Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Müharibədən narazı rusiyalılar. ‘Mətbəxdə öz aralarında danışırlar’


Moskvada Ukrayna müharibəsinə etiraz aksiyası, 24 fevral, 2022-ci il
Moskvada Ukrayna müharibəsinə etiraz aksiyası, 24 fevral, 2022-ci il

2022-ci il fevralın 24-dən əvvəl Rusiyanın Ukrayna sərhədinə qoşun toplaması ətrafında gərginlik yüksək olsa da, Moskvanın qonşusunun üzərinə genişmiqyaslı hücumu Rusiya vətəndaşlarını şoka salmışdı.

"Əlbəttə xatırlayıram. Aydın səmada ildırım kimi idi. Mənə elə gəlirdi. …Fevralın 24-ü ildırım kimi çaxdı. Son dəqiqəyə qədər buna inanmaq istəmirdim”, – Ural bölgəsindəki Perm şəhərində yaşayan 84-yaşlı rəssam İvan Koretnikov deyir.

Rusiyalıların mütləq çoxluğu Ukraynaya qarşı müharibəni passiv, yaxud aktiv dəstəkləsə də, minlərlə vətəndaş prezident Vladimir Putinin hücum qərarından dəhşətə gəlmiş, özlərinin və ölkələrinin həyatının bir gecədə dəyişdiyini qəfildən anlamışdı.

AzadlıqRadiosunun “İdel.Realii” xidməti son bir ildə müharibəni dəstəkləməyən onlarla rusiyalıdan müsahibə alıb. Onların çoxu müharibəyə qarşı çıxdıqları üçün cərimə, yaxud həbs cəzası ilə üzləşiblər.

“Başımı itirmişdim”

İyulda müharibəyə etiraz edən bir qadın hələ də həmvətənlərini, Rusiya vətəndaşlarını etiraz etməyə çağırır, Ukraynada baş verənlərlə bağlı sakit qalmalarının insanları öldürəcəyini deyirdi.

"Sadəcə şokda idim. Əvvəlcə düşündüm ki, bu, maliyyə sabitsizliyi demək olacaq və məni ən çox bu qorxutdu. Sonra anladım ki, real müharibədir və insanlar öldürülür. Dəli oldum. …Növbəti bir neçə günü dalğın idim. Nə edəcəyimi, bununla necə yaşayacağımızı bilmirdim… Başımı itirmişdim”, – Kirov şəhərində hüquq fakültəsindən yeni məzun olan Polina Muxaçova deyir.

Başqırdıstanın paytaxtı Ufada xoreoqraf olan İlmira Raxmatullinanın hekayəsi də buna bənzəyir: "Fevralın 23-dən 24-nə keçən gecə bacımla mən ümumiyyətlə yatmadıq. O qədər narahat idik ki, yata bilmədik. Müharibənin başladığını, demək olar ki, dərhal öyrəndik. Əlbəttə, baş verənlərdən şok və qorxu içində idik”.

“Müharibə xəbəri məni qəfil yaxaladı”

Ufanın 450 kilometr cənub-qərbində yerləşən Samarada Vladimir Avdonin dünyasının dəyişdiyini deyir: "Müharibə xəbəri məni qəfil yaxaladı. Əvvəlcə şokda idim. Sonra tezcə anladım ki, hərəkət etməliyəm, sakit qalmaq mümkün deyil. [Anladım ki,] biz, bütün Rusiya vətəndaşları baş verənlərə görə məsuliyyət daşıyırıq. Elə həmin gün birnəfərlik etiraz aksiyası keçirməyə hazırlaşmağa başladım”.

Rusiyada fərdi piketlər texniki baxımdan qanuni olsa da, bu cür aksiya keçirən insanlar müntəzəm saxlanılır və “polis əməkdaşına tabe olmama” və “həbsə müqavimət” kimi ittihamlarla üzləşməli olur.

"Heç nə etməyib sakit qalırsansa, cinayətin ortağına çevrilirsən. Mənim Putinin cinayətlərinə ortaq olmaq niyyətim yox idi”, – deyə Avdonin xatırlayır.

Rusiya ordusu Ukraynanın içərilərinə doğru irəlilədikcə müharibə ilə bağlı fikir ayrılıqları Rusiyada ailələri parçalayırdı.

“Anam bərk narahat idi ki...”

