Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:12

Parlament xarici ölkə parlamentlərinə Laçın yolundakı vəziyyətlə bağlı müraciətlər göndərib


İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov və Rusiya Sülhməramlı Kontingentinin komandiri Andrey Volkov.
İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov və Rusiya Sülhməramlı Kontingentinin komandiri Andrey Volkov.

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələri xarici ölkə parlamentlərinə Laçın yolundakı aksiya ilə bağlı məktublar göndəriblər.

Bu barədə parlamentin mətbuat xidmətinə istinadla Azərtac məlumat yayıb.

Agentliyini məlumatına görə, dünya parlamentlərinə göndərilən məktublarda qeyd olunub ki, etirazlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərindəki Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və Ermənistana daşınması ilə bağlıdır.

Həmçinin xəbərdə o da vurğulanır ki, göndərilən məktublarda Laçın yolundakı məhdudiyyətlərin azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya sülhməramlı kontingenti tərəfindən yaradıldığı bildirilir.

Rusiya Müdafiə nazirliyi isə yolun Rusiya sülhməramlı kontingenti tərəfindən deyil, Azərbaycan fəalları tərəfindən bağlandığını iddia edir və yolun açılması üçün tərəflər arasında danışıqların aparıldığını vurğulayır.

Amma aksiya yeridən yayılan videolarda görünür ki, aksiya keçirənlərin dayandığı ərazidən Rusiya kontingentinə məxsus yük maşınları hər hansı bir maneə olmadan keçib gedirlər.

Aksiyaçılar foto və videolar paylaşaraq yolun Rusiyaya məxsus hərbi texnika ilə bağlandığını bildirirlər.

Azərbaycsnın Ekologiya və Təbbi Sərvətlər nazirliyi İqtisadi İnkişaf nazirlikləri Rusiya sülhməramlılarının nəzarətində olan iki böyük mədəndə monitorinq aparmaq istədiyini açıqlayıb.

Yayılan rəsmi məlumatlarda qeyd olunub ki, bununla bağlı Rusiya sülhməramlılarının komandanı ilə danışıqlar aparılıb, amma ərazidə yaşayan erməni sakinlərin müdaxiləsi səbəbindən monitorinq baş tutmayıb.

Dekabrın 3-ü, 7-si və 10-da mədənlərdə baş tutmayan monitoriqlərdən sonra vətəndaş cəmiyyəti nümayəndələri və ekologiya fəalları Laçın yolunun Şuşa şəhəri yaxınlığındakı hissəsində aksiyaya başlayıblar.

Sonuncu dəfə İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Əmlak məsələləri Dövlət Xidməti və "AzerGold" QSC-in nümayəndələrindən ibarət heyət dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında görüş keçirib.

***

AŞPA həmməruzəçiləri Laçın dəhlizini açmağa çağırırlar

AŞPA-nın Azərbaycan və Ermənsitan üzrə həmməruzəçiləri Laçın dəhlizi ilə hərəkət azadlığının bərpasına çağırıblar.

AŞPA-nın Azərbaycan və Ermənistan üzrə dörd həmməruzəçisinin 16 dekabr tarixli birgə bəyanatında deyilir:

“Biz Laçın dəhlizində azad hərəkətin dayanmasından və bunun əhali üçün nəzərəçarpacaq çətinlik yaratmasından dərin narahatlıq keçiririk”.

Azərbaycan üzrə həmməruzəçilər - britaniyalı İan Liddel-Qrangerin (Ian Liddell-Granger) və norveçli Liz Kristoffersenin (Lise Christoffersen), habelə Ermənistan üzrə həmməruzəçilər – finlandiyalı Kimmo Kulyunen (Kimmo Kiljunen) və isveçli Boryana Aberqin (Boriana Åberg) bəyanatında deyilir ki, hazırda davam edən situasiya və Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhlə bağlı məsələlər dekabrın 15-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar (Toivo Klaar) və ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bris Rokfeylin (Brice Roquefeuille) iştirakı ilə AŞPA-nın Monitorinq Komitəsində müzakirə olunub.

Bəyanatda deyilir:

“Biz, regiona fakttoplama missiyasının göndərilməsi də daxil lazım olan bütün siyasi dəstəyi göstərməyə hazır olduğumuzu bildiririk”.

