Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:47

Zelenski NATO-ya: 'Əgər biz açıq qapıdan keçə bilməriksə...'


Volodimir Zelenski
Volodimir Zelenski

Zelenski yada salıb ki, Rusiya bir neçə gün əvvəl Lvov vilayətində NATO sərhədinin 20 kilometrliyinə raket zərbəsi endirib

Ukrayna prezidenti Volodimir Zelenski martın 15-də deyib ki, onun ölkəsi, belə görünür, NATO-ya daxil ola bilməyəcək.

O Birgə Ekspedisiya Qüvvəsi ölkələri liderlərinin keçirdikləri müşavirəyə videobağlantı ilə müraciət edib:

“Aydındır ki, Ukrayna NATO üzvü deyildir. Biz bunu başa düşürük, biz adekvat adamlarıq. Biz illərlə guya açıq olan qapılar barədə eşitmişik. Amma bunu da eşitdik ki, biz ora daxil ola bilmərik. Bu həqiqətdir. Bunu etiraf etmək lazımdır”.

Zelenski əlavə edib ki, Ukrayna xalqı bunu anlamağa başlayır, özünə və ölkəyə kömək edən partnyorlara güvənir:

“Ukrayna indi NATO müqaviləsinin 5-ci maddəsinin işə salınmasına iddialı deyil. Biz həmişə bu barədə deyirik ki, bizim səmamızı şimal alyansının səması kimi qorumaq zəruridir. Lakin biz başa düşürük ki, həmişə bir “amma” var. NATO-nun Avropanın şərqində artıq ondan kömək istəyən üzvlərinə, əgər onların üstünə Rusiya raketləri və təyyarələri gəlsə necə olacaq?”

"Əgər biz açıq qapıdan keçə biməriksə..."

Zelenski yada salıb ki, Rusiya bir neçə gün əvvəl Lvov vilayətində NATO sərhədinin 20 kilometrliyinə raket zərbəsi endirib:

“5-ci maddənin işə düşməsi üçün belə bir inam olmalıdır ki, alyans reaksiya verməkdən qorxmayacaq, özünü 3-cü dünya müharibəsi ilə hipnoz etməyəcək. İndilik belə bir inam ola bilməz”.

Ukrayna prezidenti əlavə edib ki, Kiyev öz səmasını və adamlarını qoruya bilmək üçün yol da təklif edib:

“Biz əlimizdən gələni edirik ki, hava hücumundan müdafiə əldə edək. Əgər biz açıq qapıdan keçə bilmiriksə, elə birliklərlə əməkdaşlıq etməliyik ki, bizi müdafiə etsin və qarantiyalar versin”.

Müdafiə təşkilatı olan Birgə Ekspedisiya Qüvvəsinə (Joint Expeditionary Force) həm NATO üzvü olan, həm də olmayan ölkələr – Britaniya, Finlandiya, Danimarka, İslandiya, Latviya, Litva, Niderland, Norveç, İsveç və Estoniya daxildir.

Çexiya, Polşa və Sloveniya baş nazirləri Kiyevə gəldilər

Çex Respublikasının, Polşanın və Sloveniyanın baş nazirləri martın 15-də gözlənildiyi kimi Ukrayna paytaxtı Kiyevə gəliblər.

Onlar deyirlər ki, bu səfərdən məqsəd Rusiyanın təcavüzünə məruz qalmış Ukraynaya dəstək nümayiş etdirməkdir.

Polşanın baş naziri Mateuş Moraviyeski Facebook-da bu münasibətlə yazıb:

“Biz şərqdə baş verən bu faciəni mümkün qədər tez dayandırmalıyıq”.

Çexiyanın baş naziri Petr Fiala Twitter-də yazıb ki, o və həmkarları Ukrayna prezidenti Volodimir Zelenski və baş nazir Denis Şmıhalla görüşəcəklər:

"Bu səfərdən məqsəd Avropa İttifaqının Ukraynaya, onun müstəqillik və azadlığına yekdil dəstəyini nümayiş etdirməkdir”.

Fiala, Moraviyeski və Sloveniyanın baş naziri Yaneş Yansa bombardman altında olan Kiyevə qatarla gəliblər.

Müşahidəçilər bildirirlər ki, üç Aİ ölkəsi liderlərini paytaxtda qarşılamaq Volodimir Zelenski üçün daha bir rəmzi qələbədir.

O bütün təhlükə və çətinliklərə baxmayaraq Kiyevi tərk etməyib.

Kiyevdə 35 saatlıq komendant saatı elan edilir

Kiyevin meri Vitali Kliçko 35 saatlıq komendant saatı elan edib. Rusiya qüvvələrinin zərbələri gücləndirdiyi, paytaxta yaxınlaşdığı bir vaxtda mer “çətin və təhlükəli məqam”la bağlı xəbərdarlıq edib.

