Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:10

Qiymət artımından gileylənənləri güllələməklə hədələyiblər


Aşqabadda polis, arxiv fotosu
Aşqabadda polis, arxiv fotosu

Bir litr pambıq yağının qiyməti 3 manatdan ($0.8) 24 manata ($6.8) qalxıb

Yanvarın 10-da Türkmənistanın Lebap vilayətinin Farap rayonunda 200-dək adam ərzağın bahalanması ilə əlaqədar yerli administrasiyaya gedib. Bu haqda AzadlıqRadiosu-nun Türkmənistan xidməti məlumat yayıb.

Bu il yanvarın 1-dən mağazalarda bəzi güzəştli malların qiymətinin 7-8 dəfə bahalandığı xəbər verilir. Məsələn, bir litr pambıq yağının qiyməti 3 manatdan ($0.8) 24 manata ($6.8) qalxıb.

“Administrasiyaya yığışanlar deyiblər ki, subsidiyalı məhsullar olmasa, onların maaşları, pensiyaları, müavinətləri ilə yaşamaq çətinləşər. Onlar yanvarın 1-dən maaş, pensiya və müavinətlərin cəmi 10 faiz, subsidiyalı məhsulların qiymətinin isə 700-800 faiz qalxmasından narahatlıq bildiriblər”, – aksiyanın şahidi olmuş müxbir danışıb.

“Hamınızı yerində güllələyərik”

Az sonra 15 qara maskalı silahlı hərbçi administrasiyaya gələrək binanı mühasirəyə alıblar. Onlardan sonra gələn polis əməkdaşları isə, yerli sakinlərin deməsinə görə, onları “güllələməklə” təhdid edib.

“Polislər adamların üstünə qışqırmağa başladılar: ‘Bir daha belə yığışıb qiyam qaldırmağa cəhd eləsəz, özünüzdən küsün. Hamınızı yerində güllələyərik, heç qohumlarınız meyitlərinizi belə ala bilməz. Ac olsaz da, evdə sakit oturun’. Adamlar qorxub tez dağılışdılar”, – hadisə yerində olanlardan biri danışıb.

Başqa bir yerli sakinin sözlərinə görə, polis əməkdaşları onlarla elə danışıblar ki, “sanki dövlət çevrilişi etməyə yığışıblar”. “Polislər soruşurdular ki, 'Sizə qiyam qaldırmağı kim öyrədib? Bunun arxasında kim dayanır?' Əslində isə ac xalqın arxasında heç kəs yoxdur. Yemək almağa pulumuz belə yoxdur”, – o deyib.

Ölkədə təhlükəsizliyin gücləndirildiyi bir vaxtda...

Radionun Türkmənistan xidməti sakinlərin dinc şəkildə yığışmasının ölkənin bütün regionlarında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir vaxtda baş verdiyini yazır. Qazaxıstanda maye qazın bahalanmasından sonrakı etirazlar Türkmənistan hakimiyyətini belə addımlara sövq edib.

Təhlükəsizlik orqanlarının əməkdaşları hakimiyyətin “Türkmənistanda da oxşar xalq etirazlarından” narahat olduğunu deyib.

Ötən ilin sonundan hakimiyyət əhaliyə verilən güzəştli məhsulların həcmini azaltmağa, qiymətlərini qaldırmağa başlayıb. İqtisadi böhran içində olan ölkə əhalisinin böyük hissəsi bu məhsullardan asılıdır.

XS
SM
MD
LG