Türkmənistanın dövlət mediası vaxtaşırı ölkədəki uşaq evlərini qayğısız uşaqlıq təmin edən güvənli və xoşbəxt məkan kimi qələmə verir.
Ancaq ölkənin cənub-şərqində yerləşən Marı şəhərindəki uşaq evində böyüyən 27 yaşlı Mahım deyir ki, reallığın bu deyilənlərlə heç bir əlaqəsi yoxdur.
AzadlıqRadiosunun türkmən xidməti və radionun əməkdaşı Fərəngis Nəcibullanın hazırladığı bu məqalədə adı öz xahişi ilə dəyişdirilən Mahım dövlət uşaq müəssisəsində ac qaldığını, işçilərin fiziki və mental təhqirlərinə məruz qaldığını xatırlayır. O, yetim uşaqların əməyinin pambıq tarlalarında da istismar edildiyini deyir.
"Uşaq evində hər cür adam işləyir – bəziləri pis, bəziləri yaxşı. Ancaq uşaq evinin müdiri və bəzi tərbiyəçilər, sadəcə, çox pis adamlar idi", - Mahım AzadlıqRadiosunun türkmən xidmətinə belə deyib.
"Tez-tez ombanı, döşlərimi çimdikləyirdilər"
Mahımın sözlərinə görə, tərbiyəçilər şikayət etməyə heç kimləri olmayan müdafiəsiz yetim uşaqları "amansızlıqla" döyür və aşağılayırdılar.
"Uşaq bir şeyi qıranda, yaxud tərbiyəçinin təlimatına əməl etməyəndə ona qışqırır, onu döyür və təhqir edirdilər. Əslində, bütün tərbiyəçilər bizi aramsız döyürdülər. Onlar tez-tez ombamı və döşlərimi çimdikləyirdilər", - Mahımın sözləridir
Avtoritar Türkmənistanda dövlətə məxsus uşaq müəssisələrində yaşamalı olan yetim uşaqların sayı barədə hər hansı açıq bilgi yoxdur.
Dövlət mediası çox zaman qüsursuz geyinmiş uşaq evi sakinlərinin yüksəkvəzifəli rəsmilərlə, o sıradan bu müəssisələrə baş çəkən, yaxud Yeni il və digər bayramlarda onlara hədiyyələr göndərən ölkə prezidenti ilə şəkil çəkdirdiyini göstərir.
Uşaqları bəzən məktəb gəzintilərində, konsertlərdə, yaxud məşhur adamlarla görüşlərdə göstərirlər.
Ancaq Mahım iddia edir ki, bağlı qapılar arxasında və kameralardan uzaqda yetim uşaqlar təhqir, hədə-qorxu və istismara məruz qalırlar. Onun sözlərinə görə, uşaqlara adi təhsil belə verilmir: "Biz müəllimləri ayda bir-iki dəfə görərdik. Bir müəllim bir neçə dərsi deyirdi. Bu üzdən, uşaq evlərində böyüyən uşaqların çoxu savadsızdır, oxuya və yaza bilmir. Tərbiyəçilər tez-tez bizə deyirdilər ki, bizə təhsil lazım deyil".
Mahım Marı uşaq evində aşpaz və tərbiyəçilərin uşaqlar üçün nəzərdə tutulan yeməkləri evlərinə daşımaqla dolandıqlarını söyləyir.
O deyir ki, çox vaxt uşaqlara qaynanmış makarondan başqa çox az şey qalırdı. Onun sözlərinə görə, uşaqlar yalnız kimsə xeyriyyə məqsədilə onlara yemək gətirəndə normal qidalanırdılar.
Mahım iddia edir ki, uşaq evində bəzi yeniyetmə qızların hüquq-mühafizə orqanlarının əməkdaşı ilə cinsi əlaqəyə girməyə məcbur edildiyinin şahidi olub.
"Yaraşıqlı qızları seçib polislə yatmağa məcbur edirdi"
O, böyüdüyü uşaq evində iddia olunan cinsi istismarın nə dərəcədə geniş yayıldığı haqda detallara varmasa da, 2013-cü ildə işə götürülən bir qadın tərbiyəçinin bir neçə qız uşağını bir polis zabiti ilə cinsi əlaqəyə məcbur etdiyini söyləyir. Mahımın sözlərinə görə, polis əməkdaşı həmin tərbiyəçinin qohumuymuş: "O, 15-17 yaşlı yaraşıqlı qızları seçib polislə yatmağa məcbur edirdi. Tabe olmayanları da döyürdü".
Marı dövlət qurumları AzadlıqRadiosunun açıqlama xahişinə cavab verməyib. Radio bu iddiaları müstəqil qaydada təsdiqləyə bilmir. Ancaq Türkmənistan uşaq evlərində böyümüş başqa şəxslər də daha öncə bu müəssisələrdə məruz qaldıqları və ya şahidi olduqları təhqir və istismar hallarından danışıblar.
Mahım yaşı 12-dən yuxarı olan yetim uşaqların əməyinin daim pambıq tarlalarında istismar oldunduğunu deyir: "Naharımızı pambıq tarlasında edib, uşaq evinə axşam qayıdırdıq. Bəzi tərbiyəçilər öz evlərində də işlədirdilər".
Tələbələri, dövlət sektoru işçilərini və əsgərləri hədə-qorxuyla pambıq yığmağa məcbur etdiyi üçün Türkmənistan hökuməti tənqid olunur.
Mahımın fikrincə, Türkmənistandakı uşaq evlərində çalışanlar şikayət etməyə qorxan və qorunaqsız uşaqlardan sui-istifadəyə görə heç bir cəza almırlar.
"Şayiə gəzirdi ki, işçilər Aişənin yeməyinə abort dərmanı qoyublar"
Uşaqlıq dostu Aişənın başına gələnləri danışan Mahım deyir ki, Aişə uşaq evindəki oğlanlardan biri ilə görüşməyə başlayıb və 15 yaşında hamilə qalıb. O, uşaq evi müdirinin abort etmək tələbinə dirənsə də, uşağı salıb: "Şayiə gəzirdi ki, işçilər Aişənin yeməyinə abort dərmanı qoyublar. Aişə uşağını itirəndən sonra psixoloji problemləri yarandı və psixiatriya xəstəxanasına yerləşdirildi".
O, Aişənin sonradan xəstəxanada öldüyünü də söyləyib: "Müdir və tərbiyəçilər bizi hədələdilər ki, kiməsə Aişə haqda danışsaq, bizim həyatımızı cəhənnəmə döndərəcəklər".
Mahımın sözlərinə görə, yetimxanada böyüyən uşaqların problemləri hətta 18 yaşına çatıb müəssisəni tərk etdikdən sonra da bitmək bilmir, axı müəssisə onları müstəqil həyata hazırlamır. Heç bir maliyyə resursu, yaxud dəstək sistemi olmayan uşaq evi məzunları çox zaman cəmiyyətlə bütünləşə bilmirlər. Bəziləri də cinayət yoluna üz tutur.
Qanuna görə, Türkmənistanda uşaq evi məzunları sosial ev ala bilərlər, ancaq Lebap vilayətinin uşaq evində böyüyən bir sakini deyir ki, çoxları ev üçün illərlə gözləməli olur.
Lebaplı qadının sözlərinə görə, hökumət uşaq evlərində böyüyən qızları ahıl evlərinə, oğlanları isə zorla orduya göndərir.