Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:55

Bakı Ermənistan müdafiə nazirinin səfərini avantüra sayır


 Arşak Karapetyan Qarabağda
Arşak Karapetyan Qarabağda

Bu gün, noyabrın 9-da Azərbaycan Müdafiə Nazirliyi (AMN) bəyanat verib. Bəyanatda Ermənistan müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlılarının yerləşdirildiyi Dağlıq Qarabağa səfərindən bəhs edilir.

Nazirlik hesab edir ki, Ermənistan müdafiə nazirinin icazəsiz Azərbaycan ərazilərinə daxil olması, qanunsuz birləşmələr ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribatdır: "…Bununla Ermənistanın siyasi-hərbi rəhbərliyi üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq qəsdən regionda vəziyyətin gərginləşdirilməsi və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salınması məqsədini güdür".

Sənəddə vurğulanır ki, Ermənistanın hərbi rəhbərliyi 44 günlük İkinci Qarabağ müharibəsindəki total məğlubiyyətdən nəticə çıxarmaq, regionda yaranmış yeni geosiyasi vəziyyətə uyğunlaşmaq, sülhü və təhlükəsizliyi gücləndirmək əvəzinə daxili istehlak məqsədilə bu kimi ucuz hərbi avantüralara cəhd edir: "Ermənistan müdafiə nazirinin bu səfəri Ermənistanın Azərbaycan Respublikası ərazisində qanunsuz erməni hərbi birləşmələrini, aqressiv separatizmi və terror-təxribat əməllərini birbaşa dəstəkləməkdə davam etdirdiyini növbəti dəfə nümayiş etdirir".

Bəyanatda yazılıb ki, Ermənistan silahlı qüvvələrinin müəyyən tərkibi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində qalmaqda davam edir: "Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcək".

Bu bəyanata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Ermənistan müxalifəti Yerevanda etirazlara başlayıb
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG