Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:08

Rusiya həbsxanalarından sağ çıxanlar oradakı 'iyrənc’ yeməyi unuda bilmirlər


Məhbus yeməyi
Məhbus yeməyi

Yaşı 35-i haqlayanda Moskvada həbs edilən Mariya həyat haqqında çox şey bildiyini düşünürdü. Ancaq o, Rusiya həbsxanalarındakı yeməyi hələ görməmişdi.

"İnsanlara belə şeylər yedirildiyini bilmirdim", - 2021-22-ci illərdə həbs cəzası çəkən Mariyanın sözləridir. "Memorial" insan haqları təşkilatı onun həbsinin siyasi motivli olduğunu bildirmişdi.

Keçmiş məhbusların CurrentTimeTV-yə dediyinə görə, Rusiya həbsxana və təcridxanalarında saxlanan yüz minlərlə məhbusa hər gün alaçiy sıyıq, bişməmiş çörək, iylənmiş ət kimi qəribə şeylər yedirilir. Onların söylədiklərindən bu nəticəyə gəlmək olar ki, tərəvəz çatışmazlığı, sağlam qida tapıb hazırlamaq imkanlarının məhdudluğu çox standart haldır.

CurrentTimeTV-nin müxbiri Elya Novopaşennayanın hazırladığı bu məqalədə kimliyinin gizli saxlanması üçün adının dəyişdirildiyi Mariya həbsxana sıyığını hazırlayıb göstərməyə çalışsa da, bacarmayıb.

Böyük sual

BMT-nin "Məhbuslarla davranışa dair standart minimum qaydalar"ı var. Rusiyanın nəhəng həbsxana sistemində məhbuslara verilən qidanın yeyilə bilən olması və məhbusları sağlam saxlaya bilməsi böyük bir sualdır. CurrentTimeTV-nin hazırladığı material bu sualların cavabının "yox" olduğunu göstərir.

Keçmiş məhbus İvan Astaşin xatırlayır ki, Arktikada yerləşən keçmiş QULAQ şəhəri Norilskdəki bir həbsxananın menüsü "çox dadlı" görünürdü. Qaydalar məhbuslara eyni yeməyi həftədə iki-üç dəfədən çox verməyi yasaqladığından menüdə raqu, ət qızartması və kartoflu bozartma kimi müxtəlif yeməklər vardı. Di gəl, boşqaba qoyulan həmişə eyni şey olurdu: ərazidə geniş yayılmış maral əti və kartof.

Rusiyanın üç həbsxana və beş təcridxanasında 10 ilə yaxın məhbus həyatı yaşayan Astaşin indi məhbus hüquqlarını qoruyur. Özü də, vəkilləri də ona qarşı irəli sürülən terrorizm ittihamının siyasi motivli olduğunu deyir. 2020-ci ildə azadlığa buraxılan Astaşin 2022-ci ildə xanımı ilə birgə Rusiyanı tərk edib.

Moskvadakı Butırka həbsxanasında yemək işçisi
Moskvadakı Butırka həbsxanasında yemək işçisi

Ancaq onun həbsxana yeməyi ilə bağlı xatirələri hələ də "diri" qalıb: "Səhər yeməyi həmişə süddə, yaxud suda bişmiş buğda, yulaf, yaxud arpa sıyığı olurdu. İçindəki dən də o qədər az olurdu ki, bəzən sıyıq yerinə təkcə su görürdün".

Onun sözlərinə görə, nahar çox vaxt kartof olurmuş. Ancaq bəzən yanında kələm, yaxud arpa və nəsə bilinməyən və ya "ətə bənzər bir şey" də olurmuş. Onun da yanında kompot, yaxud bir növ turş giləmeyvə və buğdadan hazırlanan kisel verilirmiş.

"İylənmiş və çox qorxunc maral əti"

Şam yeməyinə yenə kartof, kələm, yaxud arpa, yanında da "bir tikə balıq və ya balıq kotleti" verilirmiş.

Astaşin deyir ki, Rusiya Federal Penitensiar Xidməti (FSİN) iddia edir ki, məhbuslara gündə 100 qram ət verilir, ancaq Norilskdəki həbsxanada verilən o qara, donmuş maral əti "çox qorxunc" görünür və, adətən, çox pis iylənirdi. "Onu yemək mümkün deyildi", - Astaşin belə deyir. Məhbəs yoldaşları və işçilər bu ətin həbsxanaya göndərilməzdən öncə on illərlə buzxanada saxlandığını söyləyirlərmiş.

Astaşin həbsxanada verilən çörəyin də alaçiy olduğunu deyir.

Mariyanın sözlərinə görə, həbsxanada insanlar ehtiyacları olan tərəvəzi tapa bilmirlər.

FSİN qaydalarında deyilir ki, məhbuslara gündə 500 qram təzə, donmuş, yaxud konservləşdirilmiş tərəvəz verilməlidir. Ancaq Mariya tərəvəzi yalnız kimsə onun üçün həbsxanaya gətirəndə yeyə bildiyini deyir: "Mən heç vaxt bilməmişəm ki, … insan tərəvəzə divara dırmaşacaq qədər yerikləyə bilər. Çox şükür, heç olmasa, həftədə bir dəfə bir çay qaşığı kələm turşusu var. Onu alanda bu, gerçəkdən bayram sayılır!".

Kişi Moskvadakı Lefortovo həbsxanasına ərzaq çantaları aparır.
Kişi Moskvadakı Lefortovo həbsxanasına ərzaq çantaları aparır.

Həbsxana yeməyi ilə həyatda qalmaq mümkün deyil?

Bu ilin iyununda FSİN "Moskovski Komsomolets" qəzetinə bildirib ki, bütün məhbuslar üçün qida "enerji tərkibi, zülal, yağ və karbohidrat nisbəti baxımından balanslaşdırılmış qidalanma tələblərinə cavab verir".

Mariya bununla razılaşmır: "Əgər bir qadının kənarda heç kimi yoxdursa, o, əlbəttə, həbsxana yeməyi ilə həyatda qalmayacaq, axı yeməli deyil".

Di gəl, kənardan yeməyin gəlməsi də hələ yaxşı qidalanmaq imkanı demək deyil.

Keçmiş məhbuslar deyirlər ki, həbsxana və təcridxanalarda özlərinə yemək hazırlamağa çalışan məhbuslar üçün, demək olar, heç bir avadanlıq yoxdur. Məhbusları, adətən, plitələrə də yaxın buraxmırlar.

Astaşin deyir ki, əgər bir məhbus normal şorba bişirmək istəyirsə, içəridəki dükandan plastik vedrə alıb şorbanı plastik vedrənin içərisində su qızdırıcısı ilə qaynatmalıdır.

Onun sözlərinə görə, inqredientləri hazırlamaq üçün bıçaq yoxdur, ancaq nəzarətçilərə pul verəndə istədiyin şeyi gətirə bilərlər. Belə işçilər olmayanda isə alüminium qaşığı, yaxud başqa bir əşyanı itiləyib ondan yararlanırlar.

XS
SM
MD
LG