Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:45

Ədliyyə Nazirliyi partiyalarda "qüsurlar" partiyalar isə onda "yanlışlıqlar" aşkarladıqlarını deyirlər


Milli Məclis
Milli Məclis

Ədliyyə Nazirliyi siyahıların təftişindən sonra REAL Partiyasının 483, Müsavat Partiyasının 2185, AXCP-nin 1818, AĞ Partiyasının isə 4435 üzvünü keçərli hesab edib

Azərbaycanda siyasi partiyalar bu il yanvarın 11-də qüvvəyə minən yeni “Siyasi partiyalar haqqında” qanuna uyğun təkrar qeydiyyat üçün üzvlərinin siyahılarını Ədliyyə Nazirliyinə göndərirlər.

1992-ci ildən siyasi partiyaların fəaliyyətini tənzimləmiş qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoymuşdu. Yeni qanun qeydiyyat həddini 5000 üzvə qaldırıb. Dövlət qeydiyyatında olan 60-a yaxın partiyaya üzvlərinin sayını 5000 nəfərə çatdırmaq, onların reyestrini (siyasi partiya üzvünün adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsi) hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etmək üçün 180 gün vaxt verilib. Həmin müddət iyulun 10-da bitib.

30 partiya fəaliyyətini dayandırıb, 4 partiya isə...

Bu ara təqribən 30 partiya fəaliyyətini dayandırıb.

Qalanlardan artıq 4 partiya – REAL Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası və AĞ Partiya Ədliyyə Nazirliyinə göndərdikləri müraciətlərə mənfi cavab aldıqlarını bildiriblər. Onların hamısına siyahılarda müxtəlif nöqsanların tapıldığı deyilib.

Ədliyyə Nazirliyi siyahıların təftişindən sonra REAL Partiyasının 483, Müsavat Partiyasının 2185, AXCP-nin 1818, AĞ Partiyasının isə 4435 üzvünü keçərli hesab edib. Ədliyyə Nazirliyi partiyalara siyahıları təkmilləşdirməsi üçün 30 gün vaxt verib.

Ədliyyə Nazirliyindən ilk mənfi cavab iyulun 17-də REAL Partiyasına gəlib. REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Azadlıq Radiosuna bildirib ki, Ədliyyə Nazirliyinin göndərdiyi rəqəmlərin özündə də ciddi boşluqlar var idi:

“Biz onlara bu qeyri-dəqiqliklərlə bağlı məktub şəklində iradımızı bildirdik və indi siyahı üzərində işləyərək bəzi problemlərin həllinə çalışırıq. Məsələn, orada zəng olunub və REAL üzvü olmadıqlarını bildirən adamlar qeyd olunmuşdu. O siyahını biz dəqiqləşdirdik və orada böyük əksəriyyəti partiyanın üzvü olduqlarını bizə təsdiqlədi”.

N.Cəfərli deyib ki, Ədliyyə Nazirliyinin reyestrində adı tapılmayan adamlara gəlincə isə bu problem nazirliyinin özündən qaynaqlanır: “Çünki bizdə həmin adamların ərizələri və kontaktları da var. Bəzilərinin adında, soyadında, doğum tarixində hərf və ya rəqəm səhvi olub, bu səhvlərin düzəlməsi üstündə iş gedir. Biz nazirliyə 5118 üzvünün siyahını təqdim etmişdik, onların 4 minə yaxın üzvü ilə bağlı məlumatlarını artıq təsdiqləyə bilmişik”.

"Bu zaman kəsimində də qeyri-dəqiqlikləri aradan qaldırıb..."

Onun sözlərinə görə, partiyanın avqust ayının 17-ə qədər zamanı var, bu zaman kəsimində də qeyri-dəqiqlikləri aradan qaldırıb siyahını Ədliyyə Nazirliyinə təhvil verəcəklər: “Ümid edirəm ki, problemin həllində kifayət qədər irəliləyiş əldə olunacaq”.

Müsavat Partiyasının başqanı Arif Hacılı isə AzadlıqRadiosuna deyib ki, partiya 5212 nəfərin siyahısını təqdim etmişdi: “Ədliyyə Nazirliyinin bizə verdiyi məlumatlardan aydın olur ki, onlardan 504 nəfərin partiya üzvlüyü şübhə altına alınıb, digər şəxslər barədə isə olan problemlər faktiki olaraq texniki problemlər kimi qeyd olunub”.

