Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:02

Teymur Rəcəbov: 'Həkimlər psixoemosional stressi qadağan ediblər'


Teymur Rəcəbov
Teymur Rəcəbov

Komanda yoldaşı ona inanmır, Şahmat Federasiyası susur

Teymur Rəcəbov iyulun 28-də Hindistanda start götürəcək Dünya Şahmat Olimpiadasında Azərbaycan milli komandasının heyətində yer almayacaq. 35 yaşlı qrossmeyster Olimpiadada oynamaqdan imtina edib.

Teymur Rəcəbov mətbuata açıq məktubunda beynəlxalq turnirdə iştirak etməyəcəyini səhhətindəki problemlərlə izah edib:

"Uzun müddətdir ki, müalicə üçün dərman qəbul edirəm, şiddətli fiziki ağrılar yaşayıram. İstənilən peşəkar şahmatçının həyatında və karyerasında əsas yarış olan İddiaçılar Turniri gözlənildiyi kimi mənim üçün fiziki və psixoloji sağlamlığımı tamamilə pozan ən çətin sınaq oldu. Turnirdən qayıdandan sonra yüksək hərarət, ağır öskürək və ağırlaşmalara səbəb olan COVID-19 xəstəliyinə tutuldum".

Rəcəbov qeyd edib ki, hazırkı durumda milli komandaya xeyir verə bilməz, bir müddət bərpa olunmağa məcburdur:

"Nəzərinizə çatdırım ki, həkimlər bir neçə ay ərzində ambulator müalicəni tövsiyə etməklə hər hansı bir psixo-emosional stressi qadağan edib".

O, peşəkar şahmata qayıtmaq üçün hər şeyi edəcəyini vurğulayıb, milli komandadakı bütün yoldaşlarına qarşıdan gələn Olimpiadada uğurlar arzulayıb:

“Ümid edirəm ki, yenidən millidə yüksək səviyyədə yarışa biləcəyəm. Ölkəmin şərəfini qorumaqdan heç vaxt imtina etmərəm".

"Təzə söhbət deyil"

Komanda yoldaşı Vasif Durarbəyli isə iyulun 21-də Facebook hesabında qrossmeysteri olimpiadada iştirak etməyəcəyinə görə qınayıb. Onun sözlərinə görə, Azərbaycanın ilk olimpiada medalı qazanmaq üçün tarixi şansı yaranmışdı:

“Prinsipcə hələ də itməyib, lakin açıq danışmaq lazımdırsa Azərbaycanda Rəcəbovu əvəzləyəcək şahmatçı yoxdur və onun getməməsi medal şansını xeyli azaldır".

O qeyd edib ki, Rəcəbovun bu mövqeyə çatması üçün dövlət milyonlar xərcləyib:

"Təbii ki, belə borcu ödəmək mümkünsüzdür. Fəqət ən azından şəxsi şahmata davam edilən müddətdə yığmada oynamaq şərtdir. Şəxsi turnirlərdə hər kəs sırf öz mənfəəti, yığmada isə ümumi xeyir üçün iştirak edir".

Durarbəylinin sözlərinə görə, Rəcəbov mənəvi məsuliyyətinin olduğunu görünür dərk etmir:

"2019-da son anda yorğunluğu bəhanə edib komandanı yarı yolda qoymaq, 2021-də 8 oyun mübarizəsiz heç-heçələr, indiki imtina və hələ bildiyim, amma bölüşmədiyim bir çox qeyri-ictimai məlumatlar mənə bunu deməyə əsas verir. Qısası, məncə Rəcəbov iki əli qanda olsa belə özünü bu olimpiadaya yetirməli idi! Etmədiyinə görə də onu qınayıram. Sağlamlıq məsələsini vurğulayanlar üçün yazım, bilsinlər: imtina söhbəti çox uzun zaman idi vardı. Son anda ortaya çıxmayıb".

Rəcəbov məktubunda Durarbəylinin söylədiklərinə münasibət bildirməyib.

Teymur Rəcəbovu Dünya Şahmat Olimpiadasında 2-ci lövhədə Nicat Abbasov əvəzləyəcək. Şəhriyar Məmmədyarov 1-ci, Qədir Hüseynov 3-cü, Rauf Məmmədov 4-cü, Vasif Durarbəyli 5-ci lövhədə yer alacaq.

Azərbaycan Şahmat Federasiyasından durumla bağlı mətbuata açıqlama veriləcəyi deyilsə də, hələlik bu haqda susurlar.

XS
SM
MD
LG