Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:49

Evi yanan: "Transformatorlar üçün böyük pullar silinir"


İllüstrasiya
İllüstrasiya

►"Evim onların günahı ucbatından yanıb"

“Transformator açılanda məlum oldu ki, istismar müddəti çoxdan ötüb. O vaxt guya təzəsi ilə əvəzləndi. Sən demə, elə köhnəsini rəngləyib gətirib yerinə qoyublarmış. İşıq idarəsinin işçiləri transformatoru açmaq istəmirdilər. Fövqəladə Hallar Nazirliyinin komissiya üzvlərinin tələbindən sonra açmaq məcburiyyətində qaldılar. Məlum oldu ki, içərisi bərbad vəziyyətdədir. Qoruyucuları çıxarıb satıblar, yerinə armaturlar vurublar. Hansı ki, gərginlik artanda həmin qoruyucular vasitəsilə enerji verilişi avtomatik dayandırılır. Vurduqları armaturlar isə bu funksiyanı yerinə yetirə bilmir deyə, bu da faciələrə səbəb olur”.

Ötən il martın 3-də səhər saatlarında Qax rayonunun Qaxmuğal küçəsində yaşayan 2-ci qrup Qarabağ müharibəsi əlili, prezident təqaüdçüsü İlqar Cəlilovun 3 otaqdan, mətbəx və qarajdan ibarət əmlakı tamamilə yanır. Məlum olur ki, eyni vaxtda məhəllədəki başqa evlərə də elektrik enerjisinin təsirindən zərər dəyib.

Araşdırılıb ki, evin yanmasına səbəb transformatordur. İlqar Cəlilov hadisəsinin ertəsi günü özünü Bakıya çatdırır və Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəbuluna girə bilir. Nazirin tapşırığı ilə yanan evə komissiya tərəfindən baxış keçirilir.

Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin araşdırması nəticəsində məlum olur ki, hadisə Qax Elektrik Şəbəkəsinin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində baş verib.

O da aydın olub ki, Rayonun Qaxmuğal küçəsini elektrik enerjisi ilə təmin edən tranformator istismara yayarsız halda olub, yüklənmələr və qısa qapanmalar zamanı avtomatik ayırıcı sistem işləməyib. Bu isə təkcə Qarabağ əlilinin deyil, digər sakinlərin elektrik -məişət texnikalarının da sıradan çıxmasına səbəb olub.

Buna da bax: Taxta bazarı devalvasiyadan sonra

“BÖYÜK PULLAR SİLİNİR”

İlqar Əzizov
İlqar Əzizov

Nazirlik Qax Rayon Elektrik Şəbəkəsinin işçilərinin əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materialları Baş prokurorluq vasitəsilə Qax rayon prokurorluğuna göndərir. İlqar Cəlilov deyir, buna qədər işlər yaxşı gedirmiş:

“Elə ki, iş rayon prokurorluğuna gəldi, prokuror və müstəntiq işi ört-basdır etməyə çalışdılar. Mən tələb edirdim ki, rayona alınmış təzə tranformatorlarla bağlı araşdırma aparılsın. Söhbət yüz minlərlə manatdan gedir. Transformatorlar üçün böyük pullar silinir, ancaq əhalinin gözündən pərdə asmaq üçün köhnəsini aparıb rəngləyib gətirib yerinə qoyurlar. Mən bunları deyəndə, prokurorluqdan dedilər, “dinmə, işi öz üstündə bağlayarıq””.

İlqar Cəlilova dəymiş zərər əvvəl 17 min manat hesablanır. Ev sahibi məbləğlə razılaşmır. O, iddia edir ki, evinin yanması nəticəsində azı 60 min manat zərərə düşüb. Deməsinə görə, onun məsələni mətbuat vasitəsilə ictimailəşdirməsi prokurorluq işçilərini qəzəbləndirib və zərərin məbləği 5 min 500 manata düşüb.

İlqar Cəlilovun nə baş prokuror, nə onun birinci müavini, nə də idarə rəisləri ilə görüşməsi vəziyyəti dəyişmir.

SAYĞACIN GİRİŞİNƏDƏK CAVABDEHLİK

Qax rayon Prokurorluğunda aparılan istintaq başa çatıb və məhkəmə baxışına göndərilib. Yanvarın 26-da Qax Elektrik Şəbəkəsinin baş mühəndisi və rəisi vəzifəsini icra edən Elşad Əlimov və paylayıcı şəbəkələrin istismarı xidmətinin rəisi Xəlil Bayramovun məhkəməsi başlayacaq. Hər ikisi Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə təqsirləndirilir.

Elşad Əlimov özünü təqsirli bilmir. O, ifadəsində göstərib ki, ev yanandan sonra Elektrik Şəbəkəsinin işçiləri hadisə yerinə baxış keçiriblər. Məlum olub ki, sayğacın girişinə qədər heç bir qüsur aşkar edilməyib. İfadəsindən:

“Enerjidən istifadə qaydalarına görə, biz sayğacın girişinədək cavabdehlik daşıyırıq. Sayğacın çıxışından evin içinə qədər hər bir vətəndaşın özü cavabdehlik daşıyır”.

Buna da bax: 21 aydır maaş almırlar

LAQEYDLİK DEYİL, MƏCBURİYYƏT

Keçmiş rəis əvəzi ifadəsində maraqlı məqama toxunub:

“Qax Elektrik Şəbəkəsinin balansında olan heç bir transformatorda sovet dövründə ifrat gərginlikdə mühafizə sxemləri yoxdur. Hər bir transformatora təzə ayırıcı quraşdırılan zaman yükə uyğun standart qoruyucu qoyulur. Həmin qoruyucular bir müddətdən sonra sıradan çıxır. Yeni standart qoruyucular olmadığı üçün əllərində olan yükə uyğun alüminium naqillərdən istifadə etməli olurlar. Bu qaydalardan təkcə Qax Elektrik Şəbəkəsində deyil, Azərbaycanın bütün regionlarında da məcburi istifadə olunur”.

Şəbəkə işçisi bunu laqeydlik kimi yox, məcburiyyət qarşısında etdiklərini deyib.

Digər təqsirləndirilən şəxs Xəlil Bayramov da özünü təqsirli bilməyib və keçmiş rəis əvəzinin ifadəsinə uyğun ifadə verib.

Qeyd edək ki, təqsirləndirilənlərin heç biri barəsində həbs tədbiri seçilməyib.

XS
SM
MD
LG