Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:03

Ömər bağçadan gəldi, halı dəyişdi, 3 gün sonra…


Ömər Fətəliyev
Ömər Fətəliyev

-

«Uşağı xəstəxanaya yerləşdirən ilk gündə 1000 manat verdim. İki gün sonra maraqlandım, dedilər, xəstəxanaya 750 manat da borcumuz var. Dedim, günün sonunadək ödəyərik. Uşaq heç günün sonuna qalmadı».

«SAĞLAM UŞAQ İDİ»

Xəstəxanada dünyasını dəyişmiş 5 yaşlı Ömərin atası Famil Fətəliyev danışır ki, övladının ölümünə səbəb həkim səhlənkarlığı olub. Ömər həyatla mücadilədəykən həkimlər gedib-gəlib atadan xəstəxanaya ödəniş edib-etməyəcəyini soruşublar. Uşağın vəziyyəti haqqında isə məlumat verməyiblər.

Bəs Ömər xəstəxanaya niyə düşmüşdü? Ata deyir, hər şey qəfil baş verib:

«Sağlam uşaq idi. Hər şey gözlənilməz oldu. Martın 4-də bağçadan evə gəldi, normal idi, evdə bir az makaron yedi. 1-2 saatdan sonra qusmağa başladı. Uşaqda halsızlıq başladı, hərarəti artdı. Narahat olduq, Hövsandakı 16 saylı poliklinikaya apardıq. İynə vurdular, dedilər, «narahat olmayın, vəziyyəti normaldır»».

Öməri evə qaytarıblar. Ancaq vəziyyəti, həkimlərin dediyi kimi, heç də normal deyilmiş. İkigünlük halsızlıqdan sonra qusmalar davam edib. Təcili yardım çağrılıb və onu Əmircandakı uşaq xəstəxanasına götürüblər:

«VƏZİYYƏT ANBAAN AĞIRLAŞIRDI»

«Mədəsini zondla yudular. 1 saata yaxın xəstəxanada qalandan sonra 1 saylı Şəhər Kliniki Xəstəxanasına göndərdilər. Uşaqda hal qalmamışdı. Özümüz də təəccüb içindəydik ki, bu uşağın vəziyyəti qəflətən niyə dəyişdi... Xəstəxanada rentgen, USM etdilər. Dedilər, «heç bir problem yoxdur». Sonra da məsləhət gördülər ki, Ə.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasına aparaq».

Ə.Qarayev adına Uşaq Kliniki Xəstəxanasında Ömər komaya düşüb, həkimlər bildiriblər ki, uşağın mədəsində qanaxma baş verib. Ancaq valideynlər burada xəstə uşağa diqqət göstərilmədiyini görüb növbəti xəstəxana axtarışına çıxıblar:

«Həkimlər bir tərəfə, orada heç lazımi tibbi aparatlar da yox idi. Ona görə də Mərkəzi Kliniki Xəstəxanaya müraciət etdik. Dedilər ki, bura ödənişlidir. Reanimasiya şöbəsinin müvəqqəti işləmədiyini, ancaq palataya yerləşdirə biləcəklərini dedilər. Biz də razılaşmadıq ki, komada olan uşağı palatada necə saxlamaq olar... Elə Ə.Qarayev adına xəstəxananın həkimləri dedilər ki, Tibb Universitetinin xəstəxanası ilə danışaq. Həkim uşağı müayinə etdi, dedi, «uşaqda reaksiya var, Tibb Universitetinin xəstəxanasına köçürmək olar». Bizim narahatlığımız artmışdı, ümidlərimiz azalmışdı. Çünki vəziyyəti anbaan ağırlaşırdı, hərarət düşmürdü. Martın 7-də Öməri Tibb Universitetinin xəstəxanasına köçürtdük. Uşağı xəstəxanaya yerləşdirən ilk gündə 1000 manat verdim. İki gün sonra maraqlandım, dedilər, xəstəxanaya 750 manat da borcumuz var. Dedim, günün sonunadək ödəyərik. Uşaq heç günün sonuna qalmadı».

«DEDİLƏR, 400 MANAT BORCUNUZ QALIB»

Ataya təsir edən həm də odur ki, övladı dünyasını dəyişdikdən sonra ondan xəstəxananın borcunu ödəməsi tələb olunub:

«Təsəvvür edirsinizmi? 5 yaşlı övladımın ölüm xəbərini gətirən həkim bu xəbəri verəndən sonra deyir ki, «hələ xəstəxanaya 400 manat borcunuz qalıb ha… Onu da ödəmək lazımdır». Mən nə durumda, bunlar pul hayında».

Ata deyir, övladının ölüm səbəbi ona hələ də dəqiqliyi ilə bildirilməyib. Hər xəstəxana öz diaqnozunu qoyub:

Surxay Musayev
Surxay Musayev

«Vallah, bunlar həkim deyillər, həkim olsalar, sözü bir yerə qoyarlar. Biri dedi, «vərəmdir», o biri dedi, «pnevmoniyadır», biri dedi, «damar əzilməsidir», o biri dedi, «beyinə qan sızıb». Mənsə deyirəm ki, uşağın vəziyyəti mədəsinə zond salınandan sonra ağırlaşdı. Mədədə qanaxma baş verdi, qan laxtalanması oldu. Qarayev adına xəstəxanada da etiraf etdilər ki, uşağın mədəsində qanaxma var. Qanaxmanı kəsdilər, sonra da dedilər, mədədə qan laxtalanması qalıb. Halbuki, uşağımın mədəsində əvvəllər problem olmayıb».

«ZONDLA QİDALANDIRILIRMIŞ»

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev lent.az-a 5 yaşlı uşağın ölüm faktı ilə bağlı açıqlama verib. Bildirib ki, 5 yaşlı Hövsan sakini Ömər Fətəliyev martın 7-də axşam 8 radələrində Ə.Qarayev adına 2 saylı Bakı Şəhər Klinik Uşaq Xəstəxanasının reanimasiya şöbəsindən Tədris Terapevtik Klinikaya ağır vəziyyətdə köçürülüb:

«Uşaqda komatoz vəziyyət qeyd olunub, bəbəklərin işığa, bədənin ağrı qıcığına reaksiyası olmayıb. Uşaq demək olar ki, heç bir fizioloji reflekslərə cavab verməyib, hətta həkimlər tərəfindən zondla qidalandırılırmış... Uşaq reanimasiya şöbəsinə yerləşdirilən zaman onun vəziyyətinin ağırlaşdığı və yaşama şansının çox aşağı olduğu haqda valideynlərinə məlumat verildi. Buna baxmayaraq, valideynləri uşağın klinikaya qəbul olunmasını xahiş etdilər. Klinikada həkimlər tərəfindən bütün intensiv reanimasiya tədbirləri görüldü, təcili müayinələr aparıldı. Amma buna baxmayaraq, ayın 9-da saat 7 radələrində uşaq həyatını itirdi».

«QALIQ BORC ONLARDAN ALINMAYIB»

Direktor deyib ki, klinikada olduğu iki gün müddətində uşağa plevrit və pnevmoniya, sepsis diaqnozu qoyulub. Həmçinin uşaqda qaraciyər, ağciyər və ürək çatışmazlığı aşkar edilib.

Valideynin pul tələbiylə bağlı dediklərinə gəlincə: «Uşaq bizim klinikaya köçürülməzdən əvvəl valideynlərə klinikanın Nazirlər Kabinetinin 1 dekabr 2010-cu il tarixli 361S saylı sərəncamına əsasən, özünümaliyyələşdirmə prinsipi ilə (təsərrüfat hesablı olduğu) fəaliyyət göstərdiyi bildirilib. Valideynlər bu barədə heç bir problem olmadığını qeyd edərək, müvafiq müqavilə imzalayıblar».

Direktorun sözlərinə görə, uşağın ölümündən sonra valideynlərin xəstəxanaya qalan borcları onlardan alınmayıb və klinikanın daxili imkanları hesabına ödənilib.

Balaca Ömərin ölümündə həkim səhlənkarlığı varmı? Bundan gerisini hüquq-mühafizə orqanları araşdıracaq.

XS
SM
MD
LG