Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:07

Ukraynalı pilot: ‘F-16-lar sovet qırıcılarından 4-5 dəfə yaxşıdır’


Rumıniyadakı Feteşti hərbi-hava bazasındakı F-16-lardan biri (Arxiv fotosu)
Rumıniyadakı Feteşti hərbi-hava bazasındakı F-16-lardan biri (Arxiv fotosu)

Ukrayna hərbi hava qüvvələrinin komandanlarından biri deyib ki, onun ölkəsinin ABŞ istehsalı F-16 qırıcılarına kəskin ehtiyacı var.

Hərbi pilot Serhiy Holubtsov müttəfiqlərin Ukraynaya sovet zəmanəsinin MiG-29 qırıcıları bağışlamasını “mühüm addım” adlandırıb, amma qeyd edib ki, bu təyyarələr Ukraynanın bütün döyüş tələbatını ödəmir.

Reuters yazır ki, Ukraynanın işğal altındakı torpaqlarını azad etmək məqsədilə böyük əks-hücuma hazırlaşdığı bir vaxtda NATO üzvləri Polşa və Slovakiya öz aviaparklarından Kiyevə MiG-29 qırıcıları veriblər.

Holubtsov qeyd edib ki, sovet tipli qırıcılar pis olmasa da, Rusiyanın böyük hərbi hava qüvvələrinin qarşısını ala bilməz:

“Amma çoxfunksiyalı F-16 qırıcısı döyüş əməliyyatlarının geniş spektrini yerinə yetirə bilir. MiG-29-lar isə təəssüf ki, ötən əsrdən qalıb”.

Pilot deyib ki, ‘F-16-lar sovet qırıcılarından 4-5 dəfə yaxşıdır’.

ABŞ hələ ki Ukraynaya F-16 vermək istəmir

Bu həftə Polşaya səfər etmiş Ukrayna prezidenti Volodimir Zelenski demişdi ki, o Varşavanın Ukraynanı qırıcı təyyarələrlə təmin edəcək Qərb müttəfiqlərinin koalisiyasında aparıcı rol oynayacağına inanır.

Zelenskinin səfəri zamanı Polşa indiyədək Ukraynaya verdiyi 4 ədəd MiG-29 qırıcısına əlavə olaraq Kiyevə daha 10 belə təyyarə göndərəcəyini vəd edib.

Reuters yazır ki, bununla belə Ukraynaya F-16 qırıcıları vermək istəyən hər hansı bir ölkə bu təyyarələri tikən və onun ən böyük əməliyyatçısı olan ABŞ-ın dəstəyini almalı olacaq.

Vaşinqton indilik Ukraynaya F-16 qırıcılarının göndərilməsini istisna etdiyini bildirib.

Pentaqon rəsmiləri deyirlər ki, bu təyyarələrdə Ukrayna pilotlarının təlimi 18 ayadək çəkə bilər.

Lakin Holubtsov bildirib ki, iki ukraynalı pilot ABŞ-da F-16 təyyarələri ilə testdən keçib.

Onun sözlərinə görə sınaq çox uğurlu olub və deməli ukraynalı pilotların F-16-larda təlim müddətini qısaltmaq mümkündür.

Rusiyalı texniklərin sabotajı?

Bu arada Euractiv saytı yazır ki, Rusiyanın texniki ekspertləri Slovakiyadan Ukraynaya verilməli olan təyyarələrə bilərəkdən ziyan vurublar.

Slovakiyanın müdafiə naziri Yaroslav Nad deyib ki, rusiyalı texniklər Sliaç şəhərindəki hərbi hava bazasında 2022-ci ilə qədər olublar.

Nazir bildirib ki, onlar gedəndən sonra təyyarələrdə nasazlıqlar aşkar edilib.

Pilotlardan birinin dediyinə görə rusiyalıların təmirindən sonra mühərriklərdən biri 350 saat əvəzinə cəmi 70 saat işləyib.

Polis təhqiqatı göstərib ki, MiG-29-ların mühərriklərində qüsurlar məhz ruslar tərəfindən təmir olunan hissələrdə aşkar edilib.

Bununla belə bu ziyanın qəsdən vurulduğunu isbat etmək mümkün olmayıb.

Nad təyyarələrdəki qüsurlar barədə ölkə müxalifəti hökuməti Ukraynaya qırıcıların verilməsini ləngitməkdə ittiham edərkən danışıb.

Slovakiya hökuməti Ukraynaya 13 ədəd MiG-29 qırıcısı verilməsinə dair qərarı martın 17-də qəbul edib. Bratislavaya bunun əvəzində F-16 qırıcıları verilməlidir.

Rusiya tərəfi isə bildirir ki, Slovakiya 1997-ci ildə imzalanmış sazişi pozub.

Həmin saziş hərbi texnikaların üçün bir ölkəyə verilməsini qadağan edir.

XS
SM
MD
LG