Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:07

Kurikulumdan təhsilin qazancı: azalan ballar, 20 manatlıq kurslar...


Beynəlxalq qiymətləndirməyə niyə yalnız Bakı məktəbləri verilir?
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Beynəlxalq qiymətləndirməyə niyə yalnız Bakı məktəbləri verilir?

"Bilmədiyimiz şeyi uşaqlara necə öyrədək?" –Bakıda bir məktəbin adının anonim qalmasını istəyən müəllimi AzadlıqRadiosuna orta məktəblərdə kurikulum sisteminin effekti ilə bağlı belə deyib.

Bu sistemin birinci siniflərdə tətbiqinə 2008-2009-cu tədris ilindən başlanıb. Sistem üzrə ilk buraxılış imtahanı isə 2016-cı ildə 9-cu siniflərdə keçirilib. İlk məzunları 2019-cu ildə olub.

1992-ci ildə müstəqil Azərbaycanda test üsulunun tətbiqindən sonrakı 28 il ərzində ən aşağı müsabiqə vəziyyəti elə 2019-cu ilə təsadüf edib. Müsabiqə vəziyyətinin aşağı olması isə qəbulun keyfiyyətinə mənfi təsir göstərir, ixtisaslar üzrə keçid balları salınır.

Kurikulum nədir?

"Kurikulum" latın sözü olub, mənası "kurs", "yol" deməkdir. 1918-ci ildə ilk kurikulumlar yaranıb. Artıq ötən əsrin 60–70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənib, bir nəzəriyyə kimi formalaşıb. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılıb.

Kurikulum Azərbaycanda 2010-cu ildən ümumi təhsil pilləsi üçün tam qüvvədədir.

"Özümüz bilmədiyimiz şeyi indi uşaqlara necə öyrədək"

Elə adının çəkilməsini istəməyən müəllim də AzadlıqRadiosuna danışır ki, bu sistem tətbiq olunana kimi şagirdlərin göstəriciləri daha yüksək idi. Onun işlədiyi təhsil ocağında 2017-ci ildə məzun olan uşaqların əksəriyyəti qəbul imtahanında 500-dən yuxarı bal toplayıb, ən zəif oxuyan şagirdlər belə kolleclərə ödənişsiz əsaslarla qəbul olub.

"Amma 2019-cu ildə eyni müəllimlərin dərs dediyi siniflərin şagirdləri olduqca aşağı nəticələr göstərdi. Buna da səbəb onsuz da yarıcan təhsilimizi koma vəziyyətə salan kurikulum sisteminin tətbiqi oldu. Şagirdlər elektron tədris metodlarına yiyələnə bilər, amma bu onların öyrənmə qabiliyyətinə heç də müsbət təsir etmədi. Şagirdlər Böyük Summativ Qiymətləndirmə üçün oxuyur, orda da test üsulu olduğundan əzbərçilik ilə keçirlər. Halbuki, ənənəvi metodda gündəlik dərslər nəzərə alınırdı", – müəllim danışır.

25 illik müəllim təcrübəsi olan təhsil işçisi kurikulumun işləməmə səbəbini belə izah edir ki, "müəllimlərə sistemi izah etmədilər, üzməyi bilməyən balıqları atdılar okeana".

"Əgər Elm və Təhsil Nazirliyi Avropaya çıxışın tək yolunu bu təhsil sistemində görürdüsə, birinci bizi hazırlayardı. Daha sonra biz uşaqları öyrədərdik. Özümüz bilmədiyimiz şeyi indi uşaqlara necə öyrədək?", – müəllim sual edir.

Müəllimlər imtahana etiraz edir: 'Sertifikasiya əzbərçilikdən başqa bir şey deyil'
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Razı olanlar da var

Ucar rayonunda orta məktəb müəllimi işləyən Şəlalə Nuriyeva isə kurikulumda dərs yükünün ağır olduğunu düşünsə də, bu sistemin müsbət tərəfləri kimi qiymətləndirmə sisteminin tətbiqini, buna uyğun meyarların olmasını göstərir: "Əvvəlki təhsil sistemində şagirdlərə yalnız rəqəmli qiymət yazılırdı. Bu isə öz-özlüyündə bəzi məqamlarda valideyn-müəllim, şagird-müəllim arasında anlaşılmazlığa gətirib çıxarırdı. Valideyn və ya şagird ona verilən "4" qiymətinin hansı kriteriyalar əsasında yazıldığını tam dərk edə bilmirdi, nə də bunu sübut edəcək rəsmi kağız yox idi. İndi isə şagirdin formativ qiymətləndirilməsi daha çox meyarlara əsaslanır. Yəni, şagird hazırda nəyi mükəmməl bacarır, nəyi orta səviyyədə bacarır, nəyi bacarmır. Valideyn konkret olaraq övladının gündəliyinə yazılan bacarıqlardan xəbərdar olur, onun həmin istiqamət üzrə inkişaf etməsinə daha çox yönəlir".

Nuriyeva deyir ki, kurikulum şagirdə obyekt yox, subyekt olaraq dəyər verir, şagirdyönümlü sistemdir. O, sistemin çatışmayan cəhətləri sırasında müəllimlərin həddindən artıq yazı yükünün olmasını göstərir.

60 müəllimdən 40-ı

AzadlıqRadiosu bu yazını hazırlayarkən 60 müəllim ilə həmsöhbət olub. Bu müəllimlərin 40-ı kurikulum sistemindən narazı, 12-si qismən razı, səkkiz nəfər isə sistemin tətbiqinin tərəfdarı olduğunu dilə gətirib.

Narazı müəllimlərin mütləq əksəriyyəti (37) kurikulum sisteminə hazırlıq aparılmadığı üçün nəticə göstərmədiyini söyləyir. Təhsil işçiləri düşünürlər ki, bu sistem onlara öyrədilmədikcə, özünü doğrultmayacaq.

Qismən razı olan müəllimlərin şərhinə görə, bu sistemin bəzi üstünlükləri olsa da, tam işlək vəziyyətdə deyil.

Razı olan səkkiz respondent isə tədrisdə yeni metodlar ilə işləməyi bütün müəllimlər üçün vacib sayır.

60 valideyndən 52-si narazıdır

Valideynlər də kurikulum sistemini fərqli dəyərləndirir. Ancaq onların arasında kurikulumun özünü doğrultmadığını iddia edənlər daha çoxdur. Belə ki, AzadlıqRadiosu övladı paytaxtın üç fərqli yerində təhsil alan 60 valideyndən soruşub ki, "Kurikulum sistemini necə dəyərləndirirsiniz". 52 valideyn narazı, səkkizi isə qismən razı olduğunu deyib.

Dükanlara bir ətək borcu olan müəllim...
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Yaqut Abbasovanın üç uşağı var. Övladlarının hər üçü eyni məktəbdə təhsil alıb, sonuncu övladı hazırda 10-cu sinifdədir. Abbasova AzadlıqRadiosuna deyib ki, eyni müəllimlərin tədris etdiyi eyni fənləri keçən uşaqlar kurikulumdan öncə yüksək nəticə göstərirdi.

"Birinci qızım 2013-cü ildə paytaxtın Binə qəsəbəsindəki məktəblərin birindən məzun olub. 9-cu və 10-cu sinif buraxılış imtahanlarından əla qiymətlər aldı, heç bir repetitor yanına da getmirdi. Universitetə hazırlıq üçün kursa getsə də, öz biliyini təkmilləşdirirdi və dərsdə çox az yorulurdu. Ortancıl qızım da eyni formada o məktəbdən məzun oldu və yüksək balla tələbə adını qazandı. Amma üçüncü qızım kurikulum sistemi ilə oxuyub, həm çox yorulur, həm də bilgisi azdır. Müəllimlər özləri də başa düşmədiyi mövzular olur ki, "gedin Youtube-dan baxın" deyirlər. 9-cu sinifdə də uşağımın göstəriciləri aşağı oldu, halbuki oxuyan uşaqdır, müəllimlər daima razılıq edirdi. Bu sistemi bilmirlərsə, niyə uşaqlarımızı bədbəxt edirlər?!", – valideyn deyib.

"Kurikulum sisteminə görə, övladımız elektron mühitdə təhsil almalı idi, amma oxuduğu məktəbdə elektron lövhə belə yox idi", – bunu isə AzadlıqRadiosuna övladı ibtidai sinfi Azərbaycanda, orta məktəbi isə dörd ildir Türkiyədə oxuyan Natiq Qasımov deyib.

Minimum 10-15 ilə...

AzadlıqRadiosu kurikulumun işləkliyi ilə bağlı tənqidlərə Elm və Təhsil Nazirliyindən cavab ala bilməyib, qurum sorğuya cavab verməyib.

Ancaq Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, təhsil eksperti İlqar Orucov deyir ki, Boloniya, kurikulum sisteminin Azərbaycan təhsilinə mənfi təsiri haqda iddialar tamamilə əsassızdır.

""Nəticə yoxdur" deyənlərə izah etmək lazımdır ki, bu prosesin təsirini minimum 10-15 ilə görmək mümkün olacaq. Bizim kurikuluma keçiddən savayı yolumuz yox idi. Bu sistem Azərbaycan təhsilalanına şəxsiyyət kimi baxmaq imkanı yaradır. Nəzəriyyə və praktikanın vəhdətini birləşdirən bu sistemi mükəmməl hesab edirəm. Ömürboyu təhsil almaq imkanı tanıyan... sistemin nəyi pis ola bilər ki? ...Müəllimlərin sosial şəbəkələrdə narazılığını görürəm. Amma o müəllimlər anlamalıdır ki, yeniliyə açıq olmalıdırlar və sistemi pisləmək əvəzinə ona uyğunlaşmağa çalışmalıdırlar", – ekspert bildirib.

Bəzi təhsil ekspertləri gənc müəllimlərin kurikulumun tətbiqinə tez uyğunlaşdığını, sovet təhsilində pedaqoji fəaliyyətlə məşğul olan yaşlı müəllimlərin çətinlik çəkdiyini vurğulayır.

Hazırda ölkədə kişilərin pensiya yaşı 65-dir. Qadınların da pensiya yaşı 2026-cı il iyulun 1-də 65-ə çatacaq.

"Dövlətçilik üçün təhlükə" - keçmiş nazirin rusdilli təhsil alanların Azərbaycanca bilməməsini qiymətləndirməsi
Gözlə

No media source currently available

0:00 0:05:13 0:00

"20 manatlıq kurslar kurikulum öyrətmir"

Təhsil eksperti Kamran Əsədov deyir ki, 20 il ərzində müəllimlər ənənəvi test tapşırıqlarına, dərsə alışdıqlarından elə köhnə qaydadan istifadə edirlər: "Ona görə də şagirdləri aşağı nəticələrə görə qınamaq lazım deyil. 2017, 2018 və 2019-cu illərdə kurikulum standartlarına uyğun keçirilən imtahanlarda iştirak edənlərin 70 faizi öz ana dilindən və riyaziyyatdan "2" aldı. 70 faiz abituriyent minimum suala düzgün cavab verə bilmədi. Demək olar, "5" alan olmadı".

Ekspert problemin kökünü müəllimlərin hələ də kurikulum biliklərini ala bilməməsində görür. Belə ki, kurikulum standartlarından biri öyrədilən bilik və bacarıqların "KSQ", "BSQ", formativlərlə yoxlanılmasıdır. Amma müəllimlər hələ də yoxlamanı ənənəvi qapalı test üsulu ilə aparırlar.

Hazırda 4 min 500-dən çox orta məktəbdə 155 min müəllim çalışır. Əsədov bu müəllimlərin cüzi bir hissəsinin kurikulumdan dərs keçdiyini iddia edir. Onun fikrincə, müəllimlər altı aydan bir kurikulum təlimlərində iştirak etməlidirlər: "Yoxsa Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanı üçün mövzu əzbərləyib, üç-beş sual yazmaqla kurikulum öyrənmək olmaz, Təhsil Nazirliyinin bir həftəlik 20 manata keçirdiyi kurikulum təlimləri ilə müəllimlərdə bu müasir yanaşmanı formalaşdırmaq olmaz. Müəllimlərimizə iki-üç günlük təlimlərlə kurikulumu mənimsədə bilmərik. Mütləq şəkildə müəllimlərimiz altı aydan az olmamaq şərti ilə kurikulum təlimlərində iştirak etməlidirlər.

Rəsmilərin narazılığı

Kurikulumun tətbiqi ilə bağlı hətta ayrı-ayrı vaxtlarda dövlət qurumlarının rəsmiləri də narahatlıq dilə gətiriblər.

Keçmiş təhsil naziri Mikayıl Cabbarov sistemlə bağlı deyib ki, "bu sənədlər toplusu təhsil ideyamıza çevrilə bilmədi. Kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çox ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı".

DİM sədri Məleykə Abbaszadənin sözlərinə görə, "20 il ərzində müəllimlərə ənənəvi test tapşırıqlarını necə tətbiq etməyi öyrətmişik və onlar bunu mənimsəyiblər. Lakin müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar. Ona görə də şagirdləri qınamaq lazım deyil".

Kurikulum üçün xərclənən vəsait bəlli deyil

2021-ci ilin dövlət büdcəsində təhsil xərclərinə 3 milyard 198.2 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub, 3 milyard 92.2 milyon manat vəsait istifadə olunub. Son beş ildə (2017-2021) təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1 milyard 349.5 milyon manat və ya 1.8 dəfə artıb.

Lakin bugünə kimi təhsilə xərclənən məbləğin nə qədərinin kurikulumun inkişafına sərf olunduğu haqda məlumat verilməyib. AzadlıqRadiosu Elm və Təhsil Nazirliyindən bu sorğusuna da cavab ala bilməyib.

'Hamı bilir ki, direktorlar vakant yerləri gizləyib pulla satır'
Gözlə

No media source currently available

0:00 0:05:07 0:00

500-700 bal yığanlar neçə faizdir

Abituriyentlər arasında yüksək bal yığanlar getdikcə artsa da, ümumi nisbətdə azlıq təşkil edir. Belə ki, 2018-ci ildə 500-700 bal toplayanlar ümumi məzunların 9.78 faizini əhatə edib. Bu, 2014-2020-ci illər üzrə ən yüksək göstərici sayılır. 2019-cu ildə bu rəqəm 9 faiz, 2020-ci ildə isə 8 faiz olub.

100-200 bal arası nəticə göstərənlər isə 2019 və 2020-ci ildə artıb. Belə ki, 2019-cu ildə bütün məzunların 16 faizə yaxını maksimum 200 bal toplayıb. 200–300, 300–500 bal toplayanlara gəlincə, 2015-2020-ci illərdə onların sayı 2014-cü illə müqayisədə qismən artıb.

Təhsil ekspertləri 2020 və 2021-ci ildəki göstəricilərin koronavirusun doğurduğu çətinliklərə bağlılığını istisna etmirlər. Amma 2019-cu ildəki aşağı göstəricilərin sonrakı illərdə kurikulumun təhsil rəqəmlərinə birbaşa təsir etdiyini bildirirlər.

Ortastatistik məzun proqramın neçə faizini mənimsəyir

DİM ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin Azərbaycan və rus bölmələri üzrə ortastatistik portretini cızıb. Bəlli olub ki, Azərbaycan bölməsində ortastatistik abituriyent birinci mərhələdə ana dili fənnindən test tapşırıqlarının 52.11, riyaziyyatdan 29.77, ingilis dilindən 37.51 faizinə düzgün cavab verib.

Rus bölməsində ortastatistik abituriyent isə birinci mərhələdə ana dili fənnindən test tapşırıqlarının 57.09, riyaziyyatdan 31.84, ingilis dilindən 51.03 faizini düzgün cavablandırıb.

Hər iki bölmədə ortastatistik abituriyent fənlər üzrə testlərin yalnız 27-58 faizinə düzgün cavab verib. DİM bildirir ki, test tapşırıqları məktəb proqramı çərçivəsində hazırlanıb, bu çərçivədən kənara çıxılmayıb, qəbul imtahanında iştirak edənlər də məktəbin seçilən şagirdləri olub.

Qurum belə bir qənaətə gəlib ki, ortastatistik məzun məktəb proqramının 42-73 faizini mənimsəmir. DİM bunu ümumi təhsil ocaqlarının böyük qismində tədris prosesinin normal aparılmaması, tələbkarlığın zəifliyi, ən başlıcası, müəllimlərin çoxunun peşəkarlıq səviyyəsinin aşağı olması ilə izah edir.

XS
SM
MD
LG