Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:18

'Otellər Şuşada bahadır deyə, turların qiyməti də bahadır'


Şuşaya qayıdış nə vaxt başlanır? Otel, restoranlarda qiymətlər
Gözlə

No media source currently available

0:00 0:05:19 0:00

Şuşaya qayıdış nə vaxt başlanır? Otel, restoranlarda qiymətlər (2022)

Şuşa şəhərinə turist səfərlərinə martın 18-dən başlanılır. Dövlət Turizm Agentliyinin məlumatına görə, ilk turist səfərləri həftədə bir dəfə icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Açıqlamaya görə, 18 yaşından yuxarı olan vətəndaşlar turlara qatılmaq üçün müraciət edə bilərlər.

Avtobusla gediş, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil, ikigünlük turlar üçün bir gün gecələmə ilə 215 manat nəzərdə tutulub. üçgünlük turlar üçün iki gün gecələmə ilə isə 370 manat istəniləcək.

"Üçgünlük Şuşaya səfər biraylıq minimal əməkhaqqı…"

Artıq turların qiyməti ilə bağlı narazılıqlar eşidilməkdədir. Sosial şəbəkələr istifadəçiləri yazır ki, üçgünlük Şuşaya səfər biraylıq minimal əməkhaqqına bərabərdir.

28 il işğalda qalan Şuşa 2020-ci ildə azad edilib. 2021-ci ildə Şuşaya ilk sakinlərin köçürülməsinin planlaşdırıldığı açıqlansa da, daha sonra köçün 2023-cü ilin sonunda başlanılacağı bildirildi.

"Bu il Şuşaya 450 ailə köçürüləcək"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bu il Şuşaya 450 ailə köçürüləcək.

Rəsmi məlumata görə, ilk mərhələdə 23 binadan ibarət 450-mənzillik yaşayış kompleksi tikilməkdədir. İlin sonuna qədər layihənin tam bitməsi gözlənilir. Bundan əlavə, müasir xəstəxana inşasına başlanıldığı və 960-şagirdlik məktəbin təməlinin qoyulduğu, sentyabr ayında tam hazır olacağı bildirilir.

K.Kərimli
K.Kərimli

"Həmin siyahıya yazılmışıq…"

Şair-publisist, Şuşa Şəhər İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Kərim Kərimli AzadlıqRadiosuna bildirib ki, işğaldan azad olunandan sonra dəfələrlə Şuşaya gedib və binaların tikintisini görüb: "Həm də rəsmi və qeyri-rəsmi mənbələrdən bu barədə məlumat almışam. Deyiblər ki, hazırda o 23 binadan səkkizinin tamamlama işləri iyulda başa çatacaq və birinci köç dəstəsi Şuşaya, daimi yaşayış yerlərinə qaytarılacaq. Ümid edirik ki, belə də olacaq, çünki biz özümüz də ailəlikcə həmin siyahıya yazılmışıq və geri qayıtmaq fikrindəyik".

O, aldığı məlumata istinadən qeyd edib ki, ikinci köç 2023-cü ilin sonlarında həyata keçiriləcək: "Çünki qalan 15 bina payız aylarında tikilib başa çatdırılacaq. İstəyirik tez qayıdaq. Amma bununla belə, hətta iyul, noyabrda köçürülmə baş tutsa, biz buna çox sevinəcəyik. Gec olsun, güc olsun. Gecikmişiksə, heç olmasa, bu il köçək. Hesab etmirəm ki, köç qəsdən gecikdirilir. Yaşayış yerləri tam hazır olmalıdır".

"Şuşa sakinləri məhdudiyyətsiz gedib-gəlməlidirlər"

Kərimli deyib ki, işğaldan azad olunandan sonra Şuşada yeddi dəfə olub: "Müxtəlif tədbirlər çərçivəsində getmişəm deyə, otel, nahar qiymətləri barədə məlumatım yoxdur. Amma hesab edirəm ki, Şuşa sakinləri turist səfərlərindən kənar, daimi yaşayışa qədər məhdudiyyətsiz gedib-gəlməlidirlər. Onları bu qiymətlərlə turlara cəlb etməyə ehtiyac yoxdur".

"Lazım gəlsə, dotasiya da verilməlidir"

Deputat Aydın Hüseynovun da "Turan"a deməsinə görə, Şuşaya turist səfərləri elə təşkil olunmalıdır ki, hər bir vətəndaş üçün əlçatan olsun: "Çünki birinci növbədə 30 ildir insanlarımız ora getmək istəyir. Şuşa bizim mənəviyyat və mədəni mərkəzimizdir".

Deputat hesab edir ki, turizm agentlikləri hər hansı önəmli gəlir gözləməməlidir: "Düzdür, onlar da bu işdə maraqlı olmalıdır ki, bu səfərləri təşkil etsinlər. Buna görə də lazım gəlsə, dövlət tərəfindən dotasiya da verilməlidir".

N.Cəfərli
N.Cəfərli

"Ucuz otel, hostel tikməyə icazə vermək lazımdır"

İqtisadiyyatçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, Şuşaya Azərbaycan əhalisinin böyük əksəriyyəti getmək istəyir: "Amma həmin o turlarda bu insanlar bir dəfə maraqlı olacaq. Öz ölkə ərazisində bu tip turların həyata keçirilməsi bir müddətdən sonra, ümumiyyətlə, aktuallığını itirəcək, çünki qiymətlər bahadır. Bir dəfə gedib-gəlmək üçün insanlar pul tapsalar da, sonradan getməyəcək. İmkanı olanlar gedib-gələndən sonra kim gedəcək?".

Cəfərli vurğulayıb ki, Azərbaycanın istənilən bölgəsində daxili turizm bahadır: "Ucuz otellər, demək olar ki, yoxdur. Gürcüstanda 700 hostel olduğu halda, Azərbaycanda hostel yox dərəcəsindədir. Şuşada da seçimin çox məhdud olduğunu nəzərə alsaq, qiymətlər bu rəqabətsizliyə uyğundur. Seçim çox olsaydı, qiymətlər də başqa olardı. Kimin imkanı varsa, onlara orada ucuz otel, hostel tikməyə icazə vermək lazımdır. Otellər Şuşada bahadır deyə, turların qiyməti də bahadır".

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf yeddi rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG