Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:50

Separatçılar Bakının görüş təklifinə cavab verdilər


Xankəndi, mart, 2023
Xankəndi, mart, 2023

“Texniki və humanitar məsələlərə dair dialoqun siyasiləşdirilməsi yolverilməzdir, Azərbaycan-Qarabağ münaqişəsinin tənzimlənməsi beynəlxalq səviyyədə tanınmış və razılaşdırılmış formatda, tərəflərin bərabərliyi və üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinə beynəlxalq qarantiyalar olmaqla keçirilməlidir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Qarabağ separatçılarının “xarici işlər nazirliyi” martın 28-də Bakının daha bir görüş keçirilməsi təklifinə cavab olaraq bildirib.

Bundan əvvəl Azərbaycan hökuməti Qarabağın erməni icmasını aprelin ilk həftəsində Bakı şəhərində daha bir görüşə dəvət etmişdi.

Bakının dəvətində “reinteqrasiya məsələlərinin, habelə Qarabağda infrastruktur layihələrinin həyata keçirilməsinin müzakirə olunması” təklif edilirdi.

Yer və gündəlik qane etmir

Separatçılar cavab olaraq bildiriblər ki, Azərbaycanın görüş üçün təklif etdiyi yer və gündəlik onları qane etmir.

Onlar deyirlər ki, Azərbaycan real dialoqda yox, dialoqun pozulmasında və öz siyasi gündəliyinin zorla qəbul etdirilməsində maraqlıdır.

Separatçıların fikrincə “Azərbaycan öz siyasi məqsədlərinə çatmaq üçün blokadadan və Qarabağda dözülməz yaşayış şəraiti yaradılmasından, habelə hərbi gücdən istifadə edir”.

Xankəndidəki separatçı rejimin sözü gedən qurumu bəyan edir ki, onlar heç vaxt dialoqdan imtina etməyiblər və Azərbaycan və Qarabağ nümayəndələrinin bundan əvvəl Rusiya sülhməramlı kontingenti komandanlığının vasitəsilə keçirilmiş təmasları buna sübutdur.

Separatçılar israr edirlər ki, onlar bütün mövcud problemlərin dinc yolla həllinə tərəfdardırlar, amma görüşün müstəsna olaraq sülhməramlıların nəzarətində olan ərazidə keçirilməsini istəyirlər.

Onların fikrincə belə bir görüşdə Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri, o cümlədən Laçın dəhlizinin açılması müzakirə oluna bilər.

İndiyə qədər iki görüş olub

İndiyədək Azərbaycan rəsmiləri ilə Qarabağin erməni icması arasında fevralda və martın əvvəllərində iki görüş keçirilib.

Azərbaycan hökuməti martın 13-də növbəti görüşün Bakıda keçirilməsini təklif etmişdi.

Erməni icması Bakıda görüşmək təklifini qəbul etməyib.

Separatçılar habelə bundan əvvəl keçirilən görüşlərdə reintreqrasiya məsələlərinin də müzakirə olunduğuna dair Azərbaycanın verdiyi məlumatı təkzib ediblər.

Rəsmi Bakı dəfələrlə bildirib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşıdırlar və Azərbaycan onlarla bağlı məsələləri üçüncü bir tərəflə müzakirə etməyəcək.

Rus sülhməramlılarının işi sizi qane edirmi? - Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG