Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:31

Rusiya qazı niyə hələ də Ukrayna ərazisindən Avropaya axıdılır?


Sudjada qaz nasos stansiyası
Sudjada qaz nasos stansiyası

Savaş başladılandan 2 il yarım ötsə və çox sayda sanksiya tətbiq edilsə də, Rusiya təbii qazı hələ də Avropaya Ukrayna ərazisindən keçən boru kəmərləri şəbəkəsi ilə ötürülür. Ukrayna Rusiyanın Kursk vilayətinə daxil olub, Sudja şəhəri yaxınlığındakı qazölçmə stansiyasını ələ keçirəndən sonra da durum dəyişməyib.

"The Associated Press" Rusiya qazının Ukraynadan keçərək axıdılmasının əsas məqamlarını göstərən açıqlayıcı məqalə dərc edib.

Ukraynanın boru kəmərlərindən keçən Rusiya qazı kimə çatır?

Qərbi Sibir qaz mədənlərindən axan maye qaz Sudjadan Ukrayna sərhədini aşaraq həmin ölkənin boru kəmərləri sisteminə ötürülür. Bu boru kəmərləri Ukrayna-Slovakiya sərhədindən Avropa İttifaqı ərazisinə daxil olandan sonra şaxələnir və qazı Avstriya, Slovakiya və Macarıstan müəssisələri arasında paylaşdırır.

Təbii qazdan elektrik enerjisi istehsalında, sənaye proseslərinin enerji ilə təminatında və bəzi hallarda evlərin qızdırılmasında yararlanırlar.

Sudja ölçmə stansiyasında durum necədir?

Qaz əvvəlki qaydada axmağa davam edir. Ukrayna özünün boru kəməri sistemindən axan qazı istənilən vaxt kəsə bilərdi. Hərbi sirlər, eləcə də jurnalist və müşahidəçilərə çıxışın olmaması stansiyaya hazırda kimin nəzarət etdiyini dəqiqləşdirməyi çətinləşdirir.

Ukrayna qaz ötürmə sistemi şirkətinin məlumatına görə, avqustun 13-də Sudja stansiyasından 42.4 milyon kubmetr qazın keçməsi nəzərdə tutulmuşdu. Bu, təxminən son 30 günün ortalama göstəricisinə uyğundur.

Nə üçün hələ də Rusiyadan Avropaya qaz gedir?

Ukrayna və Rusiyanın müharibədən öncə əldə etdiyi beş illik razılaşmaya görə, Rusiya Avropaya Ukraynanın boru kəməri sistemi ilə bəlli həcmdə qaz göndərməyə razılıq verib. Bu boru kəməri sistemi hələ hər iki ölkə SSRİ-nin tərkib hissəsi olduğu dövrdə yaradılıb.

"Qazprom" bu qazın satışından pul qazanır, Ukraynaya isə tranzit ödəmələri çatır.

Bu razılaşma bu ilin sonunadək sürəcək. Ukraynanın enerji naziri Qerman Qaluşşenko bildirib ki, Ukraynanın bu sazişi uzatmaq, yaxud əvəz etmək niyyəti yoxdur.

İşçi Kiyevdən kənarda, Boyarka kəndində qaz kompressor stansiyasında klapan çevirir.
İşçi Kiyevdən kənarda, Boyarka kəndində qaz kompressor stansiyasında klapan çevirir.

Müharibədən öncə Rusiya boru kəmərləri vasitəsilə Avropanın təbii qaz ehtiyacının 40 faizə qədərini təchiz edirdi. Qaz dörd boru kəməri sistemi ilə nəql olunurdu. Onlardan biri Baltik dənizinin altından, ikincisi Belarus və Polşadan, üçüncüsü Ukraynadan keçirdi. Dördüncüsü isə Qara dənizin altından və Türkiyədən keçərək Bolqarıstana gedən "Turk Stream" kəməri idi.

