Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:43

Azərbaycan mediasının reklam gəlirləri 2.5 dəfə azalıb


TV
TV

Böhran baş qaldırandan bəri reklamçıların da işi getmir. Son 3 ildə onların gəlirləri 35.5 faiz və ya 24 milyon manat azalıb.

2016-cı ildə Azərbaycanda reklam fəaliyyətindən 43.4 milyon manat gəlir götürülüb. Reklam hazırlayan, yayan və yerləşdirən müəssisələrinin büdcəsi bir ildə 12.6 milyon manat daralıb.

Bunu Dövlət Statistika Komitəsində (DSK) AzadlıqRadiosunun sorğusuna cavab məktubunda deyiblər.

REKLAM TV-DƏN SOSİAL ŞƏBƏKƏYƏ «KÖÇ EDİR»

Bir çoxları əmindir ki, əslində reklam bazarı ənənəvi daşıyıcılardan (media, küçə lövhələri, nəqliyyat vasitələri və s.) internetə, daha dəqiqi – sosial şəbəkələrə «köç edib». Burada isə Azərbaycan şirkətlərinin reklam xərclərini və qazancını Vergilər Nazirliyi də nəzarətdə saxlaya bilmədiyini etiraf edir.

Azərbaycanın rəsmi reklam gəlirlərinin miqyasının ölçüləri haqda təsəvvürün yaranması üçün bir nümunə: «Facebook» şirkətinin bu ilin 1-ci rübünün nəticələrinə görə, reklam gəliri 51 faiz artıb və 7 milyard 857 milyon dollar təşkil edib. Bu, Azərbaycanın 2017-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərindən (3 milyard 591.5 milyon manat və ya 2 milyard 110 milyon ABŞ dolları) 3.7 dəfə çoxdur.

Azərbaycan mətbuatının, özəlliklə televiziyaların reklam yayımından gəliri 19.6 milyon manatdan (2015-ci il) 8 milyon manata düşüb. Radio efirində yayımlanan reklamlara görə ödənişlər 2015-ci ildə 3 milyon 94 min manat idisə, ötən il radio kanallarının bu sahədən gəliri 1.6 milyon manat azalıb. Çap mediasının (qəzet və jurnallar) reklamdan gəlirləri onun cəmiyyətdəki yerini də sərgiləyir: son bir ildə gəlirlər (149 min manat) 9.4 dəfə kiçilib.

Yerli internet saytlarında yayımlanan reklamlara sərf olunan vəsait (1 milyon 247 min manat) qəzet-jurnal reklamlarını 8 dəfə üstələsə də, burada da geriləmə var. DSK-ya verilən hesabatlara görə, internet resurslarının reklam gəlirləri bir ildə 20 faiz azalıb.

Əvəzində küçə reklamının yayımına sərf olunan vəsaitlərdə (4 milyon 230 min manat) 11.5 faizlik artım qeydə alınıb.

GƏLİR AZALSA DA, MƏNFƏƏT ARTIB

Elə reklam hazırlayanlar (15 milyon 770 min manat) və yerləşdirənlər (10.2 milyon manat) də 2016-cı ildə pis qazanmayıblar. Onlar ili uyğun olaraq 10.8 və 19 faiz artımla başa vurublar.

Ötən il reklam şirkətlərinin reklam informasiyasının istehsalına, yerləşdirilməsinə və yayımına çəkdikləri xərc 36 milyon 591 min manat – 2015-ci ildəkindən 16.9 milyon manat az olub. Xərclərə nəzarəti artırmaq hesabına son illərin ən yüksək mənfəət göstəricisi əldə edilib.

Reklamdan götürülən qazanc 6.8 milyon manata çatıb. Bu, bir il əvvəlkindən 3 dəfə çoxdur.

XS
SM
MD
LG