Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:05

Kliçko qardaşları: ‘Müharibə uzaqda getmir’


Vitali Kliçko (sağda) və qardaşı Volodımır Kiyevdə, 23 mart, 2022-ci il
Vitali Kliçko (sağda) və qardaşı Volodımır Kiyevdə, 23 mart, 2022-ci il


On il ərzində dünyada boks üzrə ağır çəki dərəcəsində üstünlüklərini qoruyub saxlayan VitaliVolodımır Kliçko qardaşları Ukraynanın dünyadakı səfirləri rolunu oynayırlar.

51 yaşlı Vitali 2005-ci ildə siyasi karyerasına başlayıb, Rusiya 2014-cü ildə Krımı işğal və ilhaq edəndən bir neçə ay sonra paytaxt Kiyevin meri olub. Münaqişənin başlanmasından on il, geniş müharibənin başlanmasındansa bir il keçmiş Vitali Kliçko hələ də Kiyev meridir.

46 yaşlı Volodımır 2014-cü il etirazları zamanı xalqa müraciət etsə də, formal siyasətdən kənarda qalıb. Bunun əvəzində o, bacardığı bütün sahələrdə Ukrayna üçün öz nüfuzundan yararlanıb. 2022-ci ilin fevralında isə ehtiyatda olan hərbçi kimi Ukrayna Silahlı Qüvvələrinin Ərazi Müdafiə Briqadasına qoşulub.

Qardaşlar ötən həftəsonu Münhen Təhlükəsizlik Konfransında iştirak edərkən AzadlıqRadiosunun gürcü xidmətinə müsahibə veriblər. Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin vaxtilə məhz bu nüfuzlu tədbirdə soyuq müharibədən sonra yaranan dünya düzənini inkar edib. Builki konfransda da bir çox müzakirələr Putinin Ukraynada apardığı müharibə ətrafında idi.

Ruh və əzmdən əlavə müasir silahlar da olarsa...

“İdmanda dəqiq qaydalar var; qaydaları pozanda diskvalifikasiya olunursan. Bu müharibəninsə qaydaları yoxdur. Mülki vətəndaşlar, qadınlar, uşaqlar, yaşlılar heç bir səbəb olmadan öldürülür. Onun məqsədi dinc insanların normal həyatını məhv etməkdir, evləri və digər mülki binaları dağıtmaqdır. Rusiyalılara deyirlər ki, bu, "xüsusi əməliyyatdır". Eyni zamanda da şəhərləri, kəndləri, milyonların həyatını məhv edirlər. Buna görə də müharibə ilə idmanı müqayisə etmək düzgün deyil.

Ancaq idmanda və bu müharibədə eyni olan bir şey var: ruh, qələbə əzmi. Biz də Ukrayna xalqının qələbə əzmi və ruhu nümayiş etdirməsinin şahidi oluruq. Ukrayna xalqının əhval-ruhiyyəsinin nə qədər yüksək olduğunu görürük. …Dünyada bir çox ekspertlər bizə dünyanın ikinci ən güclü ordusu, Rusiya ordusu qarşısında davam gətirmək üçün bir neçə gün, yaxud bir neçə həftə vaxt qoymuşdular. Əgər biz ukraynalıların ruh və əzmdən əlavə müasir silahları da olarsa, daha çox uğur qazanarıq və bu çox sayda vətənpərvərimizin həyatını xilas edər”, – Vitali Kliçko deyir.

Müharibə kimlərə toxunur

“Müharibənin uzaqda olduğunu, sizə şəxsən toxunmadığını düşünmək ən böyük səhv olardı. Bu müharibə Ukraynada hər kəsə toxunub, Avropada milyonlarla insana toxunub və rusların bu qədər uzağa getməsinə imkan verilsə, bu müharibə hamıya toxunacaq. Onlar yalnız gücə hörmət edirlər.

…Putin özünü keçmiş Rusiya əmlakının toplayıcısı kimi təqdim edir. Onlar müstəqil Ukraynanın mövcud olmamasından danışırlar. Hal-hazırda onlar Polşadan Rusiyanın mülkiyyəti kimi danışırlar, bu dəqiqə Baltik ölkələrindən danışırlar. Almanlara demək istəyirəm ki, …unutmayın ki, Almaniyanın da böyük bir hissəsi sovet imperiyasının tərkibində idi və Putin orada KGB agenti olmuşdu. Biz zəif olsaydıq, onlar sovet imperiyasını yenidən qurmağa qədər gedib çıxa bilərdilər. Bu onların əsas məqsədidir. Biz təkcə öz evlərimizi qorumuruq, əgər eyni dəyərlərə sahibiksə, biz sizi, almanları qoruyuruq”, – o bildirir.

“Putin Rusiyası Ukraynaya sahib olmaq istəyir. Ukraynalılarsa ona lazım deyil. Onların təbliğatının dediyi də budur: Ukrayna milləti yaradılıb, o əvvəldən mövcud olmayıb, biz ukraynalılar tarixin səhviyik. Biz 30-cu illərdə Üçüncü Reyxdən də eşitmişik ki, bir milləti məhv etmək istəyirsənsə, onun tarixini silməlisən. Rusiyanın etdiyi də budur – tariximizi, muzeylərimizi, dilimizi silməyə çalışmaq. Yeri gəlmişkən, mən indi daha çox ukrain dilindən istifadə edirəm, hərçənd ukrain dili mənim ana dilim deyil. Ancaq dil bir millətin mühüm alətlərindən biridir. Rusiya isə tarixi tamamilə yenidən yazmağa çalışır”, – bunu Volodımır Kliçko söyləyir.

Yalanın ayaqları qısa olsa da...

“Alman dilində belə bir məsəl var: “Yalanın ayaqları qısadır”. O çox uzağa gedə bilmir. Ancaq təəssüf ki, mən anlamışam ki, Rusiya rejimi yalanlarla və Rusiya xalqına dedikləri ilə – ukraynalıları, azad dünyanı və NATO-nu günahlandırmaqla, özlərini guya kimsə onlara hücum etmək istəyirmiş kimi aparmaqla və s. – Rusiya xalqının beynində şər obrazı yaradıblar. Ümumən, əgər ala biləcəyiniz informasiya məhduddursa, mövcud olmayan şeylərə inanmağa başlayacaqsınız. Və bu kütləvidir. Ümumən bu işi media edir – çap mediası, radio, televiziya – ancaq həm də keşişlər və din görür. Ona görə də düşünürəm ki, azad mediaya, internetə çıxışı olan adamın dünya haqda anlayışı olur… Təbliğat o qədər uzağa gedib ki, insanlar aydın düşünməyə belə qadir deyillər.

Qorxu da onları ağızlarını bərk-bərk bağlamağa məcbur edir. Ya da bu heç qorxu da deyil; qorxu sağlam bir şeydir. Bu, öz xalqının rejimə qarşı ayağa qaxması, yaxud etməli olduğu şeyi etməsi, …Ukraynaya getməməməsi və ukraynalıları öldürməməsi, sadəcə buna qarşı çıxması ehtimalı qarşısındakı qorxaqlıqdır. Və mən bunun qorxaqlıq olduğunu düşünürəm. Qorxaqlıq bir insanın sahib ola biləcəyi ən pis xarakterdir”, – Volodımır Kliçko sözlərinə əlavə edir.

O, müharibədən sonrakı planlar haqda bunları deyib: “Hal-hazırda [işlər] asan getmir. Ancaq Ukraynanın qələbəsindən sonra da asan olmayacaq. İndi həyatda qalmaq haqda düşünürük. Sonra isə yaratmaq – yeni həyat, həyatda yeni imkanlar, yeni müdafiə, yeni hökumət, …yeni demokratiya haqda düşünəcəyik”.

XS
SM
MD
LG