Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:54

Azərbaycanda trol olmaq. 'Hər işi görürsənsə, aylıq qazancın 3-4 min manata çatır'


Gizli trollardan yeni xəbərlər - trol şəbəkəsinin necə işlədiyi ortaya çıxır
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

Gizli trollardan yeni xəbərlər - trol şəbəkəsinin necə işlədiyi ortaya çıxır

""Trol" deyib təhqir etdikləri insanlar da çörəkpulu qazanmaqdan ötrü o işi görürlər. Onlar (hökumətyönlü jurnalistləri, bloqerləri nəzərdə tutur-red.) məmurların pulu ilə yazı yazıb-pozur, oturur-durur. Biz də tapşırılan sözləri yazırıq. Neynəyək, ac qalaq?", – bu sözləri AzadlıqRadiosuna müsahibəsində sosial şəbəkələrdə ona tapşırılan rəyləri yazaraq pul qazanan, başqa sözlə, trolluq edən B.B. deyib.

Trolluğa gedən yolda ilk addım

B.B. 12 ilə yaxın müxtəlif nazirliklərdə çalışıb. 2017-ci ildə isə səhhətindəki problemlər ucbatından işdən ayrılmalı olub. 2020-ci ildə COVID pandemiyasının dünyanı bürüdüyü vaxtda B.B. internetdə iş elanlarına baxanda maraqlı bir vakansiya ilə rastlaşıb. B.B. elanın tələblərini oxuduqca, öz sözləri ilə desək, gözləri parlayıb.

"Hamının işsiz qaldığı vaxtda qarşılaşdığım elan məni təəccübləndirdi. Başlanğıc üçün 2 min manatdan başlayan sosial media meneceri axtarırdılar. İş saatı pandemiya zamanı evdən səhər saat 9-dan axşam saat 9-a kimi idi. Pandemiyadan sonra isə səhər 9-dan axşam 6-a kimi nəzərdə tutulmuşdu. İş şərtləri isə "əsas sosial şəbəkə hesabın, telefonun, internetin olsun, qalanı izah edilir", - deyə yazılmışdı. Mən də əlaqə saxladım, görüş üçün "Nizami" metrostansiyası yaxınlığında bir plazaya çağırdılar. Görüşə gedəndə məlum oldu ki, məsələ nə imiş", – o, AzadlıqRadiosuna müsahibəsində bildirib.

B.B. ona iş müsahibəsi zamanı siyasi və dini görüşü, siyasi partiyalara, siyasətçilərə münasibəti haqda xüsusi suallar verildiyini deyir: "Müsahibə kompüter üzərindən təşkil edildi. Sualların böyük əksəriyyəti siyasi məzmunlu idi. "Rüşvət alan adamı sosial mediada tənqid edərsənmi", "Mitinqə çıxmısınızmı və ya hansı hallarda çıxarsınız", "Hüquq-mühafizə orqanlarına münasibətiniz necədir", "Siyasi partiya üzvlüyünüz varmı, yoxdursa, səbəbi nədir" tipində bir çox sual var idi. Vaxtilə nazirlikdə çalışdığım üçün onsuz da siyasi düşüncələrim onların istədiyi yöndə idi, yəni hakimiyyətyönlü. Sualları cavablayıb evə getdim. Üç gün sonra zəng gəldi ki, işə qəbul olmusunuz".

Bir-iki sosial şəbəkə hesabı üçün 600 manat...

B.B. deyir ki, işə qəbul olan gündən bugünə kimi verilən siyahıya uyğun olaraq paylaşımlara rəy yazmaqla məşğuldur. O, əsasən, müxalifət təmsilçilərinə mənfi, hakimiyyətə yaxın partiyaların isə təbliğatına yönəlik rəylər yazdığını söyləyir: "İşin ilk iki-üç həftəsi bizə təlim keçirildi. Təlim də oturub nəyisə izah etmək deyildi, ilk gündən tapşırılan statuslara rəy yazırdıq. Məsələn, cəbhəçilər (müxalifətdə olan AXCP fəalları), feministlər aksiya keçirirdi. Deyirdilər ki, "girin aksiyanı pisləyin, onları Qərbdən maliyyələşənlər adlandırın". Mən onsuz da siyasi görüşümə görə YAP-çıyam, feministləri isə ailə dağıtmaq üçün qurulmuş təşkilat hesab edirəm. Ona görə də aksiyalara çoxlu rəy yazmaq mənə maraqlı idi. Amma pis işlədiyini düşündüyüm nazirlikləri tərifləmək tapşırılanda özümdən iyrəndiyim olurdu. Amma neyləyəsən, çörəkpuludur".

O danışır ki, işin qazancı rəyin təsir gücündən və sayından asılı olaraq dəyişir: "Burada, bəzilərinin düşündüyü kimi, "bomba" gəlir yoxdur. İşləməlisən ki, qazanasan. Əgər bir profilin varsa, ancaq oradan yazılan rəylərə əsasən pul alırsan. Ya da təkcə siyasi mövzularda paylaşımlara rəy bildirirsənsə, yalnız bunun pulunu alacaqsan, 600-1000 manat arası. Əgər gecə-gündüz demədən işləyib, deyilən hər rəyi yazır, hər işi görürsənsə, yaxşı da qazanırsan. Aylıq qazancın 3-4 min manata çatır".

Onun dediyinə görə, üzv olduğu şəbəkədə hazırda işləyənlər, əsasən, 25-45 yaş arasıdır. B.B. siyasəti yaxşı bilən və texnologiyadan anlayışı olan 55 yaşa qədər şəxslərin də trolluq etdiyini söyləyir: ​"Xanımlar yoxdur, varsa da, ofisdə oturmur. Əsasən kişilərdir. Onların da bir hissəsi ikinci iş kimi saat 6-dan sonra gəlir. Aramızda hökumət saytlarının işçiləri, nazirlik əməkdaşları, müəllimlər də var. Kollektiv də yaxşıdır, əsas odur gizlilik qorunur".

Onu da qeyd edir ki, rəy yazmalı olduqları paylaşımları özləri seçmir, tapşırıq əsasında formalaşır.

İki-üç profildən yazdığını deyən B.B.-nin sözlərinə görə, o, bəzi trollar kimi, şərhlərində təhqirə keçmir, öz düşündüklərini ifadə etməyə çalışır.

"Meta" şirkəti bir elektron ünvan üzərindən açılmış, şübhəli görünən profilləri bağlayanda isə onlar həmin profilləri qaytarmağa vaxt sərf etmirlər, əvəzində yeni profillər açırlar.

Trolların arxasında dayananlar

B.B. trol şəbəkəsinin birbaşa hakimiyyətə bağlı olduğuna işarə etsə də, kimlərdən tapşırıq aldığını demir: ​"İnsan çörək yediyi qaba tüpürməz. İndi bizi kimin maliyyələşdirdiyini desəm, düzgün olmaz. Amma heç kim inkar eləmir ki, ən yuxarıdakı şəxslərin birgə nəzarəti ilə işləyirik. O vaxt dedilər ey, polis, YAP var trolların dalında. O da düz söhbət idi, biz də bunları eşidirdik. Amma dəqiq kiminsə adını çəkə bilmirəm. Hamının bəyəndiyi bir məmur da var, ara-sıra gəlir bizi "Nizami" metrosu yaxınlığındakı ofisdə ziyarətə. Deputatlardan da gələn olub, bizə rəhbərlik edən adamla danışıb gedib".

B.B. əlavə edib ki, sözügedən şəbəkədə təxminən mindən çox adam çalışır. Onun sözlərinə görə, şəbəkə həm də öz daxilində sektorlara ayrılıb.

Azərbaycanda trolların himayəsi iddiası

2022-ci ilin aprelində "Facebook", "Instagram", "WhatsApp" sosial platformalarını özündə birləşdirən "Meta" şirkəti hesabatında Azərbaycandan gələn təhdidlərin – saxta hesablar, trol fəaliyyətinin araşdırıldığını bildirib.

"Biz Azərbaycanda həm kibercasusluqla məşğul olan, həm də həqiqi olmayan davranışlarından şübhələndiyimiz profillərdən ibarət şəbəkəni sildik. Bu şəbəkə ilk növbədə Azərbaycandan olan insanları, xüsusilə fəalları, müxalifətçiləri, jurnalistləri və hökuməti tənqid edənləri hədəfə alıb. Bu məhsuldar, lakin idarəetmə baxımından zəif şəbəkə idi və Azərbaycanın Daxili İşlər Nazirliyi tərəfindən idarə olunurdu", – hesabatda qeyd olunub.

"Facebook" 2020-ci ilin oktyabrında da elan etmişdi ki, Yeni Azərbaycan Partiyasına (YAP) bağlı 8 mindən çox "Facebook" və "Instagram" hesabını silib. Onların sosial şəbəkənin koordinasiyalı saxta davranışa qarşı siyasətini pozduğu, bu fəaliyyətin Rusiyanın 2016-cı ildə ABŞ-da seçkiyə müdaxilə əməliyyatına oxşar olduğunu yazmışdı. YAP isə bu deyilənləri təkzib etdi.

Vüqar Səfərlinin məhkəməsində üzə çıxanlar

Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun mənimsəmə ittihamı ilə həbs edilən keçmiş icraçı direktoru Vüqar Səfərli məhkəməsində deyib ki, icarəyə götürülmüş 421 m² yerdə bloqerlər qeyri-rəsmi fəaliyyət göstərirdi. Səfərli bloqerlərin fəaliyyətindən Prezident Administrasiyasının ozamankı başçısı Ramiz Mehdiyevin, Administrasiyanın keçmiş şöbə müdiri Əli Həsənovun da xəbərdar olduqlarını vurğulayıb.

AzadlıqRadiosu isə sözügedən bloqerlərin müxtəlif saytların əməkdaşları olduğunu üzə çıxarıb. Həmin şəxslərdən birinin dediyinə görə, hər biri çoxlu sayda saxta profillər açaraq onların vasitəsilə şərhlər yazıblar. Şərhlər də öncədən razılaşdırılıbmış.

Azərbaycan hakimiyyəti indiyədək trol fabriki haqda beynəlxalq mediada yazılanlara reaksiya verməyib. Ölkənin Daxili İşlər Nazirliyi isə qurumun adı keçən hesabatdakı məlumatları "əsassız" adlandırıb.

"Trol" sözünün həqiqi anlamı

"Troll" balıqçılıqla bağlı termindir, ingilis dilində "balıq tutmaq üçün istifadə olunan tilov" (qarmaq), "tilovun ucuna taxılan yem", "suya tilov atıb balıq tutmaq" mənalarını verir.

Müasir anlamda isə "trol" ayrı-ayrı saytların, sosial şəbəkələrdəki səhifələrin işini sabotaj edən internet istifadəçisidir.

Bir gün "trol" adından xilas olmaq...

B.B. isə "trol" adından qurtulmağın yolunu başqa cür görür. Deyir, bir gün bu şəbəkənin rəsmiləşəcəyinə ümid edir: ​"Çörəkpulu qazandığımız üçün söyürlər bizi. Hərə bir cür dolanır da. Nə edək? İnşallah, gün gələr, bu şəbəkə Təbliğat Fondu- falan olar, biz də başıdik gəzərik hamının yanında".

B.B. sonda qeyd edib ki, dekabrda ötən ilin ölkə üçün uğurlu keçdiyinə dair rəylər yazmaq iş planına daxildir.

XS
SM
MD
LG