Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:30

Məscidin axundu məhkəmədə ağladı: 'Polis bölməsində təcavüzlə hədələnmişəm'


Telman Əsədullayev
Telman Əsədullayev

Bakının Xocasən qəsəbəsindəki məscidin axundu Telman Əsədullayev deyir ki, onu polis bölməsində zorlamaqla hədələyiblər. Bu üzdən, ona aid olmayan narkotiki üzərinə götürmək məcburiyyətində qalıb. O öz məhkəməsində bunları söyləyib.

48-yaşlı axund hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Ona Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki...

İddia edilir ki, T.Əsədullayev aprelin 5-də saxlanarkən cibində narkotik tapılıb. Özü bunun yalan olduğunu deyir və düşünür ki, ölkədə dini inanclı şəxslərə qarşı kütləvi şərləmənin qurbanlarından biridir.

Onun sözlərinə görə, həmin gün Xocasəndə imamı olduğu məscidin qarşısına Post-Patrul Xidmətinin əməkdaşları gələrək polis rəisinin çağırdığını deyiblər: "Namaz vaxtı idi, adamlar da məscidə namaza gəlirdilər. Dedim ki, namazımı qılıb gələrəm özüm. Bildirdilər ki, "narahat olma, biz səni apararıq maşınla, nəsə səninlə işi var". Məni 40-cı bölməyə apardılar".

Təqsirləndirilən axundun sözlərinə görə, 40-cı polis bölməsində olarkən insanlığa sığmayan rəftarla üzləşib. Deyir, orada seçim qarşısında qalıb: ya silah, narkotik, ya da deputat Fazil Mustafaya qarşı sui-qəsd ittihamlarından birini üzərinə götürməli idi.

"Mən hara, Fazil Mustafa hara?!"

T.Əsədullayev özəlliklə Nizami adlı polis əməkdaşının nalayiq ifadələr işlətdiyini, onu təcavüzlə hədələdiyini bildirib: "Dedim ki, mən hara, Fazil Mustafa hara?! Bir bükülü gətirdilər. Soruşdum ki, bu nədir? Dedilər, çəkiliş olacaq, boynuna almalısan ki, mənimdir, yoxsa sənin üçün yaxşı olmayacaq. Halbuki, mən heç nə içki içirəm, nə siqaret çəkirəm. Həmin o Nizami dedi ki, indi çağıraram, səni soyundurub başına oyun açarlar, ağlın gələr başına...".

T.Əsədullayev məhkəmədə bunları danışanda ağlayıb, durumu pisləşib. O həddə çatıb ki, nəzarətçilər onu məhkəmə zalından çıxarıblar. Bir müddət sonra yenidən zala qaytarılan axund danışır ki, təzyiqlərə dözməyib, tələb olunan ifadəyə imza atıb. Orada göstərilib ki, narkotiki Qobu qəsəbəsində tanımadığı birindən alıb, çünki həmin vaxt canında ağrılar olduğundan narkotikdən istifadə edib, ağrılardan qurtulmaq istəyib.

"Halbuki, mən həbsimdən altı-yeddi ay əvvəl Qobuda olmuşdum. Kim tanımadığı adama narkotik satar?", - Əsədullayevin sözləridir.

O, narkotiki üzərinə götürməsə, dövlətə xəyanətdə suçlanacağı haqda da danışıb. Bildirib ki, heç vaxt milli maraqlara zidd addım atmayıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, İranda sonuncu dəfə 2018-ci ildə olub, onda da Məşhəd ziyarətinə gedib.

"Müdafiə Xətti": "Bu il boyunca inanclılara yüzlərlə narkotik ittihamı var"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2020-ci ilin yanvarında Xocasən qəsəbə məscidi dini icması ilə birlikdə "Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu" mövzusunda tədbir keçirmişdi. Həmin tədbirdə məscidin imamı və dini icmanın sədri T.Əsədullayev də çıxış etmiş, narkomaniyaya qarşı mübarizədə ictimai qınağın önəmini vurğulamışdı. O vaxt bildirmişdi ki, bu işdə din xadimlərinin də üzərinə çox məsuliyyət düşür.

"Müdafiə Xətti" insan haqları təşkilatının məlumatına görə, Azərbaycanda 2023-cü il ərzində yüzlərlə dini inanclı şəxs narkotik ittihamı ilə həbs olunub. Onların əksəriyyətinin hazırda məhkəməsi gedir. Həbs edilənlər narkotik ittihamının saxta olduğunu, şərləndiklərini bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bu iddiaları yalanlayaraq həmin şəxslərin konkret cinayətlərə görə məsuliyyətə cəlb olunduğunu bəyan edib. Nazirlik işgəncə iddialarını da təkzib edib və deyilənləri məsuliyyətdən yayınmaq cəhdi kimi dəyərləndirib.

XS
SM
MD
LG