Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:18

Ekspert: 'Savaşı Ukraynanın udması üçün Qərb Rusiyanı daha sərt sanksiyalarla cəzalandırmalıdır'


Kanadanın baş naziri C.Trüdo, İtaliyanın baş naziri C.Meloni, Ukrayna prezidenti V.Zelenski, Aİ Komissiyasının sədri Ursula fon der Lyayen və Belçikanın baş naziri Aleksandr de Kroo Kiyevdəki Xatirə Divarını ziyarət edilər. 24 fevral 2024
Kanadanın baş naziri C.Trüdo, İtaliyanın baş naziri C.Meloni, Ukrayna prezidenti V.Zelenski, Aİ Komissiyasının sədri Ursula fon der Lyayen və Belçikanın baş naziri Aleksandr de Kroo Kiyevdəki Xatirə Divarını ziyarət edilər. 24 fevral 2024

Moskvanın iki il öncə Ukraynaya tammiqyaslı hücumundan bəri ABŞ, Böyük Britaniya, Avropa Birliyi, Avstraliya, Kanada və Yaponiya Rusiyaya minlərlə sanksiya tətbiq edib.

Bu tədbirlərin əsas hədəfi Rusiyanın maliyyə sektoru, özəlliklə Moskvanın müharibə kampaniyasını maliyyələşdirən şəbəkələrdir. On minlərlə insanın həyatına bais olan qanlı münaqişə fonunda Rusiyanın müdafiə və güvənlik sektorları ilə bağları olan şirkət, qurum və şəxslər Brüssel, Vaşinqton və tərəfdaşlarının durmadan artan sanksiya siyahılarına əlavə edilib.

Savaş artıq üçüncü ilinə qədəm qoyub

Moskvanın bu sanksiyalardan yan keçərək hərbi ehtiyaclarını ödəmək üçün gərəkli malları üçüncü ölkələrdən ala bildiyini sübut edən çoxlu dəlil var.

Qərbin sanksiyalarındakı boşluqları və Rusiyanın onlardan necə yararlanmasını daha yaxşı anlamaqdan ötrü AzadlıqRadiosunun əməkdaşı Rid Stendiş (Reid Standish) Londonda yerləşən Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) Maliyyə cinayətləri və güvənlik araşdırmaları Mərkəzinin direktoru Tom Kitinqlə (Tom Keatinge) söhbət edib. Keçmiş investisiya bankiri olan Kitinq indi Britaniya Parlamenti Xarici Əlaqələr Komitəsinin qanunsuz maliyyə məsələləri üzrə müşaviridir.

"Heç vaxt bir ölkəyə bu qədər sanksiya tətbiq edilməyib və heç vaxt bu qədər şəxs, şirkət və sektor [eyni zamanda] sanksiyaya məruz qalmayıb. İqtisadi baxımdan Qərbə bu qədər inteqrasiya etmiş ölkə heç vaxt bu qədər sanksiyalarla üzləşməyib. …Bunu anlamaq vacibdir ki, bu cavabın məqsədi, əsasən, Rusiya ordusunun maliyyələşdirilməsini və təchizatını məhdudlaşdırmaq idi. Bu baxımdan, işlərin necə getdiyinə baxanda görürük ki, işlər o qədər də yaxşı getmir.

Sanksiyaların təsirinin olmadığını demək yanlışdır. Onların təsirli olduğu dəqiqdir, çünki ruslar yayınma mexanizmləri tapmağa məcbur qalırlar.

Tom Kitinq
Tom Kitinq

"Biz yetərincə iş görürükmü?"

…Bəziləri sanksiyaların işə yaradığını deyəcək, bəziləri isə deyir ki, hər gecə Kiyevdə vurulub salınan dronların içərisindən nisbətən yeni və savaş başlayandan sonra [əldə edilən] Qərbdə istehsal olunmuş hissələr tapılır.

Hər iki arqument doğrudur. Əsas sual budur ki, biz yetərincə iş görürükmü və məncə, …cavab budur ki, "yox, görmürük".

Özü də bu, silah-sursat və öncül silah təchizatına da aiddir, sanksiyaların tətbiqinə də.

Sanksiyalardan yan keçməyə yardım göstərən maliyyə institutlarını ABŞ-ın müəyyənləşdirmək gücü var. Ancaq, hələlik, bu gücündən istifadə etməyib, axı yararlansa, nəticəsi ağır olar və həmin bank fəaliyyətini dayandırar. Bu üzdən, Qərb geniş anlamda iri qayda pozucularından bəzilərini cəzalandırmağa hazır olmadıqca, mənə elə gəlir ki, o yerlərdəki adamlar sanksiyaların onlara və təşkilatlarına aid olmadığını və sadəcə başqalarını narahat edən bir şey olduğunu düşünməyə davam edəcəklər", - Kitinqin sözləridir.

"Rusiyanın istər ölkə daxilində, istərsə xaricdə işi yeni satınalma şəbəkələri yaratmaq olan adamları var. Özəlliklə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) belə satınalma şəbəkələrinin işlənib hazırlanması ilə yaxından məşğul olur. Onlar bütün bu məsələyə çox ciddi yanaşırlar. Bu, onlardan ötrü ölüm-dirim məsələsidir, o üzdən, əgər uduzmaq və aldadılmaq istəmiriksə, biz də buna bu cür yanaşmalıyıq.

Qərb cavabının ağır olmasını istəsə də, bu prosesdə öz iqtisadiyyatını məhv etmək istəmirdi. Avropada Rusiyadan enerji asılılığı ətrafında bütöv bir dolaşıqlıq var. Artıq iki ildən çox vaxt ötüb; biz artıq Rusiyanı tamamilə embarqoya məruz qoya biləcək hala gəlmiş olmalıydıq. …Ancaq hazırda sadəcə həddindən çox boşluqlar var.

Lavrov İranda sanksiyalardan qorunmağın yollarını müzakirə edib
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

"Avropa Birliyi… barmaqları üstündə gəzir"

["Əl-Qaidə" rəhbəri] Üsamə bin Laden bir dəfə maliyyəçilərinin Qərbin maliyyə sistemindəki… boşluqları bildiyini demişdi. Bu onu göstərir ki, boşluqların varsa, onlardan istifadə ediləcək. …Əgər biz Ukraynanın qalib gəlməsini istəyiriksə, hazırda güvəndiyimizdən daha çox şeyə güvənməliyik və potensial olaraq öz iqtisadiyyatımıza da zərər vurmağa hazır olmalıyıq.

Son nəticədə əgər indi bu bizə baha başa gəlirsə, elə indi üstünə düşməsək, yaxın 5-10-15 ildə bundan qat-qat baha başa gələcək. O səbəbdən, doğrusu, düşünürəm ki, bugünə sabahdan daha az xərc çəkmək yanlış hesablamadır. Hətta bunu öz əhalilərinə açıqlamaqda çətinlik çəkən siyasətçilər üçün belə", - yenə Kitinqin sözləridir.

Kitinq daha öncə masa üzərində çox effektli ola biləcək, ancaq hələ də istifadə edilməyən alətlərin olduğunu bildirmişdi. O bu alətlərdən nə üçün istifadə edilmədiyi barədə sualı belə cavablayıb: "İstifadə edilməyən alətlər, yumşaq desək, diplomatik çətinliklər törədə biləcək alətlərdir. Məsələn, AB-nin özünün yayınmaya qarşı alətlər toplusu var, sanksiyalardan yayınmanı riskli etmək üçün ölkələrin adlarını çəkib onları qınaya bilər. Ancaq AB son dərəcə ehtiyatlı tərpənir və barmaqları üstündə gəzir.

"Bu işin içərisində xeyli Realpolitik var"

Daha öncə dediyim kimi, ABŞ da xarici maliyyə qurumlarına qarşı öz alət qutusundakı bəzi iri çəkiclərindən yararlana bilər. Ancaq reallığı görüb düşünürəm ki, ABŞ sadəcə bu alətlərdən istifadə edəcək qədər cəsarətli deyil. Çünki ölkənin öz daxilində bunun təsirləri hiss olunacaq. Di gəl, həmin təsirlərin buna dəyib-dəymədiyini hesablayanda düşünürəm ki, nəticə harada durmağımızdan asılı olaraq fərqli görünür.

Əgər siz Kiyevdə, Odessada, ya da bunun kimi bir yerdə hər gecə ağır bombardmanın altında oturmusunuzsa, …düşünürsünüz ki, Avropanın üzləşdiyi o təsirlər buna dəyər. Ancaq bu il Londonda, Brüsseldə, ya da başqa bir yerdə seçki ilə üz-üzəsinizsə, - bu ilsə seçki keçirən ölkələrin siyahısı çox böyükdür - bəlkə də, düşünürsünüz ki, buna dəyməz və siz bu işi seçkidən sonraya, ya da sizdən sonra hakimiyyətə gələcək adamlara saxlayacaqsınız.

Bu baxımdan, mən düşünürəm ki, bütün bu işin içərisində xeyli Realpolitik var. Bu isə müharibənin dərhal bitməsini və Rusiyanın Ukraynadan çıxarılmasını istəyənlər üçün qanqaraldıcıdır".

XS
SM
MD
LG