Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:42

Azərbaycan seçkiyə hansı iqtisadi durumda gedir?


İlham Əliyevin tərəfdarları prezident seçkisindəki qələbəsini qeyd edirlər. 2018
İlham Əliyevin tərəfdarları prezident seçkisindəki qələbəsini qeyd edirlər. 2018

Dekabrın 7-də prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama görə, növbədənkənar prezident seçkiləri gələn il fevralın 7-də, yəni cəmi iki ay sonra baş tutacaq. Prezident seçkilərinin niyə bir il öncəyə çəkilməsi ilə bağlı iqtidar təmsilçiləri açıqlama verməyib. Ekspertlərin fikrincə, Qarabağın tam azad olmasından sonra prezidentin yüksələn reytinqindən elə indi yararlanmaq, qarşıdakı ildə sosial durumun kəskinləşmə ehtimalı, rəqibləri hazırlıqsız yaxalamaq kimi səbəblər erkən seçki qərarına təsir göstərib.

Demokratik seçki institutunun olduğu ölkələrdə seçkilərə ən çox təsir edən amillərdən biri ölkə hökumətin performansıdır. Azərbaycanda seçki institutunun durumunu seçicilər də, beynəlxalq təşkilatlar da heç vaxt müsbət qiymətləndirməyib. Ancaq bütün hallarda seçki dövründə ölkədə iqtisadi durum vətəndaşların qərarına ən çox təsir göstərən amillərdən biridir. Bəs Azərbaycan iki ay sonrakı seçkiyə hansı iqtisadi ortamda gedir?

İqtisadiyyat yerində sayır

Ölkə iqtisadiyyatının durumunu qiymətləndirərkən ağla gələn ilk göstərici Ümumi Daxili Məhsuldur (ÜDM). ÜDM bəlli zamanda ölkədə istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. Bu göstəricinin ötən illə müqayisədə nə qədər dəyişməsi ölkə iqtisadiyyatının durumunu göstərir. Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı göstəricilərə görə, bu ilin ilk 10 ayı ərzində Azərbaycan iqtisadiyyatı 0.5 faiz böyüyüb. İl başlanandan bəri heç bir ayda Azərbaycan iqtisadiyyatında ÜDM-in artımı 1 faizə çatmayıb. Unutmaq olmaz ki, 2023-cü il başlayarkən hökumət il ərzində ölkə iqtisadiyyatının 2.7 faiz böyüyəcəyini proqnozlaşdırmışdı. Deməli, ÜDM-in indiki artım göstəricisi hökumətin ilin əvvəlindəki proqnozundan təxminən beş dəfə aşağıdır. ÜDM-in 0.5 faiz artımı əslində ölkə iqtisadiyyatında durğunluq yaşandığını üzə çıxarır.

Azərbaycanda iqtisadi artımın aşağı olmasının əsas səbəbi ölkədə neft hasilatının azalmasıdır. Ölkə iqtisadiyyatının enerjidaşıyıcılardan yüksək asılılığına görə neft və qaz sənayesində baş verənlər bütün ölkə iqtisadiyyatının durumuna təsir göstərir. Azərbaycanın ixracının 90 faizindən çoxu, büdcə gəlirlərininsə yarısı enerji sektoru hesabına formalaşır. Hökumət iqtidara gəldiyi ilk gündən bəri ölkədə qeyri-neft sektorunu inkişaf etdirəcəyini bildirsə də, enerjidaşıyıcıların ixracda və büdcə gəlirlərindəki payında kəskin dəyişikliklər baş verməyib.

Hazırda Azərbaycanın makroiqtisadi göstəriciləri bir çox region ölkələri ilə müqayisədə də aşağıdır. Məsələn, Azərbaycanda ÜDM artımının 0.5 faiz olduğu dövrdə eyni göstərici Gürcüstanda 6.2 faiz, Ermənistanda 6 faizdir. Beynəlxalq maliyyə qurumlarının proqnozları qarşıdakı illərdə də digər Güney Qafqaz ölkələrində iqtisadi artımın Azərbaycandan daha yüksək olacağını göstərir.

İki ildir sürən yüksək inflyasiya

İqtisadi artımla yanaşı, inflyasiya səviyyəsi də hökumətin iqtisadi performansını qiymətləndirmək baxımından vacib göstəricidir. İqtisadi artımla yanaşı, inflyasiya göstəricisi baxımından da hökumətin göstəriciləri uğurlu deyil. DSK-nın məlumatına görə, hazırda ölkədə inflyasiya göstəricisi 10.2 faizdir, başqa deyimlə, ikirəqəmli həddədir. Mərkəzi Bankın inflyasiya ilə bağlı hədəf göstəricisi 2-6 faiz aralığında idi. Deməli, indiki inflyasiya göstəricisi hökumətin hədəflədiyi həddən təxminən iki dəfə yüksəkdir. Onu da unutmaq olmaz ki, yüksək inflyasiya artıq Azərbaycanda xronikləşir. Ötən ilin yanvarından bəri artıq ard-arda 22 aydır ki, ölkədə ikirəqəmli inflyasiya var. Qiymət artımlarının iki ildir yüksək səviyyədə olması ölkə əhalisinin sosial durumunun daha da pisləşməsinə yol açır və ikirəqəmli inflyasiyanın belə uzun müddət sürməsi hökumətin inflyasiya siyasətinin də uğursuzluğunu göstərir.

İnflyasiya göstəricisi baxımından da regionda ən pis göstərici Azərbaycanda qeydə alınır. Hazırda Azərbaycanda inflyasiya 10.2 faiz olduğu halda, Gürcüstanda və Ermənistanda eyni göstərici 0.1 faizdir. Başqa sözlə, demək olar, hər iki ölkədə qiymət artımları dayanıb.

İxrac da azalıb

2023-cü ildə ölkənin ixrac gəlirləri də azalıb. Ötən ilin ilk 10 ayında Azərbaycan toplam 34.7 milyard dollar ixrac gəliri əldə etmişdi. Bu ilin eyni dövründə ixrac gəliri 29.3 milyard dollar olub. Deməli, son bir ildə Azərbaycanın ixracdan əldə etdiyi gəlir 5.4 milyard dollar azalıb.

İdxalsa, əksinə, son bir ildə daha da artıb. Ötən ilin ilk 10 ayı ərzində Azərbaycan xarici ölkələrdən məhsul alışına 11.5 milyard dollar xərcləmişdi. Bu il həmin rəqəm üç milyard dollara yaxın artaraq 14.1 milyard dollara yüksəlib. İxracın azalması, idxalınsa, əksinə, artması ölkənin xarici ticarət saldosunu kəskin azaldıb. Belə ki, ötən il Azərbaycanın ixracı onun idxalını 23 milyard dollar qabaqlayırdısa, bu il həmin göstərici 15 milyard dollara enib.

Açıqlanan rəsmi rəqəmlərdən aydın olur ki, indi ölkədə nə ÜDM artımı, nə inflyasiya göstəricisi yaxşı durumdadır. Xarici ticarətdən əldə edilən gəlir də ötən illə müqayisədə aşağı düşüb. Azərbaycanda rəsmi gəlirlər, yoxsulluq və işsizlik göstəriciləri ilə bağlı real durumu göstərən rəsmi statistika açıqlanmadığından bu istiqamətlərdəki vəziyyəti qiymətləndirmək çətindir. Ancaq yüksək inflyasiya və iqtisadi durğunluq ortamında sosial göstəricilərin də aşağı düşməsi qaçılmazdır.

XS
SM
MD
LG