Apreldə başına yaşıl lent bağladığı üçün (o zaman müharibəyə etiraz edənlər sülh rəmzi kimi yaşıl lentdən istifadə edirdilər) həbs olunan Kirov sakini Muxaçova deyir ki, valideynləri ona müharibəyə qarşı fikirlərini ifadə etməməyi tapşırıblar.

"Onlar düşünürlər ki, ən yaxşısı sakit oturmaq və onların təbirincə desəm, diqqət cəlb etməməkdir. Ən çox edə biləcəkləri şey mətbəxdə öz aralarında danışmaqdır. Anam az-çox neytraldır. Atamsa müharibəni dəstəkləyir. Nənəmlə mən müharibəyə qarşıyıq. Heç kim heç kimin fikrini dəyişə bilməz. Anam bərk narahat idi ki, siyasi müzakirələr ailəmizi məhv edəcək. Ona görə də sakit durub konfliktlərdən yayınmağa çalışır”, – Muxaçova deyir.

Müharibəyə qarşı çıxan kazanlı dissident İskander Gabraxmanov deyir: "Anam… baş verənləri nə qınayır, nə də dəstəkləyir. Ancaq atam Sovet İttifaqını bərpa etmək istəyir. Bu onun böyüdüyü, gəncliyini keçirdiyi ölkədir və o düşünür ki, çox gözəl zamanlar idi. Onun fikrini anlasam da, qətiyyən razı deyiləm”.

Riyaziyyat müəlliminin etirazı

Rusiya Ukraynaya hücum edəndə Yelena Baybekova Həştərxanda riyaziyyat müəllimi idi. Xəbəri eşidəndə onun artıq hüquq-mühafizə orqanları ilə problemi vardı. O, fevralın 22-də şəhərin mərkəzi meydanında müharibə əleyhinə təkadamlıq aksiya keçirmişdi.

"Ticarət mərkəzinin qarşısında üzərində “Putin=mühariə=böhran=deqradasiya=beynəlxalq düşmənçilik” yazılmış plakatla dayanmışdım. Yoldan keçən bir adamın qəzəblənib polisə zəng vurduğunu özüm gördüm və başqa küçəyə keçdim”, – Baybekova deyir.

İki gün sonra onun evinə polis gəlib və onu saxlayıb. Çünki qonşusu onun eyvanından mavi-sarı Ukrayna bayrağı asıldığını polisə xəbər verib. Baybekovaya beş sutka həbs cəzası veriblər.

"Məhkəmə dinləməm üç dəqiqə çəkdi. Sonra məni dayanmadan siqaret çəkən alkoqoliklərin olduğu kameraya atdılar", – deyə o xatırlayır.

Həbsdən buraxılanda işlədiyi məktəbin direktoru işə gəlmədiyi üçün ona töhmət verib. Apreldə isə onu işdən qovublar.

"Mən həbsdə olanda müəllimlər məni tam dəstəklədiklərini, ancaq mənim kimi hərəkət edə bilmədiklərini yazdılar. Ancaq bu 56 nəfərlik kollektivdən cəmi iki müəllim idi”, – Baybekova deyir.

13 mindən çox rusiyalı saxlanıb

Rusiyada repressiyaların monitorinqi ilə məşğul olan “OVD-Info”nun məlumatına görə, hücumun ilk həftələri ərzində 13 mindən çox rusiyalı müharibəyə etiraz etdiyi üçün saxlanıb. Onların bəziləri polis qəddarlığı ilə üzləşib. Hökumət tələm-tələsik müharibəyə istənilən formada etiraza görə ağır cəza qanunları qəbul edib. Müstəqil media və insan haqları qrupları bağlanıb, yaxud ölkədən çıxarılıb. Artıq ilin sonlarında müharibəyə etiraz edənlərə daha uzunmüddətli həbs cəzaları kəsilirdi.

Sentyabrda Putinin səfərbərlik elanından sonra etiraz dalğası yenilənsə də, Rusiyada müharibə əleyhinə ciddi ictimai hərəkat formalaşmayıb.

Muxaçova, Avdonin, Koretnikov və Gabdraxmanov Rusiyada qalıblar. İşdən qovulan Yelena Baybekova hücumdan bir neçə ay sonra Rusiyanı tərk edərək Almaniyadan siyasi sığınacaq istəyib. Ufalı İlmira Raxmatullina və bacısı isə Ermənistana gediblər.

XS
SM
MD
LG