Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:15

'Sea Breeze'dəki kütləvi davaya görə həbs olunan məmur övladları azadlığa buraxıldılar


"Sea Breeze"də dava anı
"Sea Breeze"də dava anı

Nardaran qəsəbəsindəki "Sea Breeze" istirahət mərkəzində kütləvi davaya görə həbs olunmuş məmur övladları, eləcə də qohumları azadlığa buraxılıblar. Xuliqanlıqda suçlanan Elmir İsmayılov, Peyman VəlizadəMəhəmməd Həsənzadənin hər birinə ilyarım həbs cəzası kəsilib. Həbsdə qaldıqları 9 ayın hər günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulduğundan verilən cəza da bitmiş sayılıb və onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Adları çəkilən üç nəfərlə birgə yetkinlik yaşına çatmayan daha bir nəfər də mühakimə edilirdi. Sumqayıt məktəblərindən birinin 10-cu sinif şagirdi olan bu təqsirləndirilən şəxs yaşına görə və təhsildən kənarda qalmaması üçün istintaq və məhkəmə dövründə həbs olunmamışdı. Martın 6-da məhkəmənin yekun hökmündə ona da digərləri ilə eyni cəza kəsilib.

"Sea Breeze"dəki dava üzündən aylardır Sabunçu rayon Məhkəməsində ayrı-ayrılıqda iki məhkəmə prosesi gedirdi. Bunlardan birinə baxılarkən müttəhimlər kürsüsündə yuxarıda sadalanan dörd nəfər vardı. Bu işdə iki nəfər – Elnur MəmmədovCavad Muradov isə zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, sözügedən dörd nəfər "Sea Breeze"də dava salaraq iki zərərçəkmişi döyüblər.

Təqsirləndirilənlər ittihamı qəbul etməyiblər

E.İsmayılov istisna olmaqla, qalan üç nəfər "Sea Breeze"də dava başlarkən heç orada olmadıqlarını deyiblər. Onların sözlərinə görə, Mərdəkandakı restoranda E.İsmayılovla birlikdə qardaşı Elgün olub: "Qardaşı Elgünə zəng elədi ki, gəl, məni xəstəxanaya apar. Biz də eşitdik, Elgünlə birlikdə "Sea Breeze"ə gəldik".

Təqsirləndirilən gənclər "Sea Breeze"dəki davaya görə zərərçəkmiş E.Məmmədovu suçlayaraq deyirlər ki, o, içkili vəziyyətdə söyüş söyüb, davaya başlamasaydı, bu hadisələr yaşanmayacaqdı.

Təqsirləndirilənlər cinayət işinin materiallarında da olayın təhrif olunduğunu deyir və bildirirlər ki, onları günahkar çıxarıb E.Məmmədovu məsuliyyətdən qurtarmaq üçün müstəntiq "Sea Breeze"də yaşananları ittihamda fərqli göstərib.

Bu işdə zərərçəkmiş olan C.Muradov "Sea Breeze"dəki dava ilə bağlı digər cinayət işində təqsirləndirilən şəxsdir. O, Şamxal Məmmədov adlı daha bir nəfərlə birlikdə mühakimə edilir. Hər ikisi həbsdədir.

Digər məhkəmə prosesi martın 6-da yekunlaşsa da, C.Muradovgilin mühakiməsi davam edir. Digər işdə təqsirləndirilən E.İsmayılov, P.Vəlizadə və M.Həsənzadə isə onların məhkəməsində zərərçəkmiş statusundadırlar.

Hər iki məhkəmə prosesində zərərçəkmişlərlə təqsirləndirilənlər arasında barışıq olub.

Xatırlatma

"Sea Breeze"dəki davaya görə cinayət işlərində adları keçən Elmir və Elgün İsmayılov qardaşları Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri olmuş Üzeyir İsmayılovun övladlarıdır. Onlar, eyni zamanda, 2006-2018-ci illərdə müdafiə sənayesi naziri olmuş mərhum Yavər Camalovun qohumudur. İsmayılov qardaşlarının əmisi baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun kürəkənidir.

Bir məhkəmədə zərərçəkmiş, digərində təqsirləndirilən C.Muradovun atası Vahid Muradov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə rəisidir.

"Sea Breeze"dəki davanın başlamasına görə suçlanan E.Məmmədovun atası Leysan Məmmədov isə Minatəmizləmə Agentliyində Aparat rəhbəri, daha sonra paytaxtın Binəqədi rayonunda icra başçısının birinci müavini olub. Ötən ilin aprelində icra başçısının müavini vəzifəsindən çıxarılan L.Məmmədov hazırda bir sıra böyük tikinti layihələrinə rəhbərlik edir.

XS
SM
MD
LG