Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:43

Veyislidəki köçkünlər suyu pulla alır


Su maşını. Foto illüstrasiya.
Su maşını. Foto illüstrasiya.

«Yaşayış yeri salasan, dünyanın bu vaxtında ora içməli su xətti çəkilməsin... 8 ildir bizi bu qəsəbəyə köçürüblər, ancaq su xətti çəkməyiblər. 8 ildir günü günə satırlar. Dövlət bir tərəfdən bizə çörəkpulu verir, o biri tərəfdən məcbur edir ki, suyu pulla alaq».

Goranboyun Veyisli kəndində salınmış köçkün qəsəbəsində su qıtlığıdır. Köçkün Rəhilə Salmanova AzadlıqRadiosuna danışır ki, 8 il öncə Goranboyda məskunlaşdıqları inzibati binalardan yeni salınmış bu qəsəbəyə köçürüləndə əvvəl seviniblər. Ancaq gəlib qəsəbədə su xətti olmadığını görəndə sevincləri yoxa çıxıb. O vaxtdan köçkünlər suyu başqa kənddən gələn su maşınından pulla alırlar:

***Buna da bax-Qovlar sakini: '6 aydır su maşını suyu nisyə gətirir'

«Burda su var, ancaq içməyə yararsızdır. Duzlu, çirkli... Mal-heyvana versən, içib əl-ayağını uzadar. Elə ailələr var ki, su maşınının gətirdiyi suyu ala bilmir, məcbur qalıb duzlu, çirkli su ilə qidalanıb, xəstə düşüb».

«BİR DƏ GÖRÜRSƏN, HƏFTƏYLƏ GƏLMİR»

Qəsəbəyə Şamaxının Əngəxaran kəndindən su maşını gəlir. Sakin Fəridə İsmixanova deyir, köçkünlərin təmiz su ilə qidalanması da su maşınının sürücüsünün əhvalına bağlıdır: «O da bir də görürsən, gündə iki dəfə gəlir, bir də görürsən, həftəylə gəlmir. Gəlməyəndə məcbur qalıb maşın tutub Goranboyun mərkəzinə gedirik. Mərkəz burdan 16 kilometr aralıdadır. Bu da əlavə xərcdir».

Qarşıdan isti ayların gəlməsi köçkünləri daha da təşvişə salıb. Yayda suya tələbat bir neçə dəfə artdığı kimi, xərcləri də birə-beş artır. Fəridə xanım davam edir:

***Buna da bax-Köçkün ailəsi: Çadır qurduq

«Yayda rayonun mərkəzinə gedib oradan su daşımağın nə demək olduğunu, yəqin ki, anlayırsınız. İstinin cırhacırında adamlar bir-birinin qapısına su üçün getməyə də utanır. Qonşu özü suyu pulla alırsa, mən onun qapısını necə döyüb su istəyə bilərəm... Bu problem qonşunun köməkliyi ilə yox, hökumət səviyyəsində həll olunmalıdır. Vallah, çörəksiz qalmaq mümkündür, susuz yox. Bu gedişlə susuzluq bizi növbəti dəfə köçkün düşməyə məcbur edəcək».

SU QITLIĞI VAR, AMMA...

Köçkünlər rəsmi qurumlara müraciət etsələr də, içməli su problemi həllini tapmayıb.

Goranboy rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Veyisli kəndi yaxınlığında yeni salınmış köçkün qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər görülməsi üçün uyğun qurumlara müraciət olunub: «Ancaq orada qəsəbənin çox hissəsində su var. Düzdür, su qıtlığı mövcuddur, ancaq bütövlükdə qəsəbəyə aid deyil. Qəsəbənin içməli su ilə tam təminatı üçün müraciət olunub».

İmkansızlıqdan rayon mərkəzinə su dalınca gedə bilməyən, Əngəxarandan gələn suyu ala bilməyən köçkünlərə isə, hələ ki, duzlu və rəngi gah qaraya, gah boza çalan su ilə qidalanmaqdan başqa çarə qalmır. Böyrəkləri davam gətirsə, oradan nə vaxtsa şəffaf su da keçəcək.

XS
SM
MD
LG