***

Rusiya sülhməramlıları ilə danışıq yenə alınmayıb

İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Əmlak məsələləri Dövlət Xidməti və "AzerGold" QSC-in nümayəndələrindən ibarət heyət dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında görüş keçirib.

Bu barədə jurnalistlərə Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirilib. Onun sözlərinə görə, görüşdə əvvəldən təqdim olunmuş yol xəritəsinə uyğun olaraq, "Qızılbulaq" qızıl, "Dəmirli" mis-molibden yataqlarında monitorinq və inventarizasiya işlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

"Təəssüflər olsun ki, adıçəkilən yataqlarda baxışın keçirilməsi üçün şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb", - o vurğulayıb.

Azərbaycanın hökumət qurumları bundan əvvəl də bir neçə dəfə Qarabağdakı yataqlarda monitorinq aparmaq çün Rusiya Sülhməramlıları Kontingentinin rəhbərliyi ilə danışıqlar aparıblar. Amma onlar, hələlik, istəklərini gerçəkləşdirə bilməyiblər.

Bu açıqlamaya Rusiya Sülhməramlıları Kontingentinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Azərbaycanın rəsmi qurumlarının məlumatına görə, Qarabağda 150-dən çox faydalı qazıntı yatağı var və onun 5-i qızıl yataqlarıdır.

Qarabağa qaz təchizatının bərpa olunduğu deyilir

Qarabağdakı separatçı rejimin "dövlət naziri" Ruben Vardanyan dekabrın 16-da bəyan edib ki, Azərbaycan heç bir ilkin şərtsiz regiona qaz təchizatını bərpa edib. O, Laçın dəhlizinin də bu gün açılacağını istisna etməyib, beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi təzyiqi əsas gətirib.

"Yol bu gün açıla bilər. Bu onların qərarıdır, çünki hiss etdilər ki, necə bir səhvə yol veriblər, buna görə də həm burada, həm də xaricdə böyük təzyiqlə üzləşiblər", – Vardanyan vurğulayıb.

Azərbaycan isə Qarabağa qazın Ermənistandan verildiyini deyirdi.

R.Vardanyanın sabah, dekabrın 17-də Xankəndində ümummilli mitinq elan etdiyi xəbər verilir.

AİHM Azərbaycana vaxt verib

AzadlıqRadiosunun erməni xidməti "Azatutyun" yazır ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanın ərizəsinə cavab olaraq Azərbaycana dekabrın 19-u Avropa vaxtı ilə günorta 4-dək vaxt verib.

Ermənistan məhkəmədən tələb edib ki, Azərbaycana münasibətdə aralıq tədbirlərə əl atsın, onu Laçın dəhlizini açmağa vadar etsin.

Rəsmi Bakı məhkəmənin qoyduğu vaxtadək Ermənistanın sorğusuna cavab verməlidir. Bundan sonra AİHM yekun qərar qəbul edəcək.

Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizi dekabrın 12-də səhərdən bağlanıb. Orada aksiya keçirən azərbaycanlılar ətraf mühit məsələlərini qaldırırlar.

Rəsmi Moskva Laçın dəhlizinin bağlanması haqqında: 'Yolverilməzdir'

Rusiya Laçın dəhlizinin bağlanmasından narahatdır, yaxın gələcəkdə orada nəqliyyat əlaqəsinin tam bərpa olunacağına ümid edir. Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib. Zaxarova filiz yataqlarının işlənməsi ilə bağlı tərəflər arasında fikir ayrılığının dəhlizin bağlanmasına səbəb olduğunu bildirib. Onun sözlərinə görə, sülhməramlı kontingent gərginliyin azaldılması üzərində fəal işləyir.

Zaxarova deyir ki, 2020-ci il 9 noyabr üçtərəfli bəyanatını imzalamaqla tərəflər öhdəliklər götürüblər və onları sözsüz yerinə yetirmək lazımdır. "Mülki əhalinin həyatına problemlər yaratmaq yolverilməzdir", – o vurğulayıb.

"Ayrıca olaraq, Rusiya sülhməramlılarına münasibətdə əsassız ittihamları və provokativ hərəkətləri də şərh etməliyik. Haradan qaynaqlanmasından asılı olmayaraq, onları yolverilməz və qeyri-səmərəli hesab edirik. Rusiya sülhməramlı kontingenti öz tapşırıqlarını effektli yerinə yetirir, regionda sabitliyin qarantı kimi çıxış edir", – Zaxarova əlavə edib.

Paşinyan Şuşa-Laçın yolunun bağlanmasından danışdı
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Paşinyan Qarabağda humanitar vəziyyətin 'həddən artıq' pisləşdiyini deyir

Son günlər Qarabağda humanitar vəziyyət həddən artıq pisləşib. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 15-də hökumətin iclasında deyib. O, Bakını 2020-ci il 9 noyabr üçtərəfli sazişini "birbaşa və kobud" şəkildə pozmaqda suçlayıb.

Baş nazir Azərbaycanın əvvəlcə Laçın dəhlizini, daha sonra Qarabağa təbii qaz ötürən qaz xəttini bağladığını deyərək Bakını provokasiyada günahlandırıb: "Minlərlə insan, o cümlədən uşaqlar soyuq qış günlərində yollarda qalıb, çoxsaylı ailələr bir-birindən ayrı düşüb, blokadanın müxtəlif tərəflərində qalıb...".

Rəsmi Bakı Şuşa-Laçın yolunu orada etiraz aksiyası keçirən azərbaycanlı fəalların deyil, Rusiya sülhməramlı kontingentinin bağladığını deyir. Qaz təchizatına gəlincə, Qarabağın qaz təchizatını Ermənistanın həyata keçirdiyi bildirilir.

Paşinyan Azərbaycanı beynəlxalq öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Qeyd edib ki, 9 noyabr sazişində Ermənistan ərazisindən hər hansı dəhlizin çəkilməsi nəzərdə tutulmayıb. "Ermənistanın imzaladığı heç bir sənəddə bu məsələ yoxdur", -o vurğulayıb.

Jurnalistlər Şuşadan qaytarılıb

Şuşa-Laçın yolunda artıq dörd gündür davam edən etiraz aksiyasını işıqlandırmağa gedən bəzi jurnalistlər geri qaytarılıblar.

Bu barədə Azadlıq Radiosuna Meydan TV-nin əməkdaşı Xəyalə Ağayeva məlumat verib. Onun sözlərinə görə, dekabrın 14-də o, Meydan TV-nin digər əməkdaşı Aytac Tapdıq və müstəqil jurnalist Teymur Kərimovla hadisə yerindən geri qaytarılıblar.

O qeyd edib ki, çəkiliş edərkən mülki paltarlı və qara maskalı şəxslər onları saxlayıb, daha sonra Bakıya yola salınıblar.

Jurnalistlərə hər hansı izahın verilmədiyi deyilir. Lakin bildirdiklərinə görə, telefonlarına baxış keçirərək çəkdikləri kadrları siliblər.

Daxili İşlər Nazirliyindən (DİN) isə "Turan"a bildirilib ki, jurnalistlər saxlanılmayıb, keçid üçün icazələrin olmadığı üçün geri qaytarılıblar.

Azəriqaz: 'Sözügedən ərazilərdə qaz təchizatını Ermənistan həyata keçirir'

"Azəriqaz" İstehsalat Birliyinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə qaz təchizatının dayandırılması ilə heç bir əlaqəsi yoxdur. Bu haqda qurumun dekabrın 14-də yaydığı açıqlamada deyilir.

"Azəriqaz" bildirir ki, sözügedən ərazilərdə qaz təchizatını Ermənistan həyata keçirir və Azərbaycanın qaz təchizatı sisteminə inteqrasiya olunmayıb.

Bununla belə, qeyd edilir ki, yaxın günlərdə soyuq hava şəraiti ilə bağlı qaz xəttinin Azərbaycanın nəzarətində olan ərazilərdən keçən hissəsində texniki diaqnostika işləri aparılacaq: "Ümumilikdə texniki diaqnostikaların həyata keçirilməsi davamlı və təhlükəsiz qazın təchizatına hesablanan addımlardan biri kimi qiymətləndirilir".

Açıqlamada deyilir ki, Azərbaycanın qaz təchizatının dayandırması haqda deyilənlər beynəlxalq ictimaiyyətin çaşdırılmasına xidmət edir.

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan hökumətinin Qarabağda ermənilərin yaşadığı ərazilərə qaz verməməsi haqda məlumatlar yayılır.

Laçınla həmsərhəd olan Tex kəndində ilişib qalmış erməni sürücülər danışdı
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Qarabağdakı separatçılar qənaət rejiminə keçir

Laçın dəhlizinin 48 saatdan çoxdur bağlı qalması ilə əlaqədar Qarabağdakı separatçı rejim yanacağa qənaət rejiminə keçdiyini bildirib. Bu haqda Facebook səhifəsində separatçı rejimin "dövlət naziri" Ruben Vardanyan məlumat verib.

Vardanyanın sözlərinə görə, qərar ona görə verilib ki, bu vəziyyətin nə qədər davam edəcəyi, yanacaq təchizatının təşkilinin nə qədər çəkəcəyi bəlli deyil.

"Hökumət, bütün dövlət qurumları və idarələri üçün qənaət rejiminə keçmişik. Qənaət rejimi bütün məmurlara aiddir, heç kəsin xüsusi imtiyazı yoxdur", – deyən Vardanyan yalnız fövqəladə xidmətlər üçün xüsusi rejimin qüvvədə olduğunu bildirib.

Vardanyan əlavə edib ki, separatçı rejim yaranmış durumun həllindən ötrü konstruktiv danışıqlara hazırdır, bir şərtlə ki, onlar bütün tərəflərin iştirakı ilə aparılsın.

ABŞ və Aİ Azərbaycanı Laçın dəhlizini açmağa çağırdı

Dekabrın 13-də ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays (Ned Price) Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı tvit yazıb: "Laçın dəhlizinin bağlanmasının kəskin humanitar nəticələri var və bu, sülh prosesini geriyə atır. Biz Azərbaycan hökumətini dəhlizlə sərbəst hərəkətin bərpasına çağırırıq. İrəliyə doğru yol danışıqlardan keçir".

Aİ-dən çağırış

Dekabrın 13-də Avropa İttifaqı da Azərbaycan hakimiyyətini 9 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq, Laçın dəhlizi ilə hərəkətin sərbəstliyini və təhlükəsizliyini təmin etməyə çağırıb.

Aİ Xarici siyasət xidmətinin mətbuat katibi Peter Stano deyib: "Belə bir sərbəstliyin məhdudlaşdırılması yerli əhali üçün rahatsızlıq yaradır və humanitar narahatlığa səbəb olur".

Stano qeyd edir ki, "başqa məsələlər tərəflər arasında dialoq və məsləhətləşmələrlə həll edilə bilər".

O vurğulayıb ki, Avropa İttifaqı bu məsələdə tərəflərə dəstək verməyə hazırdır.

Stano özünün Twitter mikrobloqunda habelə Qarabağın qaz təchizatının kəsilməsi ilə bağlı Avropa İttifaqının narahatlığını qeyd edir.

Separatçılar sülhməramlılara müraciət ediblər

Qarabağ separatçılarının liderləri bölgəni Ermənistanla birləşdirən Laçın yolunun açılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət ediblər. Müraciətdə xatırladılır ki, Laçın dəhlizinin fasiləsiz işinin təmin edilməsi 9 noyabr 2020-ci il üçtərəfli bəyanatı ilə təsbit edilib.

Dekabrın 13-də Ermənistan XİN-in BMT Təhlükəsizlik Şurasına və ATƏT-in Minsk qrupuna müraciətində deyilir ki, Azərbaycanın Laçın dəhlizindəki hərəkətləri böyük miqyasda humanitar fəlakətə səbəb ola bilər.

Ermənsitan XİN-in bəyanatda iddia edilir ki, Azərbaycan tərəfi Laçın dəhlizinin bağlanmasına hələ bir neçə ay bundan əvvəl hazırlaşırdı.

Azərbaycan tərəfi isə Ermənistanı Qarabağa Laçın dəhlizi ilə silah-sursat gətirməkdə, Rusiya sülhməramlılarını isə bu qanunsuz hərəkətlərin qarşısını almamaqda ittiham edir.

Xatırlatma

Dekabrın 13-də hələ də bir qrup Azərbaycan vətəndaşı Laçın-Xankəndi yolunu bağlı saxlayıblar. Qarabağda Rusiya Sülhməramlı Kontingentinin yerləşdiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarına etiraz etdiklərini bildirən həmin şəxslər gecə saatlarında da yolu boşaltmayıblar.

+++

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG