Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:17

Tərtər işgəncələri: 'Göstərişi o verirdi'


"Tərtər işi" üzrə zərərçəkənlər Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirdilər
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

"Tərtər işi" üzrə zərərçəkənlər Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirdilər

“Tərtər işgəncələri” adlandırılan, Ermənistanın xeyrinə casusluq iddiaları araşdırılarkən baş verənlərə görə həbs edilənlər arasında yeganə general Bəkir Orucov məhkəmə qarşısına çıxarılıb. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Orucov daha dörd nəfərlə birlikdə mühakimə olunur. Bunlar o dövrdə snayper bölüyünün komandiri olmuş Ziya Kazımov, döyüş hazırlığı üzrə şöbədə xidmət etmiş Ülvi Rəşidov, hərbi hissənin Tibb İdarəsinin əlaqələndirmə şöbəsinin rəisi İntiqam Məmmədov və hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi Rahib Məmmədovdur. Adları çəkilən şəxslərdən ikisi – Kazımov və Rəşidov həbsdə deyil.

“Tərtər işgəncələri”nə görə cinayət məsuliyyətinə cəlb olunanların işi bir neçə qrupa bölünüb. Bundan öncə dörd nəfərdən ibarət birinci qrupun işi məhkəməyə göndərilmişdi və o iş üzrə məhkəmə araşdırmaları davam edir. Bu, ikinci qrupdur. Digərlərilə bağlı istintaq hələ davam edir. Bu cinayət işlərinin məhkəmə araşdırması isə Bakı Hərbi Məhkəməsinin hakimlərinə həvalə olunub. Lakin məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

Vəkil qalmaqalı

General və daha dörd nəfərin daxil olduğu qrupun məhkəməsi qalmaqallı başlayıb. Generalın vəkili Elvin Rzayev məhkəmənin icra məmurları tərəfindən döyüldüyünü, təhqir edildiyini bildirib. Vəkilin sözlərinə görə, ona qarşı fiziki zorakılıq, təhqirlər və başqa qanunsuz hərəkətlər məhkəmə binasındakı müşahidə kameralarının önündə baş verib.

Vəkil mübahisənin nədən yarandığını da açıqlayıb:

“Məhkəmə binasının girişində Bəkir Orucovun kürəkəni bildirdi ki, o da məhkəməni izləmək istəyir. Mən nəzarətçilərə bu barədə dedim. Onlar adamla kobud rəftar etdilər. Mən onu müdafiə etdim. Hər şey də bundan sonra baş verdi”.

Hakim Zeynal Ağayev bildirib ki, məhkəməyə kimlərin buraxılması məsələsi vəkilin səlahiyyətinə aid məsələ deyil. Bu cavabdan sonra vəkil Rzayev ona etiraz verib. O bildirib ki, əgər vəkil məhkəmədə özünü müdafiə edə bilmirsə, başqasının hüquqlarını necə müdafiə edə bilər?

Amma müvəkkili onu müdafiə etməyib. General deyib ki, hakim Ağayevə verilən etirazla razılaşmır. Bu üzdən etiraz qəbul edilməyib.

“Hospitaldan çıxarıb, həbs qətimkan tədbiri seçmişdilər”

Təqsirləndirilən şəxslərdən İntiqam Məmmədovun vəkili onun telefon danışıqlarına qoyulmuş qadağanın aradan qaldırılmasını istəyib. Ziya Kazımovun müdafiəçisi isə müvəkkilinin təqsirsiz olduğunu deyərək, onun haqqında cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb.

Müdafiəçi həm də istintaqdan narazılıq edib, işin obyektiv, hərtərəfli araşdırılmamasından gileylənib. Onun sözlərinə görə, Baş Prokurorluğa göndərdiyi sorğuya 7 ay ərzində cavab ala bilməyib. Vəkil general-leytenant Mais Bərxudarovun dindirilməsi haqda vəsatət qaldırdığını, lakin istintaq dövründə qaldırılmış məsələlərin heç birinə əhəmiyyət verilmədiyini deyib: “Xahiş edirəm, bu iş təkrar istintaqa qaytarılsın...”

Bərxudarovla bağlı bundan öncə də oxşar ittihamlar səslənsə də, özü bu haqda mediaya açıqlama verməyib. Digər dörd qrupun işində isə işgəncələrin arxasında korpus komandiri Hikmət Həsənovun durması iddiaları səslənir. Həsənovun da iddialara münasibəti bəlli deyil.

Kazımov işgəncə nəticəsində həyatını itirmiş Adil Sabirlinin ölümündə suçlanır. Lakin vəkili deyir ki, onun bu hadisəyə aidiyyəti yoxdur: “Vətən Müharibəsi vaxtı hospitaldan çıxarıb, həbs qətimkan tədbiri seçmişdilər. Məsələ ictimailəşəndən sonra dəyişdilər, buraxdılar”.

“Ulu öndəri şəxsən o qoruyub”

Generalın vəkili onun ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Vəsatətini əsaslandırarkən onun həyat yoldaşının onkoloji xəstəlikdən əziyyət çəkdiyini məhkəmənin nəzərinə çatdırıb.

“Onun dövlət qarşısında da xidmətləri olub - OMON-çular Baş Prokurorluğa hücum edəndə, o hücumun qarşısını Bəkir Orucov alıb. Naxçıvanda fəxri qarovulun başçısı olub. Heydər Əliyev Naxçıvana gedəndə ulu öndəri şəxsən o qoruyub. 2016-cı ilin aprelində Lələtəpə əməliyyatına rəhbərlik edib. Bu xidmətlərinə görə müxtəlif illərdə prezident tərəfindən təltif olunub”, – vəkilin sözləridir.

“Mais Bərxudarov da burada olmalıdır”

Zərərçəkmişlər general Orucovun işgəncələrdə birbaşa iştirakına və ya kiməsə bununla bağlı göstəriş verməsinə şahidlik etmədiklərini deyirlər. Zərəçəkənlərin bir neçəsi işgəncələrə görə ordu generalı Mais Bərxudarovu ittiham edib və onun məhkəmə qarşısında cavab verməli olduğunu bildirib.

“Məni döyənlərdən ikisi buradadır – Ülvi və Ziya. Mais Bərxudarov da burada olmalıdır. Göstərişi o verirdi...”,Orxan Səfərov belə deyib.

Zərərçəkmişlərin bir çoxu onlara dəymiş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi, bir neçə nəfər ordu sıralarında işinə bərpa olunmasını istəyib. Hakim onlara izah edib ki, ziyanın ödənilməsi tələbilə məhkəmədə mülki iddia qaldıra bilərlər.

Məhkəmə vəkillərin qaldırdığı vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə baxışı aprelin 13-nə təyin olunub.

General və onunla birlikdə mühakimə olunanların işində Ağcabədidəki hərbi hissədə hərbçilərə verilən işgəncələrdən bəhs olunur.

Xatırlatma

Təqsirləndirilən şəxslər qanunsuz azadlıqdan məhrum etmə, işgəncə vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər maddələrlə ittiham olunurlar. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan ümumilikdə doqquz nəfərin işi məhkəməyə göndərilib.

"Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10 civarında olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

XS
SM
MD
LG