Savaş başlayandan sonra Rusiya ödəmələrin rublla edilməsi ilə bağlı mübahisələri əsas gətirərək Baltik dənizi və Belarus-Polşa boru kəmərləri vasitəsilə axıdılan qazın çox hissəsini kəsib. Baltik kəməri sabotaj aktı nəticəsində partladılıb. Ancaq bu hücumun detalları hələ də tam aydınlaşdırılmayıb.

Rusiyanın qaz axınını dayandırması Avropada enerji böhranı doğurub. Almaniya borularla deyil, gəmilərlə daşınan mayeləşdirilmiş təbii qazı idxal edə bilmək üçün üzən terminalların quraşdırlmasına milyardlarla avro xərcləməyə məcbur qalıb. Qiymətlər artdıqca istehlakçılar da daha çox qənaət etməyə başlayıblar. Yaranan boşluğu dolduran Norveç və ABŞ Avropada iki ən iri qaz təchizatçısına çevrilib.

Rusiyanın qaz nəqlini dayandırmasını enerji şantajı kimi görən Avropa 2027-ci ilədək Rusiyadan qaz idxalını tam dayandırmaqla bağlı planlarını açıqlayıb.

Təbii qaz ixracından qazanılan pullar Rusiyanın dövlət büdcəsini dəstəkləyir və rublun gücləndirilməsinə kömək edir. Ancaq bununla yanaşı, Rusiya qazı heç vaxt yasaqlanmayıb. Bu, Avropanın keçmişdə və bəlli anlamda indi də Rusiya enerji qaynaqlarından nə dərəcədə asılı olduğunun bariz göstəricisidir.

Sudjadan keçən qaz nə dərəcədə önəmlidir? Avropanın qaz idxalının 3 faizə qədəri Sudjadan keçir. Ötən il bu göstərici təxminən 15 faiz idi. Enerji idxalatçısı olan və enerji qiymətlərinin artması nəticəsində yüksək inflyasiya ilə üzləşən Avropa narahatdır. Sudja axını Avstriya, Slovakiya və Macarıstan üçün vacibdir. Bu axın olmasa, həmin ölkələr yeni təchizat mənbələri tapmağa məcbur qalacaq.

Avropanın qaz ehtiyacı artır, Azərbaycan nə təklif edir?
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

Rusiya qazının Avropaya nəqlinin gələcəyi necə olacaq?

Avropa İttifaqı 2027-ci ilədək Rusiya qazıntı yanacağının idxalına son qoymaq planı hazırlayıb. Ancaq son zamanlarda bu istiqamətdə irəliləyiş hamar olmayıb.

Avstriya son iki ildə Rusiyadan qaz idxalını 80 faizdən 98 faizə qaldırıb. İtaliya birbaşa idxalı dayandırsa da, hələ də Avstriya vasitəsilə Rusiya qazını almaqdadır.

Üstəlik, Avropa mayeləşdirilmiş qaz almağa davam edir. Mayeləşdirilmiş qaz ötənilki qaz ixracının 6 faizi qədərdir. Ticarət rəqəmləri bu ilin ilk yarısında Fransaya göndərilən mayeləşdirilmiş təbii qaz həcminin iki dəfədən çox artdığını göstərir.

Aİ üzvü olan Rumıniya və Macarıstanın Rusiyadan qaz idxal edən Türkiyə ilə qaz sövdələşmələri var. Londonda Kral Beynəlxalq Əlaqələr İnstitutunun aparıcı tədqiqatçısı Armida van Riy deyir ki, "Rusiya qazı Avropanın davam edən yüksək tələblərinə cavab vermək üçün Azərbaycan və Türkiyə vasitəsilə yuyulur".

O bu zamana qədər Avropanın Rusiya qazından istifadəni azaltmaq cəhdlərini "heyrətamiz" sayır, ancaq əlavə edir ki, "siyasi gerçəklik belədir ki, çoxu onsuz da yüksək inflyasiya və yaşayış xərcləri böhranı ilə üz-üzə qalan Avropa ölkələri üçün öz enerji təchizatlarını şaxələndirmək son dərəcə çətindir".

XS
SM
MD
LG