Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:54

""Cənnət" həyatımızı cəhənnəmə çevirib"


►"2 min manat pul vermişik, "çəkdikləri" qaza bax"

“Neçə ildir binaya köçmüşük, qaz yoxdur. Dəfələrlə yığışıb getmişik MTK sahibinin yanına ki, “a kişi, pul verib mənzil almışıq, qışda soyuqdan donuruq. Bu qazı binaya nə vaxt buraxacaqlar?” Nəhayət, dedi, “pul verin, qaz məsələsini həll edək”. Biz də təqribən 1 il əvvəl pul yığdıq. Daha doğrusu, MTK işçiləri gəlib hər mənzildən 2 min manatdan yığıb getdilər. Dedilər, “tezliklə sizi sevindirərik””.

Bunu “Cənnət” MTK-nın Xətai rayonu, General Şıxlinski 42 ünvanda inşa etdiyi binadan mənzil almış yüzlərlə payçılardan biri Əsgər Əsgərov deyir.

Buna da bax: Azərbaycan avropalıların səfərini təxirə saldı

“MƏŞƏDİ, 1000 MANAT DA VER...”

Bina sakini Nəzakət Əsədova:

“Qazın olmaması səbəbindən elektrikdən istifadə etmək məcburiyyətində qalırıq. Qış gələndə vəziyyət daha da ağırlaşır. Qazancımızın yarısı işıqpuluna gedir. Halbuki keçən il 2 min manat pul vermişik ki, mənzillərimizə qaz verilsin”.

Sakinlər ötən il evlərin qazla təmin olunması üçün MTK rəhbərinə 2 min manat verdiklərini iddia edirlər. Ancaq sonradan həmin vəsaitə yalnız qaz sayğacı alındığını biləndə narazılıq yaranıb.

Nəzakət Əsədova:

“MTK sahibi məsələni belə həll etməyi təklif etdi ki, “biz əlavə 1000 manat da ödəyək, qaz da verilsin”. Bizsə razılaşmadıq. Bu, artıq soyğunçuluq deməkdir. Düşünürlər ki, mənzillərin pulunu tam ödəmişik, köçmüşük, binanın sakininə çevrilmişik, oturuşmuşuq, indi nə istəsələr, verəcəyik ki, təki rahatlığımız təmin olunsun. Ancaq belə deyil. Hətta biz keçən il verdiyimiz 2 min manatı da geri tələb edirik. Çünki vədlərinə əməl etmədilər. Bir sözlə, adı “Cənnət”dir, özü isə yüzlərlə payçının həyatını cəhənnəmə çeviriblər”.

Sakinlərin başqa tələbləri isə illərdir ki, yaşadıqları mənzillərə mülkiyyət sənədlərinin verilməməsi ilə bağlıdır.

Buna da bax: Nazarbayev qızını baş nazirin müavini qoydu

BİNA QƏBUL OLUNMAYIB

Xətai rayon Qaz İdarəsindən deyilənə görə, sözügedən bina Dövlət Qəbul Komissiyası tərəfindən qəbul olunmadığı üçün binaya təbii qazın nəqli mümkün deyil.

Payçıları isə bir şey maraqlandırır: Əgər bina müvafiq komissiya tərəfindən istifadə üçün təsdiqlənməyibsə, nəyə görə hər ay onlardan kommunal xərc kimi mənzilin hər kvadratmetri üçün 40 qəpik yığılır?

MTK-dan isə təqsiri elə sakinlərdə görürlər. Bildirirlər ki, 10 il əvvəl inşa edilmiş 12 mərtəbəli binaya qazın nəqlinin baş tutmamasına səbəb sakinlərin binada özbaşına apardıqları arxitektur dəyişikliklərdir. MTK-dan tezliklə payçılara mülkiyyət sənədlərinin paylanacağını da bildiriblər.

Sakinlərsə deyir, “səbir kasası” çoxdan daşıb. Onlar MTK rəhbərliyindən hüquq-mühafizə orqanlarına şikayət ediblər.

XS
SM
MD
LG