Donald Tramp seçki kampaniyası boyunca Ağ evə geri dönərsə, nələrin dəyişəcəyi barədə böyük vədlər verdi.
"Sizin dəstəyinizlə biz dövlətimizin gücünü, üstünlüyünü, rifah və qürurunu geri qaytaracağıq. Bu, Amerikanın yeni qızıl dövrü olacaq", - Trampın seçki günündən iki həftə öncə dediyi sözlərdir.
Prezidentlik yarışını qazanan Trampın yeni administrasiyasından nələri gözləmək olar?
AzadlıqRadiosunun əməkdaşı Maykl Skollonun hazırladığı yazıda deyilir ki, bu sualın cavabı onu kimə verməyinizdən asılıdır. Trampın dəstəkçiləri onun həm ölkə daxilində, həm də ölkə xaricində Amerikanı "yenidən böyük" edəcəyinə (burada Trampın məşhur seçki şüarına xitab edilir) inanırlar. Ona qarşı olanlarsa Trampın ABŞ-da demokratiyaya ziyan vuracağına dair xəbərdarlıq edirlər.
"Daxildəki düşmənlər"
Tramp tez-tez öz siyasi rəqiblərinə qarşı kəskin ifadələr işlədib, onları "daxildəki düşmənlər" adlandırıb və seçkidən sonra xaos yaranarsa, ordunun gücü ilə onların öhdəsindən çox asanlıqla gəlinə biləcəyini söyləyib.
Vəzifəsini tamamlayan və seçkidə uduzan Kamala Harris onun bu sözlərindən sonra Trampın "intiqama fokuslanan, narazılığın yeyib bitirdiyi və nəzarətsiz güc axtarışında olan" adam olduğunu deyib.
Ölkə daxilində ABŞ-ın məhkəmə sistemi Trampın "təmizlik" aparması gözlənilən sahələrdən biridir. Bu, xeyli dərəcədə onun birinci prezidentlik dövrü ilə bağlı çoxsaylı cinayət işinin olmasından qaynaqlanır. Həmin cinayət işləri arasında seçkiyə müdaxiləyə dair iddialar və 2020-ci ildə seçkidə yeniləndən sonra hakimiyyətin ötürülməsi prosesini sıradan çıxarmaq cəhdləri də daxildir.
Tramp Kapitoli binasına 6 yanvar hücumuna qatıldığına görə həbs edilən dəstəkçilərini mütləq əfv edəcəyini də deyib. 2021-ci il yanvarın 6-da Trampın bir qrup dəstəkçisi Co Baydenin qələbəsinin təsdiqlənmə prosesini əngəlləmək üçün Konqres binasına hücum etmişdi.
Bütövlükdə, bir çoxlarının proqnozuna görə, Tramp Vaşinqtonda yerləşən sağyönlü beyin mərkəzi Heritec Fondunun hazırladığı "Project 2025" sənədindən öz siyasəti üçün qəlib kimi yararlanacaq.
Tramp seçki kampaniyası dövründə özünü "Project 2025"dən uzaq tutub və onun kimə aid olduğunu bilmədiyini iddia edib. Ancaq araşdırmalar nəticəsində məlum olub ki, bu sənədin hazırlanmasında Trampın əvvəlki administrasiyasında çalışmış, azı, 140 nəfər iştirak edib.
"Qisas tədbiri sistemsiz olacaq"
"Tramp sərt danışmağı sevir, ancaq nadir hallarda işin arxasına düşür", - ABŞ-da yerləşən və ictimai məsələlər sahəsində fəaliyyət göstərən "Silent Marority Strategies" adlı şirkətin həmtəsisçisi Kit Noton (Keith Naughton) belə deyir və davam edir: "İstənilən qisas tədbiri sistemsiz olacaq və administrasiya üzvlərindən gələcək. Mən düşünürəm ki, Ədliyyə Departamentində çoxlu dəyişiklik olacaq".
Məqalədə deyilir ki, böyük ehtimalla, ABŞ-ın dünyada öz gücünü göstərmə tərzi də dəyişəcək.
Tramp Rusiyanın Ukraynada apardığı müharibəni "24 saatda" bitirə biləcəyini söyləyib. Yaxın Şərqdə İranın dəstəklədiyi silahlı qruplara qarşı İsrailin iki cəbhədə apardığı savaşa gəlincə, Tramp İsraili "işi bitirməyə" çağırıb.
Boston Kollecinin siyasi elmlər professoru Piter Skerri (Peter Skerry) Trampın Moskva ilə Kiyev arasında bəlli bir çözüm əldə edilməsi üçün təzyiq edəcəyini gözlədiyini deyir. Onun proqnozuna görə, bu, Ukrayna tərəfi üçün böyük güzəştlər demək anlamına gələcək.
Skerrinin fikrincə, Trampın İsraillə bağlı nə edəcəyi daha az bilinir. Ancaq Tramp İsraili sonunadək dəstəkləyəcəyini və, üstəlik, ərəb-İsrail münasibətlərinin normallaşmasına yönəlmiş Abraham Sazişini dirçəltməyə çalışacağını deyib. Abraham Sazişi Trampın hakimiyyəti dövründə - 2020-ci ildə, öncə İsraillə BƏƏ və Bəhreyn arasında imzalanan, həmin ilin sonunda Mərakeş və Sudanın da qoşulduğu silsilə sazişlərdir.
"Tayvanın üstünə gedərsə"
Tramp birinci prezidentliyi dövründə Çinə qarşı ticarət savaşı başlatmışdı. Bu dəfə o, Pekin "Tayvanın üstünə gedərsə", Çində istehsal olunan məhsullara sərt tariflər tətbiq edəcəyinə söz verib. Tramp daha öncə Çinin Tayvanı blokadaya məruz qoymaq cəhdinin qarşısını almaq üçün ABŞ-ın hərbi gücündən yararlanmayacağını deyib. O bunu Çin lideri Si Cinpin ilə münasibətlərinə görə etməyəcəyini söyləyib.
Dördillik prezidentliyi dövründə Tramp NATO üzvlərinə tələb olunan müdafiə xərclərini ayırmaları üçün basqı göstərib. O zamandan bəri üzvlərin çoxu bu öhdəliklərini yerinə yetirib.
Trampın prezidentliyi dövründə ABŞ BMT-nin mədəniyyət qurumu- UNESCO-dan, Rusiya ilə "Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında" müqavilədən, İranla dünya güclərinin bağladığı nüvə sazişindən və iqlim dəyişikliyinin təsirlərinin yumşaldılmasına dair Paris Razılaşmasından geri çəkilib. Habelə, Dünya Səhiyyə Təşkilatının koronavirus pandemiyasına reaksiyasına görə onun maliyyələşdirilməsini dayandırıb.
Bayden administrasiyası ABŞ-ın bu razılaşma və qurumlardakı təsirini bərpa etməyi qarşısına məqsəd qoysa da, indi bir çoxları Trampın hakimiyyəti dövründə daha bir geriləmənin baş verəcəyini proqnozlaşdırır.
Skerri deyir ki, Tramp daxili məsələlərə fokuslanan, "məqsədyönlü, öz şəxsi maraqlarını güdən aktordur". Onun sözlərinə görə, Trampın "yenidən öz relslərinə qayıdıb" Vaşinqtonun bəzi dünya qurumlarındakı rolunu məhdudlaşdıracağını görmək təəccüb doğurmayacaq.
Noton isə deyir ki, Tramp bunu daha çox istəsə də, çox güman, ABŞ Konqresi onunla yola getməyəcək və müqavimət göstərəcək.