Keçid linkləri

2024, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:55

Türkmənistan universitetlərində tələbələrə orucun qadağan edildiyi deyilir


Aşqabadın mərkəzi "Ər-Toğrul" məscidində Ramazan bayramı namazı
Aşqabadın mərkəzi "Ər-Toğrul" məscidində Ramazan bayramı namazı

Türkmənistanın bəzi universitetlərinin, məktəblərinin tələbə və şagirdlərə oruc tutmağı qadağan etdiyi söylənir.

"Bu günlərdə orta məktəblərin, ali təhsil müəssisələrinin giriş qapıları qarşısında növbətçi mühafizəçilər var. Hamısının əlində su var, gələn tələbələrə verib içəri buraxmazdan əvvəl onlara içdirirlər", - adının çəkilməsini istəməyən yerli sakin deyir.

Təhlükəsizlik səbəbindən AzadlıqRadiosu dini ayinlərə qadağanın tətbiq olunduğu bildirilən vilayətin adını açıqlamır.

Verilən məlumatlara görə, bu həftənin əvvəlində təhsil müəssisələrində oruc tutmağa qadağa qoyulub, şagird və tələbələr orucunu pozmağa məcbur edilib.

"Məktəblərin, universitetlərin rəhbərləri... bunu ac şagird və tələbələr arasında huşunu itirmə hallarının baş verməsi ilə izah ediblər", – yerli sakin bildirib.

Ramazan ayında 30 (29) gün oruc tutmaq İslamın beş sütunundan biri hesab olunur. Oruc səhərdən axşama qədər yemək və içməkdən tamamilə çəkinməkdən ibarətdir.

AzadlıqRadiosunun türkmən xidmətinin müxbiri ilə söhbətdə gənclər orucu pozmaqla günah işlətdiklərini, hakimiyyətin isə onların din azadlıq hüquqlarını pozduğunu bildiriblər.

"Ötən illərdə Ramazan ayı isti günlərə düşəndə belə, oruc tutmaq o qədər də çətin deyildi. İndi isə naməlum səbəbdən bizə oruc tutmaq tamamilə qadağan edilib", - universitetlərdən birində ad və soyadının çəkilməsini istəməyən tələbə deyir.

Türkmənistan prezidenti atasının adına 'Ağıllı şəhər' tikdirib: Berdiməhəmmədovun özü hara yoxa çıxıb?
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

"Həddindən artıq dindar" şəxsləri axtarırlar

AzadlıqRadiosu dini ayinlərin yerinə yetirilməsinə qadağa qoyulması ilə bağlı həmin vilayət rəhbərliyi və təhsil şöbəsindən şərh ala bilməyib. Oruc tutan tələbələr və ya məktəblilər arasında huşunu itirmə halları barədə də məlumatı dəqiqləşdirmək mümkün olmayıb.

Amma deyilən qadağadan öncə bu il Ramazan ayı münasibətilə oruc tutan və məscidləri ziyarət edən türkmənlərin sayında nəzərəçarpacaq artım olması ilə bağlı xəbər yayılıb. Yerli müşahidəçilər Türkmənistan hakimiyyətinin bu vəziyyətdən narahat olduğunu ehtimal edirlər.

Ramazan ayının başlaması ilə ölkənin müxtəlif bölgələrində Türkmənistan hakimiyyətinin ziddiyyətli məhdudiyyətlər və tələblər tətbiq etdiyi də vurğulanır. Məlumatlara görə, Aşqabadda təhlükəsizlik orqanlarının əməkdaşları dindarlar arasında "həddindən artıq dindar" şəxsləri axtarırlar. AzadlıqRadiosunun müxbirinin martın 18-də verdiyi məlumata görə, əməkdaşlar məscidlərə gedərək "çox mömin" görünən vətəndaşları dindirməyə çağırırlar.

Bu arada, Məryəm vilayətinin Yolötən etrapında səlahiyyətlilər bütün Ramazan ayı boyunca spirtli içkilərin satışını qadağan edib.

Türkmənistan, ölkə Konstitusiyasının 1-ci maddəsinə əsasən, "demokratik, hüquqi və dünyəvi" dövlətdir.

Amma ölkə Konstitusiyasına zidd olaraq, Türkmənistan hakimiyyətinin vətəndaşların şəxsi həyatına müdaxilə etdiyi bildirilir.

Türkmənistan uzun illərdir ki, ABŞ Dövlət Departamentinin dini etiqad azadlığına dair hesabatında "xüsusi narahatlıq doğuran" ölkələr siyahısındadır.

XS
SM
MD
LG