Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:11

Rusiya hətta rus dilini bilməyən rusları da ölkəyə gətirmək istəyir


Rusiyanın Daxili İşlər Nazirliyi ölkədə repatriasiya təsisatının yaradılmasını və qanunvericiliyə “repatriant” termininin daxil edilməsini təklif edib.

Bu barədə nazirlikdə Rusiya prezidentinin fərmanı kimi hazırlanmış layihədə deyilir.

Sənəddə qeyd olunur ki, repatriasiya təsisatı xaricdə yaşayan soydaşların Rusiyaya könüllü köçürülməsi üzrə dövlət proqramı çərçivəsində yaradılacaq.

Kimlərə aiddir?

Layihə müəllifləri Rusiya Federasiyasına köçmək istəyənlərin aşağıdakı kateqoriyalarını “repatriant” hesab edirlər:

24 fevral 2022-ci il (Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun başlandığı gün) vəziyyətinə görə daimi olaraq xaricdə yaşayanlar;

keçmiş Rusiya vətəndaşları;

RSFSR-də (keçmiş Rusiya Sovet Federativ Sosialist Respublikası) doğulmuş və yaşamış, habelə keçmişdə SSRİ vətəndaşlığı olmuş şəxslər;

RSFSR-də və ya Rusiya imperiyasına daxil olmuş ərazilərdə və ya SSRİ ərazisində və Rusiya Federasiyasının dövlət sərhədləri içərisindəki ərazilərdə doğulmuş və ya yaşamış şəxslərlə birbaşa qohumluğu olan şəxslər.

Rus dilini bilməsələr də olar

Layihədə repatriantlara müvəqqəti yaşayış hüququ verilmədən birbaşa daimi yaşayış hüququnun verilməsi planlaşdırılır.

Bundan başqa belə şəxslərin rusca danışa bilməməsi maneə sayılmayacaq.

Layihədə qeyd olunur ki, “Rusiya Federasiyasına, Rusiya hüquqi və fiziki şəxslərinə düşmən hərəkətlər edən xarici ölkələrdə yaşayan ruslardan rus dilini bilmələri tələb olunmayacaq”.

Belə ölkələrin siyahısı Rusiya hökuməti tərəfindən tərtib edilib.

Layihənin izahat hissəsində bildirilir ki, bu kateqoriyadan olan şəxslərə rus dilini icbari olaraq bilmələri tələbinin qoyulması onlarda Rusiya Federasiyasına qarşı etimadsızlıq yarada bilər.

Səfərbərlik və müharibədən qaçanlar

Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun ardınca yüz minlərlə rusiyalı ölkəni tərk edib.

Bunların böyük bir qismi ötən ilin payızında Rusiya prezidenti Vladimir Putin qismən səfərbərlik barədə fərman verəndən sonra gedənlərdir.

Rusiyada səfərbərlikdən və müharibədən yayınmaq istəyənlərin əsas hissəsi Mərkəzi Asiya ölkələrinə gedib.

Rosstatın məlumatına görə 2022-ci il ərzində Rusiyadan 24 milyon nəfər çıxıb. Bu, 2021-ci ildə olduğundan 3 milyon nəfər çoxdur.

Bu statistikaya turist kimi səfər edənlər, ezamiyyətə və ya daimi yaşayş yeri kimi xaricə gedənlər daxildir.

Rəsmi olaraq daimi yaşayış yerini dəyişənlərin sayı çox azdır. 2022-ci ildə xaricdə yalnız 22 rusiyalı daimi yaşayış hüququ alıb.

Bunlardan 21-i Qazaxıstanda, 9-u Türkiyədə, hərəsində 1 nəfər olmaqla Monqolustan və Tacikistanda yaşayır.

XS
SM
MD
LG