Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:38

Azərbaycana ən çox pul qazandıran ölkələr


Dollar
Dollar

Xaricdən göndərilən pulun yarısı Rusiyadan gəlir

Mərkəzi Bank xarici ölkələrdən Azərbaycana və Azərbaycandan digər ölkələrə göndərilən pul baratlarını araşdıraraq göstəriciləri açıqlayıb. Rəsmi rəqəmlərdən aydın olur ki, bu ilin ilk üç rübü ərzində xarici ölkələrdən Azərbaycana 772 milyon dollar pul göndərilib. Ötən ilin eyni dövründə həmin göstərici 682 milyon dollar olub. Deməli, ötən illə müqayisədə Azərbaycandakı insanlara göndərilən pulun həcmi 90 milyon dollar və ya 13 faizdən çox artıb. Bu baxımdan. Rusiyayla bağlı daha bir məqam diqqət çəkir. Belə ki, 2021-ci ildə xarici ölkələrdən Azərbaycana göndərilən vəsaitin 53 faizi tək Rusiyanın payına düşür. Rusiyadan Azərbaycana hər ay rəsmi kanallarla ortalama 45 milyon dollardan çox pul göndərilir.

Azərbaycana göndərilən pulun həcminə görə ikinci və üçüncü yerləri Türkiyə və ABŞ tutur. Türkiyə ötən ilə nəzərən bu il ən çox artım qeydə alınan ölkələrdən biridir. Əgər 2020-ci ilin 9 ayı ərzində Türkiyədən Azərbaycana 56 milyon dollara yaxın pul göndərilmişdisə, bu il həmin göstərici 80 milyon dollar civarındadır. Bu, bir il içində digər ölkələrlə müqayisədə yüksək artım tempidir və 50 faizə yaxın artım deməkdir.

Cədvəl: 2021-ci ilin ilk 9 ayında Azərbaycana ən çox pul göndərən ölkələr

Ölkə

Məbləğ (dollarla)

Toplam göndərişlərdə payı

1

Rusiya Federasiyası

409 milyon 353 min

53 faiz

2

Türkiyə

79 milyon 510 min

10.3 faiz

3

Amerika Birləşmiş Ştatları

46 milyon 932 min

6.1 faiz

4

Birləşmiş Krallıq

25 milyon 670 min

3.3 faiz

5

Qazaxıstan

23 milyon 413 min

3 faiz

6

Ukrayna

20 milyon 517 min

2.7 faiz

7

Birləşmiş Ərəb Əmirlikləri

20 milyon 43 min

2.6 faiz

8

Almaniya

17 milyon 289 min

2.2 faiz

9

Gürcüstan

15 milyon 638 min

2 faiz

10

Səudiyyə Ərəbistanı

8 milyon 783 min

1.1 faiz

Azərbaycandan göndərilən pulun yarıya qədəri Türkiyə və Rusiyaya gedir

Azərbaycana göndərilən pullarda olduğu kimi, Azərbaycandan digər ölkələrə göndərilən pulların məbləğinə görə də ilk iki yeri Rusiya və Türkiyə tutur. Amma Azərbaycandan kənara göndərişlərin həcminə görə birinci Rusiya yox, Türkiyədir. Bu il ərzində Azərbaycandan xarici ölkələrə toplam 402 milyon dollar göndərilib. Bu, ötən illə müqayisədə cəmi 20 milyon manat artım deməkdir. Həmin 402 milyon dolların 193 milyon dolları Türkiyə və Rusiyanın payına düşür.

Bu ilin ilk üç rübü ərzində pulköçürmə sistemləri ilə Azərbaycandan xaricə göndərilən pulların 26.8 faizi Türkiyəyə gedib. Növbəti yerləri Rusiya (21.2 faiz) və Gürcüstan (15.2 faiz) tutur.

Cədvəl: 2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycandan ən çox pul göndərilən ölkələr

Ölkə

Məbləğ (dollarla)

Ümumi göndərişlərdə payı

1

Türkiyə

107 milyon 624 min

26.8 faiz

2

Rusiya Federasiyası

85 milyon 462 min

21.2 faiz

3

Gürcüstan

61 milyon 57 min

15.2 faiz

4

Amerika Birləşmiş Ştatları

30 milyon 182 min

7.5 faiz

5

Ukrayna

18 milyon 293 min

4.5 faiz

6

Almaniya

16 milyon 517 min

4.1 faiz

7

Birləşmiş Krallıq

14 milyon 993 min

3.7 faiz

8

Koreya Respublikası

6 milyon 22 min

1.5 faiz

9

Kanada

4 milyon 722 min

1.2 faiz

10

Çin

3 milyon 522 min

0.9 faiz

Tədiyə balansı ilə bağlı göstəricilərdən aydın olur ki, bu ilin ilk 9 ayı ərzində ilkin gəlirlər balansının kəsir hissəsində artım qeydə alınıb. İlkin gəlirlər balansının kəsiri 800 milyon dollardan 1 milyard 65 milyon dollara yüksəlib. Bunun əsas səbəbi xarici neft-qaz şirkətlərinin ölkədən repatriasiya etdiyi vəsaitin artmasıdır. Həmin şirkətlər ötən il ölkədən 1 milyard 473 milyon dollar çıxarmışdısa, bu il həmin göstərici 1 milyard 927 milyon dollar olub. Düzdür, Azərbaycan rezidentlərinin xaricdən əldə etdiyi faiz və mənfəətin də həcmi artıb. Əgər ötən il Azərbaycana bu biçimdə 1 milyard 163 milyon dollar daxil olmuşdusa, bu il həmin göstərici 1 milyard 315 milyon dollar olub. Azərbaycana daxil olan belə vəsaitlərin əsas hissəsi birbaşa investisiyalardan və qiymətli kağızlar portfelindən gəlirlərdir. Bu vəsaitin də əsas hissəsi SOCAR və Dövlət Neft Fondu vasitəsi ilə ölkəyə gəlib.

Azərbaycana ən çox Böyük Britaniya investisiya yatırıb

Bu ilin 9 ayında Azərbaycan iqtisadiyyatına xaricdən birbaşa 3 milyard 665 milyon dollar investisiya cəlb edilib. Bu, ötən illə müqayisədə 274 milyon dollar daha çoxdur. Azərbaycana ən çox investisiya yatıran ölkə, hər zaman olduğu kimi, Böyük Britaniyadır. 2021-ci ildə Azərbaycana yatırılan xarici investisiyanın üçdə birindən də çox bölümü təkcə Böyük Britaniyanın payına düşüb (33.7 faiz). Türkiyə (14.5 faiz) və Amerika Birləşmiş Ştatları da (11.2 faiz) Azərbaycana yatırılan investisiyanın həcminə görə seçilir.

Cədvəl: 2021-ci ilin ilk üç rübü ərzində Azərbaycana ən çox investisiya yatıran ölkələr

Ölkə

İnvestisiya (dollarla)

Toplam yatırımda payı

1

Birləşmiş Krallıq

1 milyard 235 milyon

33.7

2

Türkiyə

530 milyon

14.5

3

Amerika Birləşmiş Ştatları

411 milyon

11.2

4

Malayziya

325 milyon

8.9

5

Kipr

231 milyon

6.3

6

Yaponiya

216 milyon

5.9

7

İran İslam Respublikası

209 milyon

5.7

8

Norveç

122 milyon

3.3

9

Gürcüstan

74 milyon

2.0

10

Birləşmiş Ərəb Əmirlikləri

48 milyon

1.3

Maraqlıdır ki, Azərbaycanın da ən çox investisiya yatırdığı ölkə elə Britaniyadır. 2021-ci ilin 9 ayı ərzində Azərbaycandan xarici ölkələrə toplam 501 milyon dollar birbaşa investisiya yatırılıb. Həmin vəsaitin beşdə biri, yəni 107 milyon dolları Böyük Britaniyaya gedib. Onu da qeyd etmək lazımdır ki, 2020-ci ilin ilk 9 ayında Azərbaycandan xarici ölkələrə yatırılan investisiyaların məbləği 877 milyon dollar, yəni indiki göstəricidən 376 milyon dollar daha çox olub. Ötən illə müqayisədə bu il Azərbaycandan Türkiyəyə 25 milyon dollar, Monteneqroya 78 milyon dollar, Rusiyaya 79 milyon dollar, Amerika Birləşmiş Ştatlarına isə 111 milyon dollardan daha az investisiya yatırılıb. Əvəzində Böyük Britaniyaya yatırılan vəsait 14 milyon dollar, Gürcüstana yatırılan investisiyalarsa 30 milyon dollara yaxın artıb.

Cədvəl: 2021-ci ilin ilk üç rübü ərzində Azərbaycandan ən çox investisiya yatırılan ölkələr

Ölkə

İnvestisiya (dollarla)

Toplam yatırımda payı

1

Birləşmiş Krallıq

107 milyon

21.3 faiz

2

Türkiyə

82 milyon

16.4 faiz

3

Gürcüstan

57.6 milyon

11.5 faiz

4

Amerika Birləşmiş Ştatları

57.2 milyon

11.4 faiz

5

Malta

46 milyon

9.1 faiz

6

Monteneqro

21 milyon

4.1 faiz

7

Rusiya Federasiyası

12 milyon

2.3 faiz

8

Almaniya

10 milyon

2.1 faiz

9

İsveçrə

9 milyon

1.9 faiz

10

Niderland

8 milyon

1.6 faiz

XS
SM
MD
LG