Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:23

Ukrayna Rusiyanın böyük desant gəmisini batırdığını deyir


"Sezar Kunikov" gəmisi 2016-cı ildə Suriyadakı Tartus dəniz bazasından qayıdarkən
"Sezar Kunikov" gəmisi 2016-cı ildə Suriyadakı Tartus dəniz bazasından qayıdarkən

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus böyük desant gəmisi - “Sezar Kunikov” gəmisinin batırıldığını bəyan edib.

Ukrayna baş qərargahının məlumatına görə gəmiyə zərbə endirilərkən o Ukraynanın ərazi sularında – Alupka yaxınlığında idi.

Rusiyanın Müdafiə Nazirliyi hələ ki bu xəbəri şərh etməyib. Bundan əvvəl Moskva Qara dəniz akvatoriyası üzərində 6 dronunun zərəsizləşdirildiyini xəbər vermişdi.

AzadlıqRadiosu müharibə şəraitində bu xəbəri müstəqil şəkildə təsdiqləyə bilmir.

“Sezar Kunikov” gəmisinin batırılması barədə xəbəri ilk dəfə “Ukrainskaya pravda” qəzeti Ukrayna MN Baş Kəşfiyyat İdarəsindəki mənbələrə istinadla xəbər vermişdi.

Qəzet yazır ki, gəmiyə dronlarla hücum edilib. İddialara görə gəminin batdığı ərazinin fotosunu “Krımski veter” teleqram kanalı dərc edib.

Bu fotoda partlayışın nəticələri və xilasedici qayıqlar görünür.

Gürcüstan, Suriya müharibələrində...

“Dva mayora” teleqram kanalı xəbər verir ki, hücum ilhaq edilmiş Krımın cənub sahilindəki Katsiveli qəsəbəsinin yaxınlığında baş verib və ekipaj sağdır.

Lakin “Krımski veter” teleqram kanalının dərc etdiyi fotoda gəminin batdığı yerin üzərində helikopterin dövrə vurduğu görünür.

Rusiya Müdafiə Nazirliyinə yaxın “Rıbar” kanalı gəminin vurulması faktını təsdiq edib, amma təfərrüatları verməyib.

"Sezar Kunikov” Rusiyanın ən böyük desant gəmilərindən biridir. Gəmi 1986-cı ildə Qdansk tərsanəsində tikilib.

Bu gəmi 10 ədəd hərbi texnika və 300-dən çox desantçını daşıya bilir. Gəminin ştatlı heyəti 87 nəfərdir.

Gəmi 2008-ci ildə Rusiya-Gürcüstan münaqişəsində, Suriyadakı Rusiya hərbi kontingentinin təchizatında, Ukraynaya müdaxilədə iştirak edib.

Gəmi ilk dəfə 2022-ci ildə işğal olunmuş Berdyansk limanında vurulmuşdu.

Düz fevralın 14-də...

Gəmi Sovet İttifaqı qəhrəmanı, dəniz piyadası mayoru Sezar Kunikovun adını daşıyır.

O 1943-ci ilin 14 fevralında “Kiçik torpaq”da keçirilən desant əməliyyatında aldığı yaralardan ölüb.

Əlamətdardır ki, onun adını daşıyan gəminin də 14 fevralda vurulduğu xəbər verilir.

Ukrayna mediası bunun təsadüf olub-olmadığı barədə heç nə yazmır.

Ukrayna tərəfinin məlumatına görə “Sezar Kunikov” Rusiyanın tammiqyaslı müdaxiləsi dövründə ikinci dəfədir ki, vurulur.

Ukrayna hərbi dəniz donanması birinci dəfə gəmini 2023-cü ilin 24 martında vurmuşdu.

O vaxt Ukrayna Rusiyanın daha bir böyük desant gəmisini – “Orsk” gəmisini sıradan çıxarmışdı.

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın iddiasını şərh etməkdən boyun qaçırıb.

Teleqram kanalında dərc edilmiş videoda Ukraynanın gəmiyə doğru hərəkət edən dəniz dronları görünür.

Magura V5 dəniz dronları

Ukrayna hərbi kəşfiyyatı bildirir ki, əməliyyat Qrup 13 adlı xüsusi qüvvələr birləşməsi tərəfindən həyata keçirilib.

Hücumda Magura V5 dəniz dronlarından istifadə olunub.

Kəşfiyyatın bəyantında deyilir:

“Sezar Kunikov” gəmisi sol göyərtəsindən zədələnib, bu hissədə iki dəlik açılıb və gəmi batıb”.

Ukrayna hərbi kəşfiyyatı bunu da bildirir ki, Rusiyanın xilasetmə əməliyyatı “uğursuz” olub.

Ukrayna dekabrda bildirmişdi ki, Rusiyanın Krımdakı başqa bir desant gəmisinə raket zərbələri endirib.

Magura V5 dronu (tam adı Maritime Autonomous Guard Unmanned Robotic Apparatus V Type) ötən il istifadəyə verilib.

Yastı kater şəklində olan dronun sürəti saatda 80 kilometrdir. Dron 320 kiloqram partlayıcı daşıya bilir.

XS
SM
MD
LG