Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:27

Xersonda administrasiya binasından Rusiya bayrağı götürülüb


Xerson vilayətində administrasiya binasının üstündə Rusiya bayrağı yoxdur
Xerson vilayətində administrasiya binasının üstündə Rusiya bayrağı yoxdur

Moskvanın qanunsuz ilhaqını elan etdiyi Ukraynanın Xerson vilayətində administrasiya binasından Rusiya bayrağı çıxarılıb. AzadlıqRadiosunun rus xidməti yerli, eləcə də Rusiya mediasında belə görüntülərin yayıldığını yazır.

“Komsomolskaya pravda”nın müxbiri Aleksandr Kots da bayrağın çıxarıldığını təsdiqləyib. Onun sözlərinə görə, şəhərdə bir sıra digər binalarda Rusiya bayraqları qalır.

Ukraynanın hücumunu gözləyirlər

Rusiya hakimiyyəti bu xəbərləri hələlik, şərh etməyib. Ancaq Xersona Rusiyanın təyin etdiyi administrasiyanın başçı müavini Kiril Stremousov “Solovyov TV”nin efirində deyib ki, Rusiya qüvvələri Dneprin sol sahilinə çəkilə bilərlər. Bu isə Xerson şəhərinin təhvil verilməsi demək olar.

Stremousovun sözlərinə görə, Ukrayna qüvvələri yaxın iki həftə ərzində şəhərə hücum edə bilər.

Bundan öncə Rusiyanın Ukraynadakı qoşunlarının komandiri Sergey Surovikin vilayət mərkəzinin taleyilə bağlı “sadə olmayan qərarların” mümkünlüyündən danışıb. Xersonun mərkəzi Rusiya işğala başlayandan az sonra, martın əvvəlində tutulub.

Tədbirlər

Oktyabrın əvvəlində Ukrayna qüvvələri vilayətin şimalında bir sıra rayonları azad ediblər. Bundan cəmi bir neçə gün öncə – sentyabrın 30-da isə Rusiya Xerson daxil Ukraynanın dörd vilayətinin ilhaqını elan etmişdi. Kiyev və Qərb bu ilhaqı qeyri-legitim sayır.

Oktyabrın 18-də işğal hakimiyyəti Ukraynanın hücum təhlükəsi ilə əlaqədar Dneprin sağ sahilindən sakinləri sol sahilə köçürməyə başladığını elan edib. Ancaq son vaxtlara qədər Rusiya hakimiyyətinin təmsilçiləri Xersonun və sağ sahilin bütünlükdə təhvil verilməsinin mümkünlüyü haqda danışmırdılar. Xersondan hətta rus və sovet xadimlərinin heykəlləri, knyaz Qriqori Potyomkinin sümükləri çıxarılıb.

Bu günlərdə Xersonda Dnepr keçidinin də bağlandığı açıqlanıb.

XS
SM
MD
LG