Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:09

Rusiya Laçın dəhlizinin dərhal açılması üçün təcili tədbirlər görməyə çağırır. Bakıdan etiraz


Azərbaycan-Ermənistan sərhəddində, Laçın-Xankəndi yolu üstündə sərhəd-buraxılış məntəqəsi
Azərbaycan-Ermənistan sərhəddində, Laçın-Xankəndi yolu üstündə sərhəd-buraxılış məntəqəsi

"Biz Azərbaycan rəhbərliyini Laçın dəhlizinin dərhal açılması, bu dəhlizlə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin bərpası, eləcə də regionun enerji təchizatı üçün təcili tədbirlər görməyə çağırırıq".

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) iyulun 15-də yaydığı bəyanat-ında belə deyilir.

Bəyanatda 2022-ci ilin oktyabrı və 2023-cü ilin mayında Avropa İttifaqının himayəsi altında keçirilən sammitlərdə Ermənistanın Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıdığı vurğulanır.

Sənəddə Ermənistan rəhbərliyinin bu qərarına hörmətlə yanaşıldığı qeyd edilir və vurğulanır ki, "bu, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının imzalanmasının əsas şərtlərini, eləcə də bölgədə yerləşdirilən Rusiya sülhməramlı kontingentinin mövqeyini kökündən dəyişib".

Rusiya XİN hesab edirik ki, "bu şəraitdə Qarabağın erməni əhalisinin taleyi üçün məsuliyyət üçüncü ölkələrin üzərinə atılmamalıdır. Əvvəllər əldə edilmiş razılaşmalar əsasında Bakı ilə Yerevan arasında dərhal sülh sazişinin hazırlanmasına başlamaq lazımdır."

Nazirliyin bəyanatında vurğulanır ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin etibarlı və aydın təminatları sözügedən sazişin ayrılmaz hissəsi olmalıdır.

Bəyanatda həmçinin üçtərəfli razılaşmaların bütün kompleksinin, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə başlanması da əlavə edilir.

Rusiya XİN bildirir ki, Rusiya tərəfi Dağlıq Qarabağın normal həyatını bərpa etmək üçün beynəlxalq ictimaiyyətin səylərinə fəal töhfə vermək niyyətini təsdiqləyir.

"Razılaşmanın ən yüksək səviyyədə həyata keçirilməsi yollarını müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə, ardınca sülh müqaviləsinin razılaşdırılması ilə bağlı Moskvada Rusiya-Azərbaycan-Ermənistan sammitinin keçirilməsinə hazırıq"-Rusiya XİN-in bəyanatında deyilir.

Moskva Qarabağ ətrafında vəziyyətin neqativ ssenari üzrə inkişaf etdiyini iddia edir və bundan narahatlığını ifadə edir.

"Bu bölgədə humanitar böhran getdikcə dərinləşir. Yerli əhali ərzaq, dərman, ilkin tələbat mallarının kəskin çatışmazlığını yaşayır, praktiki olaraq elektrik enerjisi və qaz təchizatından məhrumdur. Bu, Qarabağ erməniləri - bölgənin sadə sakinləri üçün ən dramatik nəticələrə səbəb ola bilər."-bəyanatda deyilir

Bəyanatın sonunda Moskva Azərbaycan rəhbərliyini Laçın dəhlizinin hər iki istiqamət üzrə dərhal açılması və bölgənini enerji təminatı ilə bağlı təcili tədbirlər görməyə çağırır.

Azərbaycanın Xarici İşlər Nazirliyi isə Rusiya XİN-in bu bəyanatına etiraz edir. Bəyanatda bu yanaşmanın Azərbaycanla Rusiya arasındakı Müttəfiqlik Bəyannaməsinə, o cümlədən Rusiya prezidenti tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir.

"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın Baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbuledilməzdir."

Nazirlik imzalanan ilk gündən Ermənistanın üçtərəfli bəyanatın bir çox müddəalarını yerinə yetirmədiyini, Rusiyanın da öz öhdəlikləri çərçivəsində bunu təmin etmədiyi vurğulanır.

"...məhz Rusiya Federasiyasının tərəf olduğu 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ də tam olaraq çıxarılması təmin edilməyib. Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir."-bəynatda vurğulanır.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.

2023-cü ilin aprelində Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" sərhəd-buraxılış məntəqəsi qurulub.

Ermənistan bunu 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın pozulması kimi qiymətləndirib.

Azərbaycan isə postun Laçın dəhlizi ilə Qarabağa silah və başqa qanunsuz yüklərin daşınmasının qarşısını almaq məqsədilə qurulduğunu açıqlayıb.

XS
SM
MD
LG