Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:22

'Putinin hədəfi nəticə deyildi, 'əsas söz sahibi mənəm' mesajı vermək idi'


Soçidə Əliyev-Putin-Paşinyan görüşü. 31 oktyabr 2022
Soçidə Əliyev-Putin-Paşinyan görüşü. 31 oktyabr 2022

Oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilib. Görüşdən əvvəl Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirmişdi ki, bu görüş Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına kömək edə bilər.

Görüşdən sonra da Rusiya Prezidenti Vladimir Putin dedi ki, o, çox faydalı olub: "Məncə, bu görüş bəzi prinsipial məsələlər barədə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı".

Lakin Rusiya prezidenti vurğulayıb ki, razılaşdırılmayan məsələlər də olub: "Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq…".

Dördüncü birgə bəyanat

Bununla belə, tərəflər üçtərəfli görüşün yekunları ilə bağlı bəyanat (sayca dördüncü) qəbul ediblər, bundan əvvəlki üç bəyanatlarının (9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021) icrasına sadiq olduqlarını bildiriblər.

Bəyanatda Rusiya sülhməramlı kontingentinin Qarabağda təhlükəsizliyin təmin olunmasına mühüm töhfəsi qeyd edilib, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində səylərinin aktuallığı vurğulanıb.

H.Babaoğlu
H.Babaoğlu

"Azərbaycan prezidenti bəyan etdi ki…"

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Hikmət Babaoğlu "Turan"a deyib ki, həmin üçtərəfli görüş Ermənistan diplomatiyasının fiaskosu ilə başa çatıb: "Ermənistan hesab edirdi ki, bu görüşə yaxşı hazırlaşıblar, onlar Rusiya Federasiyasını siyasi baxımından kifayət qədər əsaslı formada şantaj etməyi bacarıblar. Praqa bəyannaməsindən sonra Avropa İttifaqının (Aİ) müşahidəçilərinin regiona gəlməsinə nail ola biliblər, eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq üçün fikir bəyan ediblər. Nəhayət, bu fonda ictimai dəstək kimi də Xankəndidə kütləvi mitinq təşkil etdiriblər".

Deputatın sözlərinə görə, Ermənistan düşünürdü ki, belə olan halda, Rusiya Paşinyanı Qərbdən ayırmaq üçün bu dəfə müəyyən güzəştlər edəcək və Azərbaycana təzyiq göstərə biləcək: "Ancaq Azərbaycan prezidentinin qətiyyətli mövqeyi bunların hamısını puça çıxartdı və ikitərəfli (Azərbaycan və Rusiya) görüşdə Azərbaycan prezidenti bəyan etdi ki, Qarabağ problemi tarixə qovuşub, biz iki il əvvəl onu həll etmişik".

Moskva və ya Brüssel formatının müqayisəsinə gəldikdə H.Babaoğlu bildirib ki, Azərbaycan heç bir variant axtarmır: "Kimsə hansısa təklifini irəli sürə bilər. Amma istər Brüssel formatının təşəbbüskarları, istərsə də Moskva və ya Soçi formatının təşəbbüskarları bir daha dərk etdilər ki, burada əsas Azərbaycanın mövqeyidir, onunla hesablaşmaq lazımdır".

Q.İbadoğlu
Q.İbadoğlu

"Soçı görüşündə Rusiya məqsədinə çatıb"

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu isə hesab edir ki, Soçı görüşündə Rusiya məqsədinə çatıb: "Birincisi, bu görüş Praqa görüşünün nəticələrinin sıfırladı. İkincisi, "sülhməramlılar"ın indiyə qədərki fəaliyyətinə hər iki tərəfin müsbət qiymət verməsinə nail olundu və onların gələcək fəaliyyətinə təminat aldı".

Onun fikrincə, Rusiya özünü sülhpərvər, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təminatçısı kimi göstərdi: "Həmçinin Azərbaycanın mənafeyinə uyğun gələn "Vaşinqton planı"nı arxa plana keçirtdi".

