Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:31

Rusiyada vətənə xəyanət hökmləri erası başlanır


Rusiyada vətənə xəyanət ittihamıyla saxlananlar
Rusiyada vətənə xəyanət ittihamıyla saxlananlar

Rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murza Rusiyanın Ukraynaya hücumunu tənqid etdiyi üçün 25 illik həbs cəzasına məhkum edilib. Beynəlxalq ictimaiyyətin qınadığı bu hökm postsovet dövründə Kremlin opponentinə verilən ən ağır cəzadır.

Hökmün 18 ili "vətənə xəyanət” iddiası ilə verilib. Rusiya hökuməti bu ittihamdan get-gedə daha çox istifadə edir. Kara-Murza aprelin 10-da məhkəmədə son sözündə Prezident Vladimir Putinin götürdüyü istiqamətlə bağlı xəbərdarlıq edib. O baş verənləri Stalin dövründə Böyük Terror zamanı prokurorlara və gizli polisə verilən səlahiyyətlə müqayisə edib:

"Məhkəməmin gizlilik və təhqir baxımından hətta 1960-cı və 1970-ci illərin sovet dissidentlərinin məhkəməsini də nə dərəcədə ötüb keçdiyini görüb çox təəccübləndim. Heç prokurorluğun tələb etdiyi ağır cəzanı, yaxud “dövlətin düşmənləri” söhbətini demirəm. Bu mənada biz 1970-ci illərdən çox uzağa, ta geriyə, 1930-cu illərə getmişik. Tarixçi olaraq mənim üçün bu, düşünməyə bir fürsətdir”.

Rusiyanın Ukraynaya qarşı müharibəsinin sonu görünmür. Putin hökuməti Federal Təhlükəsizlik Xidmətinin (FSB) əli ilə çox sayda vətəndaşa cinayət işi açıb. “Vətənə xəyanət” ittihamı ilə açılan bu cinayət işlərinin müasir Rusiya tarixində analoqu yoxdur.

Yaşıl işıq

"Onlara cinayət işi açmağa yaşıl işıq yandırılıb. Bu işlər ən yüksək səviyyədə araşdırıldığı üçün böyük ehtimalla [göstəriş] ən yuxarıdan, FSB-nin Təhqiqat şöbəsinin Birinci departamentindən gəlir”, – insan haqları vəkili, “Birinci department” insan haqları layihəsinin rəhbəri Dmitri Zair-Bek deyir.

Jurnalist İvan Safronov 2022-ci ilin sentyabrında 22 illik həbs cəzasına məhkum edilib. O özünə qarşı irəli sürülən vətənə xəyanət ittihamını rədd edib. Bu ittiham siyasi motivli hesab edilir.

"Bu, ölkənin siyasi rəhbərliyi və təhlükəsizlik orqanlarının özü üçün [bu işlərin] nə qədər əhəmiyyət kəsb etdiyini göstərir”, – Zair-Bek vurğulayır.

Aprelin 4-də TASS dövlət xəbər agentliyi Uralda, Nijni-Taqil şəhərində FSB əməkdaşlarının adı çəkilməyən bir evli cütlüyü vətənə xəyanət ittihamı ilə həbs etməsi haqda xəbər yayıb. Cütlüyün Ukrayna gizli xidmətlərinə “hərbi-texniki məlumat ötürdüyü” iddia olunur. Bu ifadə adətən silah istehsalı ilə bağlı məlumata şamil edilir.

Martın 13-də FSB Novqorod bölgəsində kimliyini açıqlamadığı bir kişini Ukraynanın xeyrinə casusluğa görə həbs etdiyini xəbər verib. Qurum bildirib ki, həmin şəxs səfərbər olunmuş Rusiya əsgərlərindən Ukraynadakı hərbi birliklərinin yerləşdiyi məkanları öyrənməyə çalışırmış.

Sadəcə “S”

Fevralda Xantı-Mansi bölgəsində məhkəmə kimliyi göstərilməyən vətəndaşa vətənə xəyanət ittihamı ilə 12,5 il həbs cəzası kəsib.

"Məhkəmə qapalı olub. Məhkəmə müttəhimin adını, yaşını, yaxud cinsini açıqlamayıb”, – “Sibir.Realii”nin fevralın 21-də yaydığı xəbərdə deyilir. Xəbərdə müttəhimin adının sadəcə “S.” kimi göstərildiyi qeyd olunur.

2022-ci ildə Rusiyada vətənə xəyanət ittihamı ilə 22 cinayət işi açılıb. Bu il hələlik, bu qəbildən azı 20 cinayət işinin açıldığı bildirilib. Onlardan doqquzu təkcə mart ayına aiddir. 2023-cü ildə açılan işlərin yarıdan çoxu Uzaq Şərqin payına düşür.

“2023-cü ilin sonuna bu maddə ilə 100-dək iş haqda öyrənəcəyimizi proqnozlaşdırıram”, – insan haqları müdafiəçisi Yevgeni Smirnov AzadlıqRadiosunun “Amerikanın Səsi” ilə birgə layihəsi olan “Nastoyaşeye Vremya”ya söyləyib.

Ancaq açıqlanan işlər sadəcə aysberqin ucu da ola bilər. Rusiyada xəyanət ittihamı ilə açılan işlər o qədər gizli aparılır ki, onlar ictimaiyyətə yalnız hökumətin açıqlamaları ilə çatdırılır. Smirnov deyir ki, FSB yalnız “özünə sərf edən” məlumatı açıqlayır.

“Onların sayı daha çox ola bilər”

Zair-Bekin dəyərləndirməsi də buna bənzərdir.

"Məncə, bütün xəyanət işlərinin yalnız 30-40 faizə qədərini bilirik. Əslində, onların sayı daha çox ola bilər”, – o, Azadlıq Radiosuna bildirib.

Keçmişdə Rusiyada vətənə xəyanət ittihamı ilə açılan cinayət işlərində, demək olar, bütün müttəhimlər alimlər, rəsmi şəxslər, yaxud gizli məlumata çıxışı olan hərbçilər idi. İndi isə ittiham olunanlar ən müxtəlif adamlardır.

"Fikrimcə, xəbər tutduğumuz işlərdə ittihamlar kifayət qədər əsassız görünür. …Şübhəli şəxslər sadəcə, kütlənin içindən çıxarılmış tamamilə adi insanlardır”, – Zair-Bek deyir.

Bu şəxslərin hamısı uzun həbs qətimkan tədbiri, qapalı məhkəmə və 20 ilədək həbs cəzası ilə üzləşməli olur.

Furqalı dəstəkləyən hərəkat üzvü?

Martın 13-də FSB Xabarovsk şəhərində Ukrayna ordusuna pul göndərdiyi iddia olunan bir qadının həbs edildiyini bildirib. Onun haqqında verilən yeganə məlumat keçmiş qubernator Sergey Furqalı dəstəkləyən regional etiraz hərəkatının üzvü olmasıdır. Furqalın 2020-ci ildə seçkilərdə Kremlin namizədinə böyük fərqlə qalib gəlməsindən sonra həbsi xalqın qəzəbinə və həftələrlə davam edən nümayişlərə səbəb olmuşdu.

Furqalı dəstəkləyən qrup yaydığı bəyanatda bunun “Sergey Furqal hərəkatını diskreditasiya etmək cəhdlərinin davamı” olmasından şübhələndiyini bildirib.

"O zaman bütün adamlarımızdan soruşdum. Onların heç biri saxlanmayıb. Buna görə də şübhələnirik ki, bu, FSB-nin tryukudur. Sadəcə, televiziyada göstərməyə bir şey olsun… Bizimkilərdən heç kim o qadını tanımır. Bu, xalis təxribatdır. Sayımız o qədər çox deyil ki, onu tanımayaq”, – ictimai fəal Valentin Kvaşnikov AzadlıqRadiosuna deyib.

Ömürlük həbs cəzası

Aprelin 7-də Rusiya parlamentinin aşağı palatası, Dövlət Duması Cinayət Məcəlləsinə düzəlişlər qəbul edib. Vətənə xəyanətə görə ömürlük həbs cəzası təklif edilir. Dumanın qanunvericilik komitəsi artıq təklifi ilkin oxunuşda qəbul edib.

Hüquqşünas Smirnov deyir ki, cəzanın ağırlaşdırılması xəyanət ittihamı üzrə təqibləri asanlaşdıra və artıra bilər.

"Ümumən, bu maddə ilə saxlanılan adamlar adətən günahlarını etiraf edirlər, yaxud da müstəntiqlərlə razılığa gəlib əvvəlcə günahlarını boyunlarına alır, sonra isə cinayətdə, adətən xəyanətdə ittiham olunan başqa bir adama qarşı ifadə verirlər. [Hökumət] düşünür ki, ömürlük həbs cəzası insanları qorxudaraq müstəntiqlərin istədiyini gerçəkləşdirməyə məcbur etməyi asanlaşdıracaq.

Potensial qurbanların kimlər olacağını demək mümkün deyil. Çörək satanlar. İşsizlər. Bütün ölkə boyunca, etdiklərinin xəyanət sayıla biləcəyindən xəbəri olmayan tamamilə təsadüfi adamlar”, – o söyləyir.

XS
SM
MD
LG