Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:01

Türkiyə bankları sanksiyalara görə Rusiya ilə əməkdaşlıqdan imtina edirlər


Türkiyə bankları ABŞ-ın dolayısı ilə sanksiyalarından çəkinərək Rusiya müştəriləri ilə işləməkdən imtina edirlər.

Söhbət xüsusilə də Rusiyanın hərbi sənaye kompleksi ilə bağlı olan qurumlardan gedir.

Bu barədə Rusiyanın Kommersant qəzeti yazır.

Qəzet bildirir ki, Türkiyənin Nurol Bank və Emlak Bank bankları da daxil demək olar bütün bankları Rusiyadakı təşkilatlarla kredit münasibətlərini, habelə ödənişlərin və köçürmələrin icrasını dayandırıblar.

Kommersant qəzetinin məlumatına görə Türkiyə bankları yalnız Rusiyadakı xarici bankların filialları üçün istisna təklif edirlər.

Avropanın sanksiyaları, Baydenin fərmanı

Maliyyə bazarının iştirakçıları bildirirlər ki, vəziyyət xüsusilə də 2023-cü ilin dekabrında Avropa İttifaqınn Moskvaya qarşı sanksiyalarının 12-ci paketi qəbul ediləndən və ABŞ prezidenti Co Baydenin dolayısı ilə sanksiyalar barədə fərmanından sonra kəskinləşib.

Hər iki sənəd Rusiyanın Ukraynaya davam edən müdaxiləsinin nəticəsi olaraq ortaya çıxıb.

Türkiyə bankları Rusiya ilə işbirliyinə görə ABŞ-ın sanksiya siyahısına salınacaqlarından ehtiyat edirlər. Belə ki, bu halda banklar dollar ödəniş sistemindən çıxarıla və yerli müştərilərini itirə bilərlər.

Kommersant qəzetinin müsahibləri deyiblər ki, əgər Türkiyə bankları üçün risk həddən artıq çox olarsa, o zaman Rusiya üçün yeganə variant Türkiyə bankları ilə hesablaşmaları başqa ölkələrin, məsələn MDB ölkələrinin bankları vasitəsilə aparmaq olacaq.

Kommersant yazır ki, Rusiya və Türkiyə bankları onun sorğularına cavab verməyiblər.

Türkiyə nazirlyi məsələni araşdırdığını bildirir

Türkiyə və Rusiya bankları arasında ödəniş və köçürmələrin çətinləşməsinə dair məlumatı Rusiyanın RIA Novosti agentliyinə Türkiyə banklarından birindəki mənbə də təsdiq edib.

Türkiyənin Ekonomim saytı xəbər verir ki, yanvarın 1-dən bir çox Türkiyə ixracatçıları Rusiyaya pul köçürmələri məsələsində Türkiyə banklarının imtinaları ilə üzləşiblər.

Sayt yazır ki, hazırda Türkiyə Ticarət Nazirliyi bu məsələni araşdırır.

2023-cü ilin yazından Türkiyənin gömrük sistemi sanksiyaya düşən malların Rusiyaya tranzitini bloklamağa başlayıb.

Logistika biznesinin nümayəndələri deyirdilər ki, söhbət ilk növbədə Rusiyaya “paralel idxal” sxemi ilə gətirilən mallardan gedir.

Daşımalar da artıb, qiymətləri də

Rusiyanın Ukraynaya hərbi təcavüzü başlanandan bəri Türkiyə Rusiyaya Avropa, Hindistan, Afrika və Latın Amerikasından idxal olunan malların əsas tranzit qovşağına çevrilib.

Bəzi hesablamalara görə 2022-ci ildə Türkiyədən Rusiyaya yük daşımaları 5 dəfə artıb.

Eyni zamanda Türkiyədən dəniz daşımalarının qiyməti 50-70 faiz yüksəlib.

Avtomobillə daşımaların xərcləri 2 dəfə, bərə ilə daşımaların qiyməti 4 dəfə artıb.

Bundan əvvəl məlum olub ki, Çin bankları da Rusiya müştəriləri ilə əməkdaşlığın şərtlərini sərtləşdirirlər.

Bu banklar da ABŞ sanksiyalarından ehtiyat edirlər.

XS
SM
MD
LG