Partiya sədri görüşlə bağlı rəsmi təbliğata da toxunub: "Hakimiyyətyönlü mətbuat Soçi görüşünü Azərbaycan tərəfinin qələbəsi, İlham Əliyevin diplomatik zəfəri kimi təqdim edir. Halbuki, yekun bəyanatda nə Azərbaycan və onun ərazisi olan Naxçıvan arasında nəqliyyat xətti ilə əlaqədar, nə də erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı bir kəlmə belə var​".

"Soçidəki üçtərəfli görüş nəticəsiz olub"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da AzadlıqRadiosuna bildirib ki, Soçidəki üçtərəfli görüş nəticəsiz olub: "Tərəflər arasında baxışlarda 180 dərəcə fərqlər var. Bunları bir günün içində Soçidə görüşməklə həll etmək mümkün deyildi".

E.Şahinoğlu
E.Şahinoğlu

Siyasi şərhçi Rusiya prezidentinin "bəzi məsələləri razılaşdıra bilmədik" sözlərini xatırladaraq qeyd edib ki, bu, Azərbaycanın xeyrinə olub: "Çünki o razılaşdırıla bilmədikləri məsələ, çox güman ki, elə bizə aid idi və bizə təzyiq vasitəsi idi. Putin Valday Forumunda çıxışında Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirdi, Qarabağı mübahisəli ərazi kimi dəyərləndirdi".

Ekspert hesab edir ki, hazırda Azərbaycan üçün ən faydalı Avropa İttifaqı formatıdır: "Bu, Azərbaycan prezidentini də razı salır, Ermənistanın baş naziri üçün də faydalıdır. Dörd görüş keçirilib və beşinci bu ay keçiriləcək və sülh sazişi üzərində iş gedir. Sadəcə Rusiya buna mane olmağa çalışacaq".

"Hər iki tərəf Putinin vasitəçiliyində…"

Politoloqun fikrincə, V.Putinin həmin görüşünün əsas hədəfi hər hansı nəticə əldə etmək deyildi, hamıya "burada əsas söz sahibi mənəm" mesajını vermək idi: "Amma faktiki olaraq dünən həm İlham Əliyev, həm də Nikol Paşinyan Putinə qırmızı kart göstərdi. İlham Əliyev görüşdən əvvəl faktiki olaraq dedi ki, mən bura Qarabağ məsələsini müzakirə etmək üçün gəlməmişəm. Yəni, hər iki tərəf Putinin vasitəçiliyində maraqlı olmadıqlarını göstərdi".

Bu görüş ərəfəsində…

Oktyabrın 27-də Valday Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin demişdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin "Vaşinqton variantı" Qarabağ üzərində Bakının suverenliyini nəzərdə tutur: "Biz Ermənistana nəyisə diktə edə bilmərik və buna hazırlaşmırıq. Əgər erməni xalqı və Ermənistanın bugünkü rəhbərliyi sülh müqaviləsinin hansısa konkret variantını, məsələn, Vaşinqton variantını seçmək lazım olduğunu düşünürsə, buyursun…".

Ermənistan-Azərbaycan sərhədinə yerləşdiriləcək müşahidəçilərdən Gürcüstanda da var. Effektivdirmi?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays isə bu məsələ ilə bağlı "Turan" müxbirinin sualına cavab verərkən Moskvanın təhrif və dezinformasiyalarının davam etdiyini deyib.

"Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı bizim niyyətlərimizlə əlaqədar Moskvadan təhriflər, daha dəqiq desək, dezinformasiya davam edir", -Ned Prays deyib.

Prays xatırladıb ki, ABŞ həm Ermənistanın, həm də Azərbaycanın tərəfdaşıdır: "Biz onilliklər ərzində hər iki ölkənin tərəfdaşı olmuşuq".

Ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı. Azərbaycanla Ermənistan liderlərinin sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi. Həmin görüşdən sonra da Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verdi.

Üstəlik, bu ara ABŞ-ın vasitəçiliyi ilə xarici işlər nazirləri səviyyəsində də iki ölkə rəsmilərinin görüşü olmuşdu.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla (10 noyabr) döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG