmanın kəskin qıtlığı yaranıb.

Ermənilər Ağdamdan gələn yardımı niyə istəmirlər?

Kuçera yazır ki, Azərbaycan məhz bu məqamda Qarabağın təchizatı üçün Ağdam marşrutunu təklif edib, lakin ermənilər təklifi rədd ediblər.

Separatçıların lideri Arayik Arutyunyan bu təklifi niyə qəbul etmədiklərini belə izah edib:

"Biz bu fəlakəti yaratmış ölkədən humanitar yardımı necə qəbul edə bilərik? O bir əli ilə bizi boğur, o biri əli yedizdirmək istəyir”.

Kuçera yazır ki, Azərbaycan bir tərəfdən 30 ilədək işğal altında olmuş ərazini reinteqrasiya etməyə, digər tərəfdən isə Qarabağın Ermənistanla iqtisadi bağlarını qırmağa çalışır.

Qarabağ erməniləri Ağdam marşrutu təklifinə müqavimət göstərirlər. İyulun 18-də bir qrup Qarabağ ermənisi Əsgəran rayonunda Ağdama gedən yolu bağlayaraq etiraz aksiyası keçiriblər.

Etirazçılar bildirirdilər ki, Azərbaycanın Ağdamdan humanitar yardım gətirməsi bölgəni tədricən onun nəzarətinə keçirəcək və bundan sonra erməni əhalisi buradan köçməli olacaq.

Sözü gedən etiraz aksiyasının arxasında rusiyalı milyarder Ruben Vardanyanın durduğu deyilir. O bir neçə ay bundan əvvəl bəzi məlumatlara görə Azərbaycanın təzyiqi altında Qarabağın “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılıb.

Humanitar, yoxsa siyasi məsələ?

Məqalədə deyilir ki, Azərbaycanın belə ağır blokada taktikası əks-effekt verə bilər. Adının çəkilməsini istəməyən, amma danışıqlar prosesi ilə tanış olan bir diplomat AzadlıqRadiosuna deyib:

"Onlar əslində Qarabağ ermənilərini aclıqla ram etməyə çalışırlar. Xarici diplomatlar Azərbaycanın üzərinə təzyiq göstərirlər, amma təəssüf ki, biz indiyədək nəticə əldə edə bilməmişik”.

Diplomatın sözlərinə görə indiyədək bu təzyiq yalnız sərt şəxsi söhbətlər və sərt bəyanatlarla edilib. Bakı bu kimi bəyanatları rədd edir:

"Hazırda Azərbaycana münasibətdə açıqda sərt olmaqla, hər iki tərəfə məqbul həllin tapılmasında ədalətli vasitəçi olmaq istəyi arasında balans saxlanır. Amma müəyyən məqamda Bakı daha da uzağa gedə bilər. Mən həmin anın uzaqda olmadığını düşünürəm”.

Məqalədə deyilir ki, Azərbaycan rəsmilərinin sözlərinə görə Qarabağ ermənilərinin Ağdam yolu ilə təchizatdan imtina etməsi mübahisənin humanitar yox, siyasi olduğunu göstərir.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramov sərt bəyanatlar veriblər.

Əliyev bu barədə deyib:

“Onlar blokpost qoyaraq, bizi blokadada ittiham edirdilər. Bu gün onlar yenə Ağdam-Əsgəran yolunda beton plitələr qoyublar...Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim-kimi bloklayır? Ona görə də bütün məsələ bundadır”.

“Zorla qopardılmış razılaşma”

Bakıdakı Topçubaşov Mərkəzinin təhlilçilərindən Şücaət Əhmədzadə bildirib ki, Bakının Ağdam yolu variantını irəli sürməsi Qarabağın Laçın dəhlizindən və Ermənistanın iqtisadi asılılığını tam aradan qaldırmasa da, bunları azaltmağa yönəlik danışıq taktikası ola bilər:

“İndilik Bakı əmindir ki, beynəlxalq icma daha ciddi hərəkətə keçməyəcək. Azərbaycan bu siyasəti o məqama qədər davam etdirəcək ki, xarici aktorlardan (ABŞ, Aİ və Rusiya-red) təzyiq Azərbaycanın manevri üçün yer qoymayacaq. Hələ ki, təzyiq o səviyyəyə çatmayıb. Qarabağ erməniləri naminə Azərbaycanla münasibətlərini korlamaq istəyən dövlət, aktor, təşkilat yoxdur”.

Amma Kuçera yazır ki, belə taktika Azərbaycan dövləti ilə onun öz vətəndaşları hesab etdiyini dediyi etnik erməni əhalisi arasında münasibətlərini zəhərləyə bilər.

Danışıqlarla tanış diplomatlardan biri deyib ki, aclıq hədəsi əsrlərin sınağından çıxmış fənddir, amma bu, Azərbaycanın öz məqsədlərinə ziyan vura, Qarabağ ermənilərinin inteqrasiyasını daha da mürəkkəbləşdirə bilər.

Londondakı Chatham House analitik mərkəzinin aparıcı təhliçisi Lourens Broers özünün Twitter hesabından yazıb ki, Bakının sərt yanaşması Qarabağ ermənilərinin Azərbaycan dövlətindən qorxularını artırır:

“Belə bir şəraitdə istənilən razılaşdırılmış nəticə zorla qəbul etdirilmiş saziş kimi gözdən düşə bilər. Bugün zorla qopardılmış sülh sabah iflasa uğrayar”.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG