Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:13

Qırğızıstanın yeni 'Ağ ev'ində hökumət məmurunun əli var


"Ağ ev" çoxdan bəri atılıb sökülməkdə olan keçmiş "İssık-Kul" otelinin yerində tikiləcək.
"Ağ ev" çoxdan bəri atılıb sökülməkdə olan keçmiş "İssık-Kul" otelinin yerində tikiləcək.

Qırğızıstan Prezidenti Sadır Japarov üç il öncə hakimiyyətə gələndən bəri "Ağ ev" kimi tanınan tarixi prezident binasında oturmaqdan imtina edərək yaxınlıqdakı sovet dönəmindənqalma köhnə binaya yerləşib. O bunun səbəbini açıqlamayıb, ancaq Qırğızıstan müstəqillik qazandığı vaxtdan "Ağ ev" inqilab və qiyamların episentri olub. 2005-ci ildə baş qaldırmış ilk xalq üsyanı nəticəsində istənməyən prezident Askar Akayev devrilib və Moskvaya qaçmağa məcbur qalıb.

"Bu 16 hektar da bir gün şəxsi əllərə keçəcəkdi…"

S.Japarov Bişkeki qucaqlayan dağların ətəyində özü və administrasiyası üçün yeni prezident binasının tikiləcəyini elan edib.

Qırğızıstanın 54-yaşlı prezidenti yeni "Ağ ev"in çoxdan bəri atılıb sökülməkdə olan keçmiş "İssık-Kul" otelinin yerində tikiləcəyini deyib: "Biz… tikinti şirkətinə 16 hektar dövlət torpağı verəcəyik. Onlar da əvəzində bizə bina tikəcəklər. Vəssalam. 30 ildir məmurlar dövlət torpağını çapıb-talayırlar. Bu 16 hektar da bir gün şəxsi əllərə keçəcəkdi. O üzdən, biz ölkə üçün bina tikilməsinə qərar verdik".

Sadır Japarov
Sadır Japarov

AzadlıqRadiosu qırğız xidmətinin araşdırması nəticəsində hökumətin yüksək vəzifəli bir rəsmisi ilə sözügedən bahalı torpağın verildiyi tikinti şirkəti arasında bağlantı aşkarlanıb. Belə əlaqələr ciddi maraq toqquşmasının olmasından xəbər verir.

Üstəlik, "Inshaat Stroy Building (ISB)" adlı bu şirkətə, S.Japarovun dediyi kimi, 16 hektar deyil, 25.7 hektar torpağın verildiyi üzə çıxıb.

Ancaq ISB-yə verilmiş əlavə 10 hektardan çox torpaqla bağlı heç bir açıqlama yoxdur. Yeni prezident binasının toplam dəyəri də ictimaiyyətə açıqlanmayıb.

ISB-nin əldə etdiyi torpaq adi torpaq deyil. Müstəqil ekspertlərin hesablamalarına görə, paytaxtın mənzərəli cənub hissəsində yerləşən bu 25.7 hektarlıq torpağın dəyəri 77 milyon dollardır.

Bu torpaqlara böyük tələbat var

Bişkekin həmin tərəfi dağlara yaxın olduğundan gözəl mənzərələrə, təbiətə və təmiz suya çıxış imkanı verir. Bu ərazidə daşınmaz əmlak həm bahadır, həm də tikinti şirkətləri arasında bu torpaqlara böyük tələbat var. Bişkekin mərkəzi isə dünyanın ən çirkli yerlərindən biri sayılır.

Bişkekdə "Inshaat Stroy Building" şirkətinə verilməsi nəzərdə tutulan torpaq sahələri
Bişkekdə "Inshaat Stroy Building" şirkətinə verilməsi nəzərdə tutulan torpaq sahələri

Parlamentin üzvü Dastan Bekeşev hökumətin bu qədər iri dövlət torpağını özəl şirkətə ayırmasını tənqid edib. O deyir ki, bu torpaqdan məktəblərin, parkların və digər ictimai yerlərin tikintisi üçün istifadə olunmalıdır: "Hazırda biz büdcədən tikintiyə və "İssıl-Kul" otelinin sökülməsinə xərclənən pulun miqdarından xəbərsizik. Xəbərsiz qalmaq bizə daha yaxşıdır, yoxsa infarkt ola bilərik. Açıq-aşkar görünür ki, dövlət rəsmilərinin rahatlığı və özəl şirkətin gəliri cəmiyyətin marağından daha üstün sayılıb".

Yeni prezident binasının toplam tikinti xərci açıqlanmadığından 77 milyon dollarlıq torpağın yeni "Ağ ev"in dəyərini aşıb-aşmadığını da bilmək mümkün deyil.

"Əziz dostlar, dövlətin hər bir qəpiyi…"

ISB qurulduğu 2020-ci ildən bəri doqquz dəfə yenidən qeydiyyatdan keçib. Nəticədə onun adı, təsisçiləri və rəhbərləri dəyişib. Şirkət son dəfə iyulun 28-də - bahalı dövlət torpağını əldə etməsindən cəmi bir neçə gün öncə qeydiyyatdan keçib.

Maraqlıdır ki, şirkətin keçmiş rəhbərlərindən üçünün S.Japarovun prezident administrasiyasının rəhbəri Kanıbek Tumanbayev ilə bağlantısı var.

"Əziz dostlar, dövlətin hər bir qəpiyi prezidentimizin və [Milli Təhlükəsizlik Komitəsinin rəhbəri] Kamçıbek Taşiyevin nəzarətindədir", - K.Tumanbayev sentyabrın 17-də öz Facebook səhifəsində açdığı canlı yayımda belə deyib.

Uzun zamandan bəri Qırğızıstanda şübhəli fiqur kimi tanınan K.Tumanbayevin adı daha öncə də müstəqil media qurumlarının "Qırğız Dəmir Yolları" və ölkənin Müftiliyi ilə bağlı korrupsiya əməllərində hallanıb.

Kanıbek Tumanbayev
Kanıbek Tumanbayev

Ötən il Qırğızıstan-Tacikistan sərhədində törənmiş silahlı toqquşma nəticəsində bir neçə kənddə dağılmış evlərin yenidən tikilməsi üçün aparılan işlər araşdırılınca, daha bir qalmaqal ortaya çıxıb. Araşdırma müəllifləri iddia edirlər ki, hökumətin tenderini udan əsas kontraktor – "Amanat Stroy Invest" şirkəti Batken bölgəsində ev və ictimai binaların inşasında korrupsiyaya yol verib.

Sonradan şirkət rəhbərliyi başqa şəxsə ötürülüb

Araşdırmada K.Tumanbayevin "Amanat Stroy Invest" ilə bağlılığı da göstərilib. Onun özü şirkətlə bağlarının olmasına dair iddiaları rədd edib. Ancaq araşdırmalar K.Tumanbayevin 2016-2019-cu illərdə o zaman adı "BKS" olan bu tikinti şirkətinin sahibi olduğunu göstərir.

K.Tumanbayev 2020-ci ildə keçirilən parlament seçkilərinə "Birimdik" (Birlik) partiyasının üzvü kimi qatılıb və əvvəlcə özünü "BKS" şirkətinin direktoru kimi qeydiyyatdan keçirib. Ancaq sonradan şirkətin rəhbərliyini başqa şəxsə ötürüb.

XS
SM
MD
LG