Komendant saatı bu gün axşam 8-dən başlayır. Kiyevdə yalnız xüsusi icazəylə hərəkət etmək olar.

“Bu gün çətin və təhlükəli məqamdır”, – o deyib.

“Buna görə də Kiyevdə olanlardan iki gün evdə qalmağı, həyəcan siqnalı verilərsə, sığınacaqları getməyi xahiş edirəm… Yalnız sığınacağa getmək üçün bayıra çıxmağa icazə verilir”, – o, sözlərinə əlavə edib.

***

Martın 15-də Çex Respublikası, Polşa və Sloveniyanın baş nazirləri Rusiyanın davam edən hücumu fonunda Ukraynaya “birmənalı” dəstək nümayişi üçün Kiyevə gedəcəklər.

Çex Respublikasının Baş naziri Petr Fiala tvitində yazıb ki, üç lider Ukrayna Prezidenti Volodimir Zelenski və Baş nazir Denis Şmihalla görüşəcəklər.

“Səfərin məqsədi Avropa İttifaqının Ukraynaya, onun azadlığı və müstəqilliyinə birmənalı dəstəyini ifadə etməkdir”, – Fiala yazıb.

***

Rusiya qüvvələrinin ötən gecə Kiyev ətrafına zərbələri gücləndirdiyi xəbər verilir. Mariupol liman şəhərini zəbt etmək cəhdləri də intensivləşir.

Rusiya qüvvələri Kiyevdə yaşayış məhəlləsini atəşə tutub, paytaxtın qərbində bir binada böyük yanğın baş verib. Azı iki nəfər həlak olub, 27 nəfər xilas edilib. Məlumatı Facebook-da Ukraynanın fövqəladə xidməti yayıb.

Kiyev ətrafında yerləşən İrpin, Qostomel, Buçaya ötən gecə zərbələr endirilib.

Mariupol şəhər şurasının məlumatına görə, martın 14-də şəhərdən humanitar dəhlizlə 160 mülki maşından ibarət karvanın çıxmasına icazə verilib.

***

Martın 15-də Rusiyanın Ukraynaya hücumunun 20-ci günüdür.

Bu gün səhər paytaxt Kiyevə bir neçə zərbə endirilib. Şahidlər şəhərin müxtəlif yerlərində partlayışlar olduğunu deyirlər. Xilasedicilərə üç rayondan siqnal gəldiyi bildirilir.

Ötən gecə ölkənin ikinci böyük şəhəri olan Xarkova çoxsaylı zərbələr endirilib.

Danışıqlar davam etməlidir

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov bir müddət öncə deyirdi ki, Kremldə Ukraynanın böyük şəhərlərini “nəzarətə götürməyi” istisna etmirlər.

Dünən axşam videoəlaqə ilə başlanmış Rusiya-Ukrayna danışıqları bu gün davam etməlidir.

Martın 14-də axşam yayılmış məlumata görə, Mariupol şəhərində Rusiyanın atəşindən 2357 nəfər həlak olub. Məlumatı şəhər şurası yayıb. Ancaq bu rəqəmə hərbi itkilərin daxil olub-olmadığı aydınlaşdırılmır.

Mariupol artıq iki həftədir blokada şəraitindədir. Şəhərdə telefon əlaqəsi, işıq, istilik, yemək, su çatışmır. Bir neçə dəfə şəhərdən humanitar dəhlizlərin açılması xəbərləri yayılsa da, çıxmağa çalışanlar yollarda atışmadan həlak olur.

Zelenskinin təşəkkürü

Ukrayna Prezidenti Volodimir Zelenski isə yeni müraciətində Rusiyanın “Birinci Kanal”ının əməkdaşına şəxsən təşəkkür edib. Telekanalın redaktoru Marina Ovsyannikova birbaşa efirə müharibəyə qarşı plakatla çıxıb. Plakatda “Müharibəni dayandırın! Propaqandaya inanmayın! Burda sizı yalan deyirlər!” sözləri yazılıb. Ovsyannikova saxlanıb, hazırda harada olduğu dəqiq bəlli deyil.

“OVD-İnfo” onun nə “Ostankino”da, nə də teleqüllənin növbətçi hissəsində olduğunu yazır.

2014-cü ildə Moskva Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu il fevralın 22-də isə Putin həmin separatçı qurumları tanıyıb, iki gün sonra Ukraynaya hücuma başlayıb.

Qərb Rusiyaya sərt maliyyə sanksiyaları tətbiq etməkdədir.

XS
SM
MD
LG