Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:42

'Bizdə təhsilin keyfiyyəti azalır, haqqı artır'


Tələbə krediti verilməyə başlanır, amma...
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Tələbə krediti verilməyə başlanır, amma...

Bu ildən Azərbaycanın bəzi ali məktəblərində illik təhsil haqqı artıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat ixtisasını seçən gənclərdən biri AzadlıqRadiosuna deyib ki, həmin ixtisas üzrə illik təhsil haqqı nə az, nə çox, 300 manat artıb.

"Bizə sərf etmir"

Adlarının çəkilməsini istəməyən gənclər vurğulayıblar ki, həmin artımın səbəbi əsaslandırılmır: "Təhsil haqqının qalxması bizə sərf etmir. Bu il qiymətləri qaldırıblarsa, gələn il də qaldıra bilərlər. Kim zəmanət verir ki, qaldırmayacaqlar?! Onda biz bu pulu ödəyə bilməyəcəyik və təhsilimiz yarımçıq qalacaq".

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 2023-cü ildə Azərbaycanda 8 min 631 nəfər ali, orta təhsil səviyyəsində təhsil haqqının ödənilməməsinə, dərs buraxmağa görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə isə, bu il dövlət ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində xaric olunan tələbələrin sayı 582-dir.

Rəsmi məlumatlara əsasən, Azərbaycanda 2024/2025 tədris ilində plan yerlərinin sayı 5 faiz artırılıb. Bununla da sözügedən tədris ilində 60 minə yaxın yeni tələbə universitetlərdə oxumağa başlayacaq. Onlardan 32 minə yaxını ödənişli əsaslarla təhsil alacaq.

Avropada pulsuz olan təhsil niyə Azərbaycanda pulludur?
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Universitet: 2024-cü ildə qəbul olanlara aiddir

Azərbaycan Dövlət Pedaqoji Universitetindən "Turan"a təhsil haqqının artmasını təsdiqləyiblər. Universitetin mətbuat xidmətindən bildirilib ki, təhsil haqqı bütün ixtisaslar üzrə qaldırılıb: "2024/2025 tədris ilinə qədər bütün ixtisaslar üzrə təhsil haqqı 2 min manat idi, bu ildən 2 min 300 manat təşkil edəcək".

Universitetdən qeyd olunub ki, artım yalnız bu il onlara qəbul olanlara aiddir, yuxarı kurslarda təhsil alan tələbələrə şamil edilməyəcək. Lakin təhsil müəssisəsindən təhsil haqqı artımının səbəbləri izah edilməyib.

Azərbaycan Dövlət İqtisad Universitetindən verilən məlumata görə, universitetdə 23 ixtisas üzrə tədris həyata keçirilir, onlardan yalnız biri üzrə təhsil haqqında artım nəzərdə tutulur.

"Kolleclərdə təhsil haqqı daha yüksəkdir"

Azərbaycan Dillər Universitetindən (ADA) bildirilib ki, bir sıra ixtisaslarda təhsil haqqı qismən dəyişəcək: "Bakalavriat və magistratura səviyyələri üzrə bir sıra ixtisaslarda qismən təhsil haqqı dəyişikliyi nəzərdə tutulub. "İngilis dili müəllimliyi", ərəb, Koreya dilləri üzrə tərcüməçilik, "xarici dil müəllimliyi" (alman, fransız, ispan dilləri üzrə)..., "təhsildə sosial-psixoloji xidmət" ixtisaslarını göstərmək olar".

Vurğulanıb ki, qismən təhsil haqqı dəyişikliyi qərarı digər özəl və dövlət universitetləri ilə müqayisəli şəkildə təhlil aparıldıqdan sonra verilib: "Yenə digər ali təhsil müəssisələri ilə müqayisədə daha aşağıdır. Məsələn, ADU-da magistratura səviyyəsində tədris olunan "Аlmаn dilinin tədrisi mеtоdikаsı və mеtоdоlоgiyаsı", "Frаnsız dilinin tədrisi mеtоdikаsı və mеtоdоlоgiyаsı", "Təhsildə sosial-psixoloji xidmət", "Pedaqogika nəzəriyyəsi və tarixi", "Sosial pedaqogika" ixtisaslarının ödənişi illik 1 min manat olub. Hətta kolleclərdə də təhsil haqqı bundan daha yüksəkdir".

Nabatəli Qulamoğlu
Nabatəli Qulamoğlu

"İnflyasiyanı tələbələrin valideynləri də yaşayır"

Təhsil eksperti Nabatəli Qulamoğlu AzadlıqRadiosuna bildirib ki, təhsil haqqının artırılması, bir tərəfdən, başadüşüləndir: "Hər şey bahalaşıb və dövlətin təyin etdiyi statistik məlumatlar gerçəkliyə uyğun deyil. Deyirlər ki, inflyasiya çox cüzidir, amma elə deyil. Güman edirəm ki, bununla bağlı ali məktəblərdə müəyyən problemlər yaşanır".

Amma ekspertin fikrincə, bu artım tələbələrə də əlavə problemlər yaradır: "Onlar bunu necə ödəyəcəyi da başqa bir problemdir, çünki bu inflyasiyanı tələbələrin valideynləri də yaşayır. Onlar da bunu yaşayırsa, universitetlər valideynlərlə orta məxrəcə gəlməli idi. Cüzi miqdarda təhsil haqqını artırmaq olardı. İndiki artımla mən razı deyiləm".

Onun sözlərinə görə, təhsil haqqını artırmaqdan əvvəl təhsilin keyfiyyəti artmalıdır: "Əgər keyfiyyətlə təhsil haqqı paralel artırsa, mən onunla razıyam. Amma bizdə təhsilin keyfiyyəti azalır, təhsil haqqı isə artır".

Bəzi ekspertlər isə çıxış yolunu universitetlərdə fondların yaradılmasında görürlər.

XS
SM
MD
LG