A.Hacılının sözlərinə görə, ən yüksək rəqəm nazirliyin reyestrində şəxslər haqqında məlumatların yanlış göstərilməsi ilə bağlıdır:

"Problem hakimiyyətin əlində olan reyestrdədir"

“Onların sayı 2766-dır. Biz yoxlamışıq və məlum olub ki, bu 2766 nəfərin mütləq əksəriyyətinin məlumatlarında hansısa texniki qüsur yoxdur. Problem bizim təqdim etdiyimiz sənəddə yox, problem hakimiyyətin əlində olan reyestrdədir. Məsələn, partiya rəhbərliyində olan şəxslər haqqında həmin reyestrdə məlumat yoxdur”.

Partiya başqanı əlavə edib ki, yoxlamalar davam edir və eyni zamanda əlavə siyahılar hazırlanır: “Yəqin ki, yaxın zamanlarda yenilənmiş və bir daha yoxlanmış siyahıları Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

AXCP sədr müavini Seymur Həzi isə bildirib ki, partiyanın sorğusu əsasında Ədliyyə Nazirliyi siyahıları təqdim edib:

"Ədliyyə Nazirliyinin yol verdiyi xeyli yanlışlıqları aşkarlamışıq"

“Təşkilat şöbəsi hazırda bu siyahılar üzərində işləyir. Biz orada Ədliyyə Nazirliyinin yol verdiyi xeyli yanlışlıqları aşkarlamışıq. Yoxlama prosesi davam edir”.

S.Həzi qeyd edib ki, qeydiyyat üçün siyahılar yenidən Ədliyyə Nazirliyinə göndəriləcək.

AĞ Partiyanın sədri Tural Abbaslı isə deyib ki, iyulun 5-də Ədliyyə Nazirliyinə 10001 nəfər üzvlərin siyahısı göndərilib: “Təqdim etdiyimiz siyahının Ədliyyə Nazirliyi tərəfindən yoxlanışının ilkin nəticələrinə görə 4435 nəfər üzvümüz qeydə alınmışdır. 3414 nəfər reysterdə görünmədiyi üçün bu şəxslər barəsində məlumatlar tərəfimizdən dəqiqləşdiriləcək. Tərəfimizdən dəqiqləşdirilməsinə ehtiyac olduğu daha 1424 nəfərin partiya üzvü olmadığı, 430 nəfərin məlumatlarının təkrarlandığı və s. məlumatlar qeyd edilmişdi”.

“Əminəm ki,..."

Onun sözlərinə görə texniki səbəblərdən reysterdə adları çıxmayan 3414 nəfər və partiyaçı olmadığı qeyd edilən 1424 nəfər ən qısa zamanda araşdırılıb Ədliyyə Nazirliyinə təqdim ediləcək: “Əminəm ki, onların da böyük əksəriyyəti AĞ partiyaçı kimi qeydə alınacaqlar”.

Ədliyyə Nazirliyindən də "Turan"a bildirilib ki, yeni “Siyasi Partiyalar haqqında” qanuna əsasən partiyanın azı 5.000 üzvü olmalıdır və onlar üzvlərinin reyestrini onlara təqdim etməlidirlər.

Habelə bildirilib ki, qanunun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib: “Digər 27 siyasi partiya ( hakim Yeni Azərbaycan Partiyası qeydiyyatdan keçib) isə üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib”.

Nazirlik : "Vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi..."

Nazirlikdən əlavə olunub ki, partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində bir sıra qüsurlar – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair müəyyən olunub: “Bununla bağlı partiyalara müvafiq məlumat verilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmasının zəruriliyi diqqətə çatdırılıb”

Xatırlatma

Azərbaycanda siyasi partiyalar haqqında yeni qanun 2022-ci ilin sonunda qəbul edilib və 2023-cü ilin 11 yanvarında qüvvəyə minib.

Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) bu, yeni qanunu haqqında birgə rəy açıqlayıb.Birgə rəydə yeni qanunda siyasi partiya üzvlərinin minimum sayının 1000 nəfərdən 5000 nəfərə qədər artırılması, artıq qeydiyyatdan keçmiş partiyaların təkrar qeydiyyatı, dövlət qeydiyyatı olmayan partiyaların fəaliyyətinə qadağan qoyulması və başqa bir sıra məqamlarla bağlı tənqidlər səslənib.

Rəsmilər bu tənqidləri qəbul etmirlər.

XS
SM